“Su ehtiyatlarımız məhduddur“

15:15 12.10.2011
Yazını böyüt
Yazını kiçilt

Anar Cəbrayıllı: “Amma adambaşına düşən suyun miqdarına görə Azərbaycan dünyanın bir çox ölkələrindən irəlidədir“

“Azərsu“ ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllıdan aldığımız məlumata görə, Azərbaycan ərazisində içməyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanıb. Hazırda ölkənin yerüstü su ehtiyatları 30-31 kubkm təşkil edir. Quraq illərdə isə bu ehtiyat 20,3 kubkm-ə qədər azalır: “Su ehtiyatlarının 70-72 faizi ölkə hüdudlarından kənarda formalaşır. Yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Ölkə ərazisindəki irili-xırdalı 8359 çaydan yalnız 171-nin uzunluğu 25 km-dən artıqdır. 327 çayın uzunluğu 25, 7861 çayın uzunluğu isə 10 km-dən azdır. Azərbaycanın yerüstü su ehtiyatlarının 19-20,6 kubkm-i transsərhəd çayların, 9,5-10 kubkm-i isə yerli çay axımı hesabına formalaşır. Samur çayı istisna olmaqla birbaşa Xəzər dənizinə tökülən çayların illik su ehtiyatı 2,2-2,5 kubkm təşkil edir ki, bunun da 1-1,1 kubkm-i Böyük Qafqazın şimal-şərq yamacından, 1,2-1,4 kubkm-i Lənkəran təbii vilayətindən axan çayların payına düşür. Kür çayının hövzəsinə daxil olan sağ və sol qolların ümumi su ehtiyatı 7,5-7,8 kubkm təşkil edir“.
Həmsöhbətimiz vurğuladı ki, respublikanın əsas su arteriyaları olan Kür və Araz çayları ölkə ərazisinə daxil olana qədər artıq müxtəlif kimyəvi element və birləşmələrlə, üzvi maddələrlə çirklənməyə məruz qalır. Sərhəd xətlərində bu çayların sularında neft məhsulları, fenollar, mis, bismut, titan, manqan və digər elementlər yol verilən qatılıq həddindən dəfələrlə artıqdır: “Çirklənmə dərəcəsinə görə Ermənistan ərazisindən Azərbaycana daxil olan Araz çayının suları digər çaylardan kəskin surətdə fərqlənir. Çay suları ölkə ərazisində də müxtəlif mənşəli çirklənmələrə məruz qalırlar“.
Onun dediyinə görə, Azərbaycanda çayların yerüstü axını hidroloji ildən və mövsümlərdən asılı olaraq kəskin surətdə dəyişir. Bu dəyişkənlikdən asılılığı azaltmaq və il ərzində istifadə oluna biləcək etibarlı su mənbələrinə malik olmaq məqsədilə bir sıra çaylar üzərində su anbarları yaradılıb: “Respublikamızda 140-a qədər müxtəlif ölçüdə su anbarı var. Bunların ən böyükləri Kür çayı üzərində Mingəçevir (həcmi 16 milyard kubmetr), Şəmkir (həcmi 2,6 milyard kubmetr), Araz çayı üzərində Araz (həcmi 1,3 milyard kubmetr), Tərtər çayı üzərində Sərsəng (həcmi 0,5 milyard kubmetr) su anbarlarıdır.
Su anbarlarının ümumi sahəsi 87 min hektar, suyunun həcmi isə 22 kubkm-ə yaxındır. Bundan başqa, Azərbaycan ərazisində ümumi sahəsi 394 kvadratkm olan 450-yə yaxın göl mövcuddur ki, bunlardan da 200-ə yaxını yay aylarında quruyur: “Göllərin ümumi su ehtiyatı 0,9 kubkm-ə, şirinsulu göllərin ehtiyatı isə 0,03-0,05 kubkm-ə yaxındır“.
Respublikanın istifadəyə yararlı yeraltı sularının illik istismar ehtiyatları 9 milyard kubmetrə yaxındır. Yeraltı suların əsas ehtiyatları Samur-Dəvəçi, Şəki-Zaqatala, Gəncə-Qazax, Mil-Qarabağ, Cəbrayıl, Naxçıvan dağətəyi düzənliklərində toplanıb. Bu ehtiyatlar 60 faizə qədəri yalnız Samur-Dəvəçi, Şəki-Zaqatala və Gəncə-Qazax dağətəyi düzənliklərinin ərazisində yerləşir. Geoloji kəsilişdə yüksək sukeçiricilik xüsusiyyətlərinə malik çaqıl-çınqıl və qumlu süxurların üstünlük təşkil etməsi, çay şəbəkəsinin yaxşı inkişaf etməsi, yağıntıların çoxluğu bu ərazilərdə yeraltı suların qidalanması üçün əlverişli şərait yaradıb: “Dağətəyi bölgələr içərisində Ceyrançöl və Acınohur düzənlikləri yeraltı suların ehtiyatlarının çox məhdudluğu və nisbətən yüksək minerallaşma dərəcələri ilə səciyyələnirlər. Şamaxı-Qobustan ərazisi bir qədər müsbət şəraitlə fərqlənir. Böyük və Kiçik Qafqazın, Talışın dağlıq hissələrində yüksək keyfiyyətli yeraltı sular əsasən tektonik çatlarla əlaqəli olaraq bulaqlar şəklində təzahür edir. Yamacların ətəklərində, dərələrdə rast gəlinən bulaqların sərfı adətən 5-10 1/s arasında dəyişir. Sərfı 60-100 1/s-ə çatan güclü bulaqlar əsasən əhəngdaşı süxurlarındakı karstlarla əlaqədar olurlar. Dağ çaylarının yataqaltı süxurlarında maksimal gündəlik sərfı 40-60 min kubm olan yeraltı sular da geniş intişar tapıb“.

“Son 70 ildə dağ zirvələrindəki buzlaqların sahəsi xeyli azalıb“

Azərbaycan ərazisində buzlaqlar əsasən Böyük Qafqaz dağlarının Baş Suayrıcında və Yan silsilədə mütləq yüksəkliyi 3600-4000 metrdən artıq olan ərazilərdə formalaşıb. Son 70 ildə dağ zirvələrindəki buzlaqların sahəsi xeyli azalıb: “Hazırda buzlaqların sahəsi təqribən 6,6 kvadratkm, su ehtiyatı isə 0,08 kubkm təşkil edir. Buzlaqlar Bazardüzü zirvəsində 3,6, Bazaryurdda 1, Tufandağda 0,5, Şahdağda isə 1,1 kvadratkm sahəni əhatə edir. Kiçik Qafqazda yalnız Qapıcıq dağında sahəsi 0,15 kvadratkm olan buzlaq mövcuddur. Buzlaqlar çayların qidalanmasında və illik su ehtiyatlarının tənzimlənməsində mühüm rol oynayır“.
A.Cəbrayıllı onu da vurğuladı ki, respublika ərazisində su ehtiyatlarının məhdudluğuna baxmayaraq, adambaşına düşən suyun miqdarına görə Azərbaycan dünyanın bir çox ölkələrindən irəlidədir: “Bu ehtiyatlardan qənaətlə istifadə edilməsi, suların çirklənməsinə yol verilməməsi hər kəsin ümdə vəzifəsidir“.
Təbriz Vəfalı