MSK seçkiqabağı təşviqatla bağlı əsas prinsiplərə aydınlıq gətirib

18:54 16.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Seçkiqabağı təşviqat passiv seçki hüququ subyektlərinin öz seçkiqabağı platformalarını elan etmələri, həmçinin seçicilərlə təmaslarının müəyyən edilməsi ilə əlaqədar səciyyələnən bir dövrdür”.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Qabil Orucov bildirib.

Q. Orucov deyib ki, seçkiqabağı təşviqat bir neçə üsulla aparılır: “Bunların içərisində ən mühüm üsullardan biri KİV-lərlə seçkiqabağı təşviqatın reallaşdırılmasıdır və bu, daha populyardır. Seçkiqabağı təşviqat həm ödənişli, həm də ödənişsiz əsaslarla həyata keçirilir. Seçkiqabağı təşviqat ödənişsiz əsaslarla qanunvericiliklə müəyyən edilmiş vəzifələri özündə ehtiva edir. Seçkiqabağı təşviqatın ödənişsiz əsaslarla həyata keçirilməsi bir qayda olaraq istər ictimai teleradio təşkilatlarına, istərsə də dövlət büdcəsindən maliyyələşən və təsisçiləri dövlət idarələri, təsisatları olan dövrü nəşrlərə münasibətdə qanunla onlara müəyyən olunmuş vəzifədir. Seçki qanunvericiliyinə əsasən, seçki dairələri üzrə 60-dan çox namizədi qeydə alınmış siyasi partiyalara münasibətdə ödənişsiz efir vaxtı hüququnun verilməsi müəyyən olunub. Proses əsas etibarilə qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycanın bütün ərazisində, yarısından çoxunda yayımlanan teleradio təşkilatları vasitəsi ilə aparılır. Azərbaycanda bu funksiyanı İctimai Televiziya və Radio Yayımları Şirkəti həyata keçirir. Bəzən sual doğur ki, Milli Məclisə keçirilən seçkilərdə nə üçün namizədlərə münasibətdə deyil, partiyalara münasibətdə ödənişsiz efir hüququ müəyyənləşir? Bu, qanunvericiliyin namizədlərin bərabərlik statusunun təmin olunmasına yönəlik bir göstərişidir. Çoxluğun müəyyənləşdiyi sistemdə bu halın reallaşdırılması qanunvericiliklə müəyyən olunmuş qaydada məqbul hesab edilir. Amma namizədlərə münasibətdə də seçki qanunvericiliyi pulsuz efir vaxtını müəyyən edir. Bu, qanunvericiliklə ictimai teleradio təşkilatlarına münasibətdə Azərbaycan ərazisinin  yarısından azında yayımlanan yerli qurumları vasitəsi ilə təmin edilir. Yəni müvafiq seçki dairələri üzrə qeydə alınmış namizədlər seçki qanunvericiliyinin verdiyi həmin imkan çərçivəsində bundan istifadə edə bilərlər. Təbii ki, həmin ictimai teleradio təşkilatlarının yerli bölmələri varsa, namizədlər tərəfindən bu hüquq reallaşdırıla bilər”.

Q. Orucov qeyd edib ki, seçkiqabağı  təşviqatın KİV-lərdə aparılması teleradio təşkilatları və dövrü nəşrlərə münasibətdə ayrı normalarla müəyyən olunub: “Teleradio təşkilatlarına münasibətdə yalnız ictimai teleradio təşkilatları vasitəsi ilə pulsuz efir vaxtı ayrılır. Ödənişli efir vaxtının verilməsi hüququ isə özəl teleradio təşkilatlarına, həmçinin pulsuz efir vaxtının verilməsində iştirak edən ictimai teleradio təşkilatlarına münasibətdə də tanınır. Bəzən səhvən bu, dövlətə məxsus dövrü nəşrlərə də şamil olunur. Yalnız dövlətə məxsus teleradio təşkilatlarında hər hansı seçkiqabağı təşviqatın aparılması qadağan edilir. Amma təsisçisi dövlət müəssisəsi olan, dövlət büdcəsindən maliyyələşən dövrü nəşrlər vasitəsi ilə seçkiqabağı təşviqat ödənişli və ödənişsiz əsasda aparıla bilər”.

Oxunma sayı 206
Siyasət rubrikasından digər xəbərlər