Mübahisəli “Zod” qızıl yatağı - ARAŞDIRMA  

18:13 30.11.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu mədənin əsl sahibi kimdir?

Azərbaycan Ordusu uğurlu hərbi əməliyyatlar nəticəsində torpaqlarımızı düşmən işğalından azad etməklə həm də milli sərvətlərimizi özümüzə qaytarmış oldu. Məsələn, işğal olunmuş Zəngilan rayonunun Vejnəli kəndində Azərbaycanın ən böyük qızıl yataqlarından biri yerləşirdi.

Həmin ərazi işğaldan azad olunana qədər Ermənistan tərəfindən üçüncü ölkələrin fiziki və hüquqi şəxsləri cəlb edilməklə qanunsuz olaraq Azərbaycanın qızıl yataqlarının istismarı aparılırdı. Belə ki, qızıl resursları Ermənistana gətirilir, Ermənistanda müəyyən saflaşdırma mərhələsindən keçdikdən sonra üçüncü ölkələrin bazarlarına çıxarılaraq, orada satışı həyata keçirilirdi. Bu prosesdə üçüncü ölkənin “GeoProMining” şirkəti var idi, həmçinin də İsveçrə vətəndaşı olan Vardan Sirmax adlı şəxs cəlb olunmuşdu. Məlumat üçün bildirək ki, V. Sirmax dünyada brend saatlar hesab olunan “Franc Muller” saatlarının istehsalçısıdır. Vejnəlidə, o cümlədən Kəlbəcərdə çıxarılan qızıllar həmin “Franc Muller” saatlarının işləmələrində istifadə olunurdu.

Noyabrın 25-də erməni hərbi birləşmələri işğal altındakı Kəlbəcər rayonundan çıxarılandan dərhal sonra isə Ermənistan mətbuatı  Azərbaycan hərbiçilərinin Söyüdlü (Zod) qızıl yatağının ərazisinə zorla daxil olduğu barədə məlumatları tirajlamağa başladılar. Əslində ikinci Qarabağ müharibəsinin nəticələrinə əsasən Kəlbəcər rayonu ərazisindən çıxan Ermənistan qoşunları bu yatağı tam ələ keçirməyə çalışaraq noyabrın 25-də sərhədi 1,5 km irəli çəkmiş, yolda "sərhəd darvazası" quraşdırmışdı. Azərbaycan hərbiçiləri isə Kəlbəcərə daxil olduqdan sonra həmin “darvaza”nı ləğv etmişdilər. Hazırda Zodda Azərbaycan Ordusunun 3, Ermənistanın 1 postu var. Azərbaycan, Rusiya və Ermənistanın nümayəndələri GPS vasitəsilə dövlət sərhədinin Zoddan keçən hissəsini müəyyənləşdirirlər.

Qeyd edək ki, Söyüdlü – Zod qızıl yatağı — Azərbaycanın Kəlbəcər rayonu ərazisində yerləşir. Söyüdlü – Zod qızıl mədəni tarixə uzun əsrlərdir məlumdur. Zod qızıl yatağının istismarı eramızın III minilliyinə təsadüf edir. Söyüdlü sahəsində 1970 – 80 ci illərdə aparılan geoloji kəşfiyyat işləri vaxtı qədim dağ qazmaları, mağaralar, quyular, qədim süxur çöküntüləri və qədim filiz qırıntılarından ibarət ayrı-ayrı təpəciklər və qızıl istehsal edən alətlər onu sübut edir ki, insanlar 4-5 min il əvvəl buralarda qızıl istehsal ediblər. Zar kəndi isə tarixdə “Şəhrizər”, yəni qızıl şəhəri adı ilə məşhur olub.

Erməni saxtakarlığı

Zod yatağı - Azərbaycan Respublikasının Kəlbəcər və Ermənistan Respublikasının Basarkeçər (Vardenis) rayonlarının sərhəddində yerləşir. Ümumi ərazisinin 70 faizi Azərbaycanın Kəlbəcər, 30 faizi isə Ermənistanın Vardenis rayonunun ərazisində idi. Yataq 1951-ci ildə «Qafqazqızılkəşfiyyat» İdarəsi tərəfindən aşkar olunmuş, yatağın əksər hissəsinin Kəlbəcər rayonu ərazisində yerləşməsinə baxmayaraq naməlum səbəblərə görə kəşfiyyat işləri Ermənistan SSRİ Geologiya İdarəsi və Ermənistan Əlvan Metallurgiya İdarəsi tərəfindən aparılmışdır.

Yatağın 23 filiz damarından cəmi 7-nin Ermənistan ərazisində yerləşməsinə baxmayaraq keçmiş SSRI Nazirlər Soveti yanında fəaliyyət göstərən Dövlət Ehtiyatlar Komissiyasında ermənilər tərəfindən təqdim edilmiş geoloji materiallarda və xəritələrdə bilərəkdən saxtakarlığa yol verilmiş, Zod yatağının bütövlükdə Ermənistana aid olması qəbul edilmişdir. Yatağın istismarına 1976-cı ildən başlanılıb. Amma 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bu yataqda işlər dayandırılıb. 1997-ci il avqustun 20-də Azərbaycan hökuməti onu "RV Investment" şirkəti ilə imzaladığı ilk uzunmüddətli beynəlxalq qızıl müqaviləsinə daxil edib. Amma Ermənistanın 1992-ci ildə Kəlbəcər rayonunu işğal etməsi ilə əlaqədar həmin şirkətin bu yatağa çıxışı olmayıb. Ermənistan isə 2007-ci ildən 2020-ci ilə qədər istismar işlərini GeoProMining şirkətinə həvalə edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında bildirilir ki, işğal altında qalmış Kəlbəcər rayonunun təbii sərvətləri Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları 27 il Ermənistan respublikasının işğalçı rejimi tərəfindən talan edilmişdir. Hələ bir neçə il əvvəl Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti Nazirlər Komitəsinə müraciət edərək işğal altındakı ərazilərdə sərvətlərin talanması məsələsinə diqqət yetirilməsini istəyib. Müraciətdə qeyd edilib ki, hələ 1990-1991-ci illərdə dövlət komissiyasının araşdırmaları nəticəsində Kəlbəcərdə üç yataqda təxminən 140 ton qızıl ehtiyatı olduğu üzə çıxıb.

“Zod”un istismarcısı Ermənistanın ən böyük vergi ödəyicilərindən olub

Yeri gəlmişkən, Ermənistanın baş naziri canlı yayım vasitəsilə xalqa müraciətində “Zod” yatağı ilə bağlı yaranmış mübahisəyə toxunaraq bəyan edib ki, Azərbaycanın Kəlbəcər rayonu ilə Ermənistanın Vardenis (Basarkeçər) rayonu arasındakı sərhəd xətti SSRİ zamanındakı sərhəd xəttinə əsasən müəyyən olunacaq.

Məlumat üçün onu da bildirək ki, “Zod” qızıl mədəni Ermənistan iqtisadiyyatında böyük paya sahib olub. Açıqlanan rəsmi məlumatlardan görünən odur ki, ötən il “Zod” qızıl mədənini istismar edən Rusiyanın "GeoProMining Gold" şirkəti Ermənistanın ən böyük 4-cü vergi ödəyicisi olub. 2019-cu ildə "GeoProMining Gold" şirkəti dövlət büdcəsinə 16 milyard dram (32 milyon dollar) vergi ödəyib. Bu ilin oktyabr ayında açıqlanan məlumata görə, “Zod” qızıl mədənində 1654 nəfər işçi işləyir. Rəqəmlərdən də göründüyü kimi, mədən ərazisinin dörddə-üç hissəsinin Azərbaycanın nəzarətinə keçməsi Ermənistan iqtisadiyyatı üçün böyük itki olacaq.
Onu da deyək ki, “Zod” qızıl mədəni əsasən qızıl və gümüş ehtiyatlarına malikdir. Mədəndə çıxarılan 1 ton filizin tərkibində minimum 0,8 qram qızıl var. Ermənistan tərəfinin açıqladığı sonuncu məlumatda qeyd olunur ki, “Zod” qızıl mədəninin yenidən qiymətləndirilmiş ehtiyatları 31 min 141 ton filizdir ki, bunun da 133,5 tonu qızıl və 175,6 tonu gümüşdür. “Zod” qızıl mədəni 2018-ci ildə 162 milyon dollara İsveçrəyə 4 min 518 kiloqram qızıl ixrac edib.  

Ermənilər “Zod”u əldən verməmək üçün yeni “oyun”lar qurmağa çalışırlar

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Xidmətinin rəisi Əli Əliyev mətbuata açıqlamasında yataqla bağlı bir çox məqamlara aydınlıq gətirib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasındakı dövlət sərhədi SSRİ vaxtında keçən xətlə bölündüyü təqdirdə "Zod-Söyüdlü qızıl mədəninin 74faizi Azərbaycanın Kəlbəcər rayonu ərazisində, qalanı Ermənistanda qalacaq: "Bu yataqda aşqar azdır, qızıl tərkibi çoxdur. Onu istismar etmək asandır. Qafqazın bu ən böyük yatağının tərkibində qızıl az olan hissəsi Ermənistanda yerləşir. Bunu bilən erməni biznesmenlər Kəlbəcər rayonunun işğalından istifadə ediblər və intensiv olaraq məhz zəngin Azərbaycan hissəsində, böyük sahədə işləyiblər, bizim zonadan mümkün qədər çox filiz çıxarmağa çalışıblar. Ermənilər yatağın bizə məxsus olan hissəsini məhv etməyə çalışıblar ki, bizə heç nə qalmasın. Amma əminəm ki, 27 illik işğaldan və vəhşicəsinə mənimsənildikdən sonra da Söyüdlü yatağı boş deyil. Biz yaxın aylarda bu zonanın monitorinqinə, ziyanın qiymətləndirilməsinə başlayacağıq”.

Nazirlik rəsmisi bildirib ki, adıçəkilən yatağın istismarı perspektivlərinin müəyyən texnoloji və digər spesifik məqamları var: "Bizim son illər "Zod” ("Sot”) yatağında operator olan Rusiya şirkəti ilə əlaqəmiz olmayıb. Noyabrın 25-dən etibarən Azərbaycan yatağın əsas hissəsi üzərində hüquqlarını özünə qaytarır”.

Əli Əliyevin sözlərinə görə, noyabrın 27-də nazirlikdə digər qızıl yatağı – Azərbaycanın Zəngilan rayonunda yerləşən Veynəli ilə bağlı müzakirələr aparılıb:

"Biz onunla bağlı bütün məsələləri qaldırmışıq və artıq yaxın günlərdə onun vəziyyətinin monitorinqinə və qiymətləndirilməsinə başlayacağıq".

Ağdərə (Tərtər rayonunun ərazisi) yaxınlığındakı "Qızılbulaq” yatağına gəlincə, nazirlik nümayəndəsinin sözlərinə görə, Tərtər rayonunun qalan hissəsi azad edildikdən sonra o da Azərbaycanın yurisdiksiyasına düşür: "Bu üç yataq – Söyüdlü, Veynəli və Qızılbulaq 1997-ci ilin avqustunda RV İnvestment-lə imzalanmış PSA müqaviləsinə daxildir. Biz özümüz ilkin monitorinq və qiymətləndirmə apardıqdan sonra bu şirkətin mütəxəssislərini  bu yataqların vəziyyətinin qiymətləndirilməsinə cəlb edəcəyik. Azərbaycan prezidentinin sərəncamı ilə yaradılmış azad edilmiş ərazilərdəki aktivlərin qiymətləndirilməsi üzrə komissiya fəal işə başlayıb və biz onun işinin, o cümlədən filiz yataqları ilə bağlı işinin nəticələrini daha sonra bölüşəcəyik”.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvu İslam Mustafayev də bizimlə söhbətində deyib ki, SSRİ dövründə həmin ərazilərin boyük hissəsi Azərbaycana məxsus olub. Lakin ermənilər bunu qəbul etmək istəmirlər:

“Görünür onlar bu yatağın əldən gedəcəyi üçün yeni oyunlar qurmağa çalışırlar. Amma SSRİ dövründə də həmin ərazinin böyük hissəsi Azərbaycana məxsus olub. Bunu onlar da çox yaxşı bilir, ona görə narahatdırlar və “Zod”u əldən verməmək üçün də yeni oyunlar qurmağa çalışırlar”.

Oxunma sayı 522