Azərbaycanın müstəqilliyi Rumıniyada qeyd olunub

15:15 07.10.2011
Yazını böyüt
Yazını kiçilt
AzƏrbaycanın Rumıniyadakı səfirliyi dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar Rumıniya Müsəlman Tatar Türklərinin Demokratik Birliyi ilə birgə Konstansa şəhərində “Azərbaycan: tarix, coğrafiya, iqtisadiyyat və mədəniyyət“ mövzusunda simpozium keçirib. Səfirlikdən verilən xəbərə görə, tədbirdə giriş sözü ilə çıxış edən Rumıniya Müsəlman Tatar Türklərinin Demokratik Birliyinin sədri Əhməd Varol Azərbaycanın Rumıniya və burada yaşayan türk-tatar azlığı üçün dost-qardaş ölkə olduğunu deyərək Azərbaycan dövlətinin və səfirliyin indiyə qədər Rumıniyadakı türk-tatar icmalarının dil və mədəniyyətlərinin inkişafı üçün yardımlarını əsirgəmədiyini iştirakçıların nəzərinə çatdırıb. Buna misal olaraq, o, Azərbaycan dövlətinin Krım tatar mənşəli böyük türkoloq, dilçi professor Bəkir Çobanzadənin xatirəsinin Rumıniyada əbədiləşdirilməsi üçün gördüyü işləri, Rumıniya türk-tatar icmalarının həyatında əlamətdar hadisə olan və hər il keçirilən ənənəvi Türk-Tatar Xalq Geyim, Rəqs və Mahnı Festivalına verdiyi maddi və mənəvi dəstəyi qeyd edərək Azərbaycan xalqına və dövlətinə təşəkkürünü bildirib.