“Müharibə Azərbaycanın qələbəsi ilə başa çatacaq”

16:37 29.09.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Artıq üç gündür Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi üçün əməliyyatlar aparılır. Əlbəttə, Ermənistan tərəfi xaricdən açıq dəstək ala bilməsə də, suda batan çöpdən yapışar deyiminə uyğun olaraq bütün vasitələrlə Azərbaycan ordusuna müqavimət göstərib, işğalçılıq nəfsinin doymadığını göstərir. Gücünün aşkar şəkildə yetmədiyini görüb, Türkiyəni şərləməyə çalışır. Guya ki, azərbaycan ordusu türkiyənin müasir F-16 qırıcıları, SİHA-ları ilə vurur erməni qəsbkarları. Amma təbii ki, onlara inanan yoxdur, çünki ən azından Azərbaycan da daxil olmaqla, əski Sovet respublikalarının əlində hansı silah və texniki vasitənin olduğunu Rusiyada çox yaxşı bilirlər.

Bu prizmadan yanaşsaq, müharibəyə dünyanın fərqli siyasi liderlərinin yanaşmaları da diqqət çəkir. ABŞ prezidenti verilən suala cavab olaraq “xəbərim var, baxaq görək necə olacaq”, Rusiya prezidenti Vladimir Putinin sözçüsü Peskov “Hələlik prosesə müdaxilə etmək fikrimiz yoxdur” dedi, digərləri isə sadəcə narahatlıq keçirdikləri bildirməklə kifayətləndilər. Hansı ki, eyni günlərdə Türkiyə, Ukrayna, Pakistan, İraq kimi ölkələr Azərbaycana açıq və birmənalı dəstək ifadə etdilər. Hətta Türkiyə və Pakistan bütün ordusu ilə Azərbaycanın yanında olduqlarını açıqladılar. Baxmayarq ki, düşdüyü vəziyyət Azərbaycandan ikiqat ağır, iki muxtar qurumunun işğal altında olduğu Gürcüstan, əhalisinin yarısı azərbaycanlılardan ibarət olan, şiə və müsəlman birliyini əsas gətirərək dost, qardaş deyən İran, islam dünyasının mənəvi mərkəzi olan Səudiyyə Ərəbistanı, Qazaxıstan, Qırğızstan, Özbəkistan və Türkmənistan kimi türk dövlətləri öz torpaqlarını işğaldan azad etməkdə olan Azərbaycana açıq dəstək verməyiblər. Nədənsə bu ölkələr də müharibənin dayandırılmasını, yenidən 30 il danışıq aparmağı təklif edirlər, heç biri Ermənistana “Azərbaycan torpaqlarından rədd ol” demədilər.

Ümumiyyətlə, Ermənistanın Azərbaycana qarşı işğalçı mövqeyi, onun Cənubi Qafqazda atdığı addımların, eləcə də arxasında dayanan qüvvələrin məqsədi nədir? Mütəxəssislərin fikirlərini öyrənək:

Türkiyə Enerji Strategiyası və Siyasəti Araşdtırmaları Mərkəzinin (TESPAM) rəhbəri Oğuzhan Akyenər, Ermənistanın iyul ayında Tovuz bölgəsində etdiyi hərbi təxribatı xatırladıb. Bildirib ki, beynəlxalq enerji xətləri azərbaycandan Gürcüstana, oradan isə Türkiyəyə və nəhayət, Avropa bazarına uzanır. “Həmin xətlər isə, Azərbaycan ərazisində Ermənistan sərhədlərinə yaxın bölgədən keçir. Ermənilər düşünürlər ki, hərbi hücumla bu xətləri zədələyə bilərlər ki, bununla da Azərbaycanın, həm də Türkiyənin maddi gəlirləri azalar. Hər halda, Ermənistan həmin addımı ilə beynəlxalq enerji xətlərini istənilən an təhlükədə qoya biləcəyini dünyaya göstərmiş oldu. Amma İrəvanda düşünmədilər ki, bu xətlər Azərbaycandan daha çox Avropa üçün əhəmiyyətlidir. Xüsusilə də İtaliya üçün. Nəzərə almaq lazımdır ki, compressor stansiyasına vurula biləcək zərbə, Avropa bazarını ən azı bir ay enerjisiz qoymaq deməkdir”, - deyir Akyenər.

Enerji İqtisadiyyatı Dərnəyinin direktoru Gürkan Kumbaroğlu da xatırladır ki, Azərbaycanın neft və qaz kəmərləri olan TANAP və BTC-nin təhlükədə olması, Türkiyə və Avropanın enerji təhlükəsizliyinin təhlükədə olması mənasına gəlir. “Ötən il Azərbaycan BTC vasitəsilə 233 milyon ton neft satıb, Bakı-Tiflis-Ərzurum və TANAP vasitəsilə isə 9,6 milyard kubmetr qaz ixrac edib. Bu rəqəm isə türkiyənin qaza olan ümumi tələbatının 21 faizi deməkdir” deyən Kumbaroğluna görə, Türkiyə öz enerji təhlükəsizliyini təmin etmək üçün kəmərlərə sahib çıxmalıdır.  

Azərbaycfanın Türkiyədəki səfiri Xəzər İbrahim də Ermənistanın hücumlarının enerji xətlərini təhlükədə qoyduğunu deyib. “Ermənilər bu məqsədlərini gizlətmirlər, açıq-aşkar deyirlər ki, istədikləri vaxt enerji xətlərini vura bilərlər. Bu günədək türkiyədək hərbi dəstək tələbimiz olmayıb. İnanıram ki, başladığımız bu əməliyyatlar mütləq qələbə ilə tamamlanacaq” deyib diplomat.

Səfir İbrahimin sözlərinə görə, Azərbaycan müharibə deyil, sadəcə hərbi vəziyyət elan edib və ölkədə qismən hərbi səfərbərlik elan edilib. “Biz sadəcə düşmən hücumlarının qarşısını alırıq və öz torpaqlarımızı işğaldan azad edirik. Yəni döyüşlər azərbaycanla ermənistan arasında yox, birbaşa azərbaycan torpaqlarında gedir. Türkiyə bu vəziyyətdə bizə hər cür hərbi və diplomatic dəstək verməyə hazırdır. Qarşıdakı müddətdə hər şey ola bilər” deyib Xəzər İbrahim.

Türkiyədən hərbi yardıma gəlincə, müdafiə məsələləri üzrə mütəxəssis Turan Oğuz deyir ki, türk silahının Azərbaycan ordusunda olması təbidir. Çünki iki ölkə arasında birgə müdafiə ilə bağlı ittifaq sazişi imzalanıb. O, Azərbaycan Müdafiə nazirliyinin məlumatına istinadən qeyd edib ki, Bayraktar TB2 SİHA, Roketsan-ın istehsal etdiyi MAM-L idarəolunan raketlərlə ermənilərin havadan müdafiə sistemlərini və birləşmələrini çox həssas atəşlə məhv edirlər.

Maraqlıdır ki, Bayraktar TB2-nin istehsalçısı olan Baykar Texniki müdiri Səlçuk Bayraktar da Twitter hesabından, erməni hədəflərinin vurulduğunu göstərən görüntüləri paylaşıb.

Professor Əbubəkr Sofuoğlu bütün bunlara münasibət bildirərkən deyib ki, Nikol Paşinyan qlobal güclərin Ermənistanda ilk dəfə hökumət başına gətirdiyi baş nazirdir. Paşinyanın isə yeganə məqsədi Türkiyə ilə Rusiyanı qarşı-qarşıya gətirməkdir. “Paşinyan nə etdi, heç bir səbəb olmadan Qarabağda hərbi aktivlik nümayiş etdirdi, Azərbaycanın mövqelərinə hücumlar etdi. Rusiya isə baş verənləri soyuqqanlı izləyir. Ankarada səfirin öldürülməsi hadisəsindən sonra nə baş verirsə, hamısını diqqətlə izləyir, araşdırır və qərar qəbul edir. Rusiya Liberal-Demokrat partiyasının lideri Vladimir Jrinovski də deyib ki, 200 il ərzində türklərlə boş-boşuna döyüşdürülüblər. Ən əsası odur ki, bu günki hadisələrə münasibətdə Rusiya özünü arxada tutmağa çalışır. Bu gün azərbaycanda qismən, Ermənistanda isə tam səfərbərlik elan edilib. Bu müharibənin daha qorxulu həddə çatdığını göstərir. Şəxsən mən tam əminəm ki, müharibə Azərbaycanın qələbəsi ilə başa çatacaq”, - deyib Sofuoğlu.

Terror və təhlükəsizlik məsələləri üzrə mütəxəssis, istefada olan polkovnik Coşkun Başbuğ bildirir ki, Ermənistanın yürütdüyü riyakar siyasət üzündən 30 il ərzində danışıqlarda bir arpa boyu yol qətt etmək olmayıb. “Artıq gücün qazandığı bir dövrdəyik. Bu baxımdan Türkiyə dialoq, qarşılıqlı anlaşma, ikitərəfli görüşlər kimi bütün prosesləri arxada qoyub. Azərbaycan birmənalı şəkildə işğal altında qalmış torpaqlarını qurtarmağa çalışır. Ermənistan dövlət deyil, 1,5 milyon insanın yaşadığı coğrafi bölgədir. Siyasi iradəsi yox, onun-bunun qoyruğuna çevrilib, iqtisadi qüvvəsi yox, millət aclıq və səfalət içindədir. Bu dərəcədə aciz bir toplum təkbaşına Azərbaycana hücum edə bilərmi? Azərbaycana qarşı hücumları yönləndirənlər Rusiya, Fransa, ABŞ, İrandır. Proses belə davam edərsə, Azərbaycan ordusu bir neçə həftəyə Qarabağ torpaqlarını nəzarətə götürəcək. Əməliyyatları dayandırmaq intihar olardı. Artıq Ermənistanın məğlub olacağını başa düşən Qərb təlaş keçirir” deyib Başbuğ.

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, AKP-nin İstanbuldan seçilən millət vəkili Şamil Ayrım bildirib ki, Ermənistan Azərbaycana planlı şəkildə hücum edib. “Uzun zamandır hazırlaşıblar. İndiki vəziyyət əvvəlkilərdən çox fərqlidir. Paşinyan hökuməti qurulduğu ilk vaxtlar problemin sülh yolu ilə aradan qaldırılacağını bildirirdi. Amma elə olmadı, daxili siyasətdə mövqelərini gücləndirmək, keçirilən səsvermələrdə səs toplamaq üçün millətçi ünsürlərlə əməkdaşlıq elədi. Bu yolla çözümsüzlüyü sonsuza götürdülər. Paşinyanın bu hadisələrin fitilini yandıran bir çıxışı olmuşdu. Demişdi ki, “Ermənistan Qarabağdır”. Bu da nəticəsi. Ermənistan, bir dövlət olaraq bütün hər şeyini Rusiyaya vermiş oyuncaq dövlətdir. Paşinyan da təsir altına tez düşən, başqasının çaldığı ilə oynamağa yönümlü biridir. Bu gün ermənilər dolanışıq dalıyla ölkələrini tərk edirlər. Ermənistanda orduya gedəcək əsgər tapılmır. Bunun qarşısında, Ermənistan strategiyasını dəyişərək azərbaycandan əlavə torpaqlar almaq üçün hücuma başladı. Bilir ki, arxasında Fransa, Rusiya var, ABŞ isə hələlik susur. Amma azərbaycanın arxasında Türkiyə var. Prezident Rəcəb tayyib ərdoğanın da dediyi kimi, Türkiyə hər cür şəraitdə Azərbaycanın yanındadır” deyib Ş.Ayrım.

ASSAM-ın rəhbəri, istefada olan polkovnik Ersan Ergür də, Ermənistanın təkbaşına hərəkət etmədiyini qeyd edərək, bildirir ki, əgər arxasındakı dövlətlər Ermənistana yardım göstərməsələr, Azərbaycan qısa vaxtda 1992-ci ildə mövcud olmuş sərhədlərini bərpa edəcək. “Türkiyə, Tovuza hücumlarda olduğu kimi, bu dəfə də azərbaycanın yanında yer alıb və bunu açıq şəkildə bütün dünyaya elan edib. Bu gün artıq Qərbə bağlı olan Türkiyə yoxdur. Ölkəmiz artıq bölgədə sülh yarada biləcək qədər böyük gücə çevrilib. Yerli və milli silahları ilə Azərbaycan ordusuna güc verən Türkiyə, Ermənistanla Azərbaycan arasında mümkün müharibənin nəticəsini həqiqətən də təyin edəcək bir ölkədir” deyir E.Ergün.

Oxunma sayı 2431
Siyasət rubrikasından digər xəbərlər