Mükafatların ilk təqdimatı dekabrda Azərbaycan və Gürcüstanda keçiriləcək

11:06 10.10.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) Azərbaycan H2Otel Suya Qənaət Mükafatlarının ilk rəsmi təliminə start verib. Bununla, BMTİP Cənubi Qafqaz bölgəsinin qabaqcıl turizm, otelçilik və qonaqpərvərlik təşkilatları ilə səylərini birləşdirərək Azərbaycan və Gürcüstanda su dayanıqlılığı sahəsində yeni mükəmməllik sistemini tətbiq etməyə başlayır.

Hafta.az yazır ki, təlim proqramı Kür çayı hövzəsi boyunca inteqrasiya olmuş Su Resursları İdarəçiliyinin İnkişafı üçün Kür II layihəsi çərçivəsində təşkil edilib. Qlobal Ətraf Mühit Fondunun (GEF) maliyyələşdirdiyi bu layihə, BMT-nin İnkişaf Proqramı tərəfindən Azərbaycan və Gürcüstanda iki ölkənin hökumətləri ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir.

H2Otel Suya Qənaət Mükafatları, otelçilik sənayesində suyun istehlakının azaldılması və suyun çirkliliyinin aradan qaldırılmasında yenilikçi tədbirlər görülməsi üçün Azərbaycan və Gürcüstandakı otelləri dəstəkləyir. Suya qənaət etmək otellərə öz mənfəətlərini artırmağa və dəyərli təbii ehtiyatları qorumağa kömək edir. Bu eyni zamanda ətraf mühitə vurulan ziyanı minimuma endirən otellərə üstünlük verən və getdikcə artmaqda olan müştərilərin də zövqünə oxşayan xidmətlərin təmin edilməsinə zəmin yaradır. Cənubi Qafqazda H2Otel Suya Qənaət Mükafatları Azərbaycan Otellər Birliyi, eləcə də 2015-ci ildən bəri hər il Gürcüstanda keçirilən və otel və qonaqpərvərlik sahəsi üzrə müsabiqə və tanıtım mərasimi hesab olunan “Gürcüstana xoş gəldiniz!” milli turizm mükafatları proqramı tərəfindən təqdim olunur.

Hər iki ölkədə H2Otel Suya qənaət mükafatları proqramı, Böyük Britaniya şahzadəsi Çarlz tərəfindən qurulan qeyri-kommersiya təşkilatı olan Beynəlxalq Turizm Tərəfdaşlığı tərəfindən hazırlanan Mehmanxanalarda Su Sərfiyyatının Ölçülməsi Təşəbbüsü (HWMI) vasitələrindən istifadə edəcək. HWMI vasitələri, Azərbaycan və Gürcüstandakı otelçilərə yeni su qiymətləndirmə protokollarını təqdim edəcək və yerli dillərdə istifadəyə veriləcəkdir. Mehmanxanalarda su sərfiyyatının ölçülməsi təşəbbüsü vasitələri KPMG və dünyanın aparıcı otelləri ilə birlikdə hazırlanan otellərdə su istehlakını izləmək üçün sadə bir üsuldur.

H2Otel Suya Qənaət Mükafatına qoşulmaq üçün, Azərbaycan və Gürcüstandakı otellərdən layihə tərəfindən həyata keçirilən üç qısa təlim proqramında iştirak etmək, su sərfiyyatının ölçülməsi təşəbbüsü vasitəsilə suyun istehlakını izləmək və suyun qorunması üçün innovativ planlar hazırlamaq tələb olunur. H2Otel Suya Qənaət Mükafatlarının qalibləri, mükafat proqramının əsas tərəfdaşlarından, o cümlədən Azərbaycan Otellər Birliyi, “Gürcüstana xoş gəlmisiniz!” milli turizm mükafatları proqramı və BMTİP-dən yerli, regional və beynəlxalq səviyyədə tanınma imkanı qazanacaqlar. Mükafat qazananlar, həmçinin dünyanın 100-dən çox ölkəsində otelçilik sahəsində fəaliyyət göstərən 24 min təşkilat və mülkiyyətçini əhatə edən, turizm və qonaqpərvərlik sənayesi daxilində dayanıqlı, məsuliyyətli iş praktikaları, yeni məlumat və araşdırmalar təklif edən Green Hotelier aparıcı onlayn bilik platformasında nümayiş olunacaq.

H2Otel Suya Qənaət Mükafatlarının ilk təqdimatı dekabrda Azərbaycan və Gürcüstanda keçiriləcək.

Oxunma sayı 49