“Qardaşlıq “biz qardaşıq“ deyib qucaqlaşmaq deyil“

15:15 14.10.2011
Yazını böyüt
Yazını kiçilt

Mustafa Cəmilov: “Azərbaycanlı iş adamlarının, alimlərin, müəllimlərin və professorların Krıma gəlməsini istəyirəm“

Dünən Krım tatarlarının lideri, Krım Tatar Xalq Məclisinin başqanı Mustafa Cəmilov “Azadlıq“ radosunun Ukrayna xidmətinin qonağı olub. M.Cəmilov radioya Azərbaycana sevgisindən, eyni zamanda, umacaqlarından danışıb. Onun sözlərinə görə, qardaşlıq hansısa toplantılarda “biz qardaşıq“ deyərək qucaqlaşmaq deyil, əməli surətdə bir-birinin yanında olmaqdır. M.Cəmilovun sözlərinə görə, xalqların birlik qurması, bir-birinə faydalı olması milli maraqların əsasıdır: “Şəxsən məni Azərbaycanda hamı sevə bilməz, bu təbiidir. Amma nəzərə almalıyam ki, Azərbaycan xalqı bizim qardaşımızdır. Mümkün olduqca bağlantılarımızın daha çox olmasını istəyirik“. Bu yerdə müxbir tatarların liderindən soruşur ki, rəsmi Bakı Krım türklərinin problemlərinin həllində nə iş görə bilər.
O da cavab verir ki, 1992-ci ildə bağlanmış razılaşmaya əsasən, Bakıya çox sayda tələbələr göndəriblər. Hansı ki, həmin tələbələr bu gün Krım türklərinin ictimai həyatında ciddi rol oynayırlar: “Strasburqda azərbaycanlı deputatlarla da görüşdük, bəzi şeyləri onlara danışdıq. Xahiş etdik ki, bizə dəstək versinlər. Amma əslində onlar Ukrayna deputatları ilə bir çox məsələlərdə eyni fikirdədirlər. Düzdür, oradakı deputatlarınızla bəzi məsələləri müzakirə etdik, amma təəssüf ki, hələlik, nəticəsini görmürük. Onlar hətta Krıma da gəliblər. Azərbaycanlı deputatlara orada da problemlərimizi danışdıq, Azərbaycan tərəfdən nələrin edilə biləcəyini dedik və təbii ki, onlar da razılaşdılar. Amma sonra bəlkə də işləri çoxdur, ona görə də bir nəticə görmədik. Məsələn, mən onlara demişdim ki, hazırda bizim ən çətin problemimiz ana dilində məktəblərimizin olmamasıdır. Yəni Azərbaycanın Krım tatarlarına bir məktəb tikməsi çox böyük problem deyil. Hansı ki, bunun mənəvi tərəfləri daha önəmlidir. Biz uşaqlarımıza başa salacağıq ki, bu məktəb sizə azərbaycanlı qardaşlarımızdan hədiyyədir. Yəni, uşaqların beynində qalacaq ki, orada bizim qardaşlarımız var. Maddi tərəfdən çox da böyük bir şey deyildi. Söz verdilər ki, mütləq tikiləcək. Amma hələ gözləyirikg“
M.Cəmilovun sözlərinə görə, indi çoxları demokratiyadan danışır, əslində isə tamam başqa əməlləri edirlər. O, maraqlı bir müqayisə də apararaq bildirib ki, Orta Asiya ölkələrində nəinki demokratik islahatlar aparılmır, əksinə, orada hələ də SSRİ dönəminin ab-havası hökm sürür. Azərbaycanda isə vəziyyət onlarla müqayisədə on dəfələrlə yaxşıdır, həm siyasi islahatlar aparılır, həm də iqtisadi-sosial. Amma yenə də bir çox Qərb ölkələri məhz Bakını hədəfə alır bu məsələlərdə.
M.Cəmilov müsahibəsinin sonunda sıravi azərbaycanlılardan umduqlarını da dilə gətirib. Bildirib ki, Krım tatarları və azərbaycanlılar heç vaxt qardaş olduqlarını unutmamalı, hər zaman bir-birinin xeyir-şər məclislərində olmalıdır: “Birlik qurmaq, bir-birimizə faydalı olmağımız gərəkdir. Azərbaycanlı iş adamlarının, alimlərin, müəllimlərin və professorların Krıma gəlmələrini istəyirəm. Problemlərimizi öyrənib bir-birimizə dəstək verməyimiz lazımdır. O zaman qardaşlıq gerçək qardaşlıq olar“.

Vüsal Tağıbəyli