Müsəlman siyasətçi onu təhqir edənin hesabına pul köçürdü – Günün təzadları

18:35 13.03.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Virciniya (ABŞ) Senatının deputatlığına namizəd olan gənc müsəlman siyasətçi Kasim Rəşid sosial şəbəkələrdə bir islamafobun kəskin hücumlarına məruz qaldı.  Hafta.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərdə deyilir ki, Rəşid  nifrət və irqçiliklə dolu bir çox şərh və “tvit”lər alıb.  İslam dininin nifrət və düşmənçilik yaydığını iddia edərək  gənc müsəlmana virtual hücum edən şəxsin  66 yaşlı bir amerikalı - Oskar Dillon olduğu üzə çıxıb. 36 yaşlı Qasim Rəşid isə bir az düşündükdən sonra “ağsaqqal”  İslam düşməni ilə mübahisələrə girişməyib. Əksinə, o, Oskar Dillonun tərcümeyi-halını araşdırmağa başlayıb.  Nəticədə islamofob şəxsin xanımının nadir və təhlükəli bir xəstəlikdən əziyyət çəkdiyi və daim bahalı müalicəyə ehtiyacı olduğu ortaya çıxıb. Müsəlman siyasətçi dərhal həyat yoldaşının müalicəsi üçün O.Dillonun heabına külli miqdarda pul köçürüb. Tezliklə Rəşid ahıl islamofobdan bağışlanma diləyən bir mesaj alıb. Dillon  hətta gənc müsəlmanı evinə qonaq da dəvət edib.  Rəşid dəvəti məmnuniyyətlə qəbul edib. "Bu gün mən yeni dostum Ozu canlı olaraq gördüm" –deyə Rəşid sosial şəbəkədə paylaşdığı birgə fotolarına şərhdə yazıb.  Artıq keçmiş islamofob xristian Dillon isə  müsəlmanlara münasibətdə  səhvə yol verdiyini etiraf edib. “Rəşidin etdiyi əməllər gözlərimi açdı. 11 sentyabr hadisələri mənim və ailəm üçün faciəli oldu. Rəşid isə mənə yaxşılığın müxtəlif mənşəli ola biləcəyini göstərdi" – deyə 66 yaşlı amerikalı kişi duyğularını cilovlamaqda çətinlik çəkərək yazıb.

 

Azərbaycanda benzin ucuzlaşdı

Azərbaycanda benzinin qiyməti ucuzlaşdı. Hafta.az-ın  yazdığına görə, Axar.az xəbər verir ki, martın 13-dən ölkə ərazisində Aİ-95 markalı benzinin qiyməti ucuzlaşaraq, 1,20 AZN, Aİ-98 markalı benzin isə ucuzlaşaraq, 1,40 AZN olub. Qeyd edək ki, bu günə kimi Aİ-95 markalı benzinin qiyməti 1,50 AZN, Aİ-98 markalı benzinin qiyməti isə 1,60 AZN idi.

 

Baş nazirin xanımı karantinə alındı

Kanadanın Baş naziri Castin Trüdonun həyat yoldaşında koronavirus əlamətləri aşkarlanacağı təqdirdə özünü təcrid edəcəyini açıqladı. Hafta.az yazır ki, APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb. Baş nazirin həyat yoldaşı Sofiya Trüdo Londondan Kanadaya qayıtdıqdan sonra özündə qripə bənzər simptomlar və qızdırma hiss edib. O, koronavirusa yoluxub-yoluxmadığını öyrənmək üçün test verib. Onun karantinə alındığı bildirilir.

 

Bakıda tapança ilə gəzən şəxs yaxalandı

Paytaxt sakinində silah-sursat aşkarlandı. Hafta.az yazır ki, DİN Mətbuat Xidmətindən Musavat.com-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi (RPİ) 21-ci Polis Bölməsinin (PB) əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxsi saxlayıb. Belə ki, daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş paytaxt sakini Ağamehdi İslamov Nəsimi rayonu ərazisində tutulub. Bölmədə onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd "Makarov” markalı atəşə yararlı tapança, 7 ədəd həmin silaha məxsus patron və daraq aşkar edilərək götürülüb. Saxlanılan şəxs silah-sursatın ona məxsus olduğunu etiraf edib. Faktla bağlı 21-ci PB-də toplanan materiallar araşdırlması üçün Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

 

Qaxda 23 yaşlı qız burun əməliyyatından öldü

Qaxda 23 yaşlı qız əməliyyatdan sonra dünyasını dəyişdi. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi məlumata görə, hadisə Qax rayon Xəstəxanasında baş verib. Balakən rayon sakini, 1997-ci il təvəllüdlü Rəyisə Layıcovanın burun çəpərinin deformasiyası ilə əlaqədar Qax rayon Xəstəxanasında lor-həkim Əkrəm İmaməliyev tərəfindən aparılan əməliyyat zamanı qəflətən halı pisləşib və o, ölüb. Faktla bağlı Qax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümü ilə nəticələnəndə) maddəsi ilə cinayət işi başlanıb.

 

Bakıda aptekə basqın edildi

Paytaxtda aptek qarət olundu. Hafta.az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Nizami rayonu, R. Rüstəmov küçəsində qeydə alınıb. Həmin küçədə yerləşən "Vita" adlı aptekə daxil olan naməlum şəxs əlindəki bıçaqla satıcı İnci Quliyevanı hədələyərək, kassada olan 1000 manat pulu götürüb və qaçıb. Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.

Oxunma sayı 256