Müxalifət partiyalarından Prezidentə həmrəylik mesajı - “Azərbaycan anti-terror əməliyyatına başlamalıdır”

15:12 22.09.2020 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın Azərbayacana yönələn təxribatı davam edir. Ermənistan beynəlxalq hüquqa məhəl qoymadan işğalçılıq siyasətini daha da genişləndirir.

Ölkə başçısının dünya ictimaiyyətinin üzərindən işğalçı Ermənistana hədəflənən mesajı xüsusilə diqqət çəkir. Belə bir şəraitdə Azərbaycanın daxilindəki durum, siyasi partiyaların mövqeyi yaranmış vəziyyətə nə dərəcədə adekvatdır və güclərini nə dərəcədə toparlaya bilirlər.

Mövzu ilə bağlı hafta.az-ın suallarını cavablandıran partiya liderləri məsələyə birmənalı yanaşıblar.

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib ki, iyul ayında sərhəddə Ermənistan tərəfindən törədilən təxribata verilən cavab düşmən üçün gözlənilməz idi.

“Bundan sonra Ermənistanın baş naziri və müdafiə naziri qondarma “DQR”-ə səfər etdilər. Baş nazirin həyat yoldaşı 18-27 yaşlı qadınların hərbi təlimlərdə iştrak edəcəklərini bəyan edir. Müdafiə naziri Gəncəni vurulmaqla hədələyir. Bütün bunlar, bu savaş ritorikası cavabsız qalmamalı idi. Və dövlət başçısı onların cavabını verdi. Ən əsası beynəlxalq ictimayyətə də bildirdi ki, Ermənistan beynəlxalq hüququ yerə vurursa, Azərbaycan da beynəlxalq hüququ gözləmiyəcək. Hesab edirəm ki, bu çox vacib ismarlcdır. Ermənistana deyilən fikirlər, dolayısı ilə başda BMT olmaqla digər beynəlxalq təşkilatlara da aiddir. Bu təşkilatlar, özlərinin verdikləri qərarlara hörmətsizlik edirlər, beynəlxalq hüququ yerə vururlar. Azərbaycanı “sülh danışıqları” çərçivəsinə salıb, məsələnin həllini uzadıblar.27 ildən çoxdur ki, haqlı olduğumuzu, beynəlxalq hüquqa əsaslanıb işğalda olan torpaqlarımızı azad edə bilmirik. Bəli, dövlət başçısı demişkən – danışıqlara yer qalmayıb. Azərbaycan anti-terror əməliyyata başlamalıdır”.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirib ki, bu gün faktiki müharibə astanasındayıq.

“Belə olan halda hamı, o cümlədən də, siyasi təşkilatlar fəaliyyətlərini orduya, dövlətə müdafiə istiqamətinə yönəltməlidir. İqtidarlı müxalifətli hamı bir yumruq kimi birləşib düşmənin üzərinə getməlidir.  İndi siyasi partiyaların hansısa ittifaq yaratmasına ehtiyac yoxdur. Hakimiyyət ərazilərimizin işğaldan azad olması üçün öz konstutision görəvini yerinə yetirməli, müxalifət də dəstək, kömək sarıdan öz görəvini yerinə yetirməlidir”.

Ağ Partiyanın sədri Tural Abbaslı bildirib ki, Qarabağ məsələsi hər bir azərbaycanlının eyni zamanda da Azərbaycanda fəaliyyət göstərən hər bir siyasi partiyanın ən başlıca önəmli məsələsidir. Bu məsələdə qətiyyən fikir ayrılığı ola bilməz.

“Qarabağ məsələsinin həlli naminə hər kəs hər an hər fədakarlığa hazır olmalıdır. Odur ki, mən düşünmürəm ki, bu məsələdə kimlərsə siyasi maraq axtarsın. Və ya Qarabağ konflikti fonunda öz siyasi ambissiyalarını həyata keçirməyə cəhd etsin. Belə bir cəhd olarsa mən bunu xəyanətdən başqa bir məsələ kimi qəbul etmərəm. Şükürlər olsun ki, Azərbaycanda siyasi düşərgəsindən aslı olmayaraq istisnasız olaraq bütün partiyalar Qarabağ məsələsində həmrəydir. Hətta bu yaxınlarda məhz Qarabağ problemi ətrafında Azərbaycan iqtidarının təşəbbüsü ilə 43 partiyanın birgə bəyanatı da olmuşdu. Odur ki, əgər müharibə olarsa biz AĞ Partiya  olaraq bütün siyasi məqsədlərinizi və hədəflərimiz bir kənara qoyaraq vətən uğrunda müsəlləh əsgər olmağa hazırıq. Bunu müxtəlif dönəmlərdə həm biz, həm də digər partiyalar bəyan ediblər. Hazırkı yaranmış vəziyyətdə düşünürəm ki, siyasi həmrəyliyin düşmənə və bütün dünyaya nümayişi üçün təşəbbüsü iqtidar öz əlinə almalıdır. Və məhz Qarabağ mövzusunda prezidentin birbaşa iştirakı ilə partiya sədrlərinin dəyirmi masası keçirilməlidir. Bu mesaj həm də daxili auditoriyaya pozitiv impuls verər və insanlar bir daha əmin olar ki, Qarabağ uğrunda hər kəs vahid mövqedədir. Hər halda hələlik partiyaların və xalqın Qarabağ məsələsindəki həmrəyliyi bizi qane edir”.

 

Oxunma sayı 1729
Siyasət rubrikasından digər xəbərlər