Müxalifətdə “başbilənləri” susduran” səbəblər nədir - Cavab

14:25 17.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avropaya meyllənən, Rusiyadan maliyyələşib ortada başını bulandıran partiyalar var

Ölkədə kifayət qədər ciddi proseslərin cərəyan etdiyi bir vaxtda siyasi düşərgənin müxalifət partiyalarında hər hansı bir tərpənişin olmadığı diqqəti çəkir. Tovuz istiqamətində baş verən erməni təxribatı və həmin ərəfədən başlayaraq Türkiyə-Azərbaycan hərbi təlimlərinin keçirilməsi fonunda Qarabağın tezliklə hərbi yolla azad ediləcəyinə yaranan ümid, qoyulan tələb, Türkiyə əsgərinin Azərbaycanda qalıcılığı məsələsini gündəmə gətirib. Məlum olduğu kimi bir çox müxalifət partiyaları bir araya gələrək Türkiyə Hərbi qüvvələrinin Azərbaycanda qalması ilə bağlı ölkə rəhbərliyinə, eləcə də Türkiyə rəsmilərinə müraciətlər ünvanladı. Yaranmış vəziyyət eyni zamanda “millət”, “xalq”, “demokratiya”, “birlik” - deyən müxalifətin “kimliyini” ortaya çıxarmaqla, nədənsə partiyaların çoxunu “susdurdu”. Səbəb nədir?

Hafta.az-a açıqlama verən Millətçi Hərəkat Partiyasının (MHP)sədr müavini İlyas Abdullayev yaranmış vəziyyəti bəzi köhnə partiyaların “götürdükləri kursla” əlaqələndirib. Partiya yetkilisi bildirib ki, bu gün partiyalarla görüşlər keçirən hakimiyyət, regiondakı vəziyyətin gərginliyini nəzərə alaraq digər ölkələrlə balanslı siyasət yeritməyə çalışır. Türkiyənin siyasi partiyaları  bu məsələyə daha yekdil münasibət sərgiləyir və Türkiyə hərbçilərinin ölkədə qalıcı olmasını istəyirlər.

İ.Abdullayev bildirib ki, MDP Türkiyə-Azərbaycan Konfederasiyasının yaradılması, Turan Birliyi ideyası ilə daim çıxışlar edərək, belə bir ərəfədə Türkiyə ordusunun Azərbaycanda qalıcı olmasını istəyən partiyadır və məsələ ilə bağlı bir çox tədbirlər keçirib mövqelərini ictimaiyətə çatdırıblar.

“Həmişə özünü əsas müxalifət kimi  göstərmək istəyən AXCP və Müsavat bu məsələ ilə bağlı sönük addımlar atır. Bu partiyalar digər təşkilatlarla görüşüb əməkdaşlıqlar qurmağa maraq göstərmirlər.  Siyasi partiyalarda canlanma yoxdu.  Kimlərsə müsahibələrində qısa da olsa bu mövzuya toxunurlar.  Amma bir yerə yığışıb məsələnun üzərinə gəlmirlər”.

Partiya rəsmisi AXCP -Müsavatın Türkiyə məsələsində loyallığını bu partiyaların müstəqil olmamaları ilə əlaqələndirib.

“Azərbaycan siyasətində hər kəs öz tərəfini seçir. Avropaya meyllənən, Rusiyadan maliyyələşib ortada başını bulandıran partiyalar var. Qərbə meyilliliyini Türkiyə ilə əməkdaşlıqlar üzərindən həyata keçirmək istəyən qüvvələr var və bu məsələdə daha aktiv mövqe sərgiləyirlər.  AXCP ilə Müsavat “Avropa” dediklərinə görə, Türkiyə-Azərbayacan münasibətlərində hansı mövqeni sərgiləməli olduqlarının xəbərini Avropadan gözləyirlər.  Xalq Partiyasının sədri Pənah Hüseyn də bu barədə heç bir fikir bildirmir. Əslində Pənah Hüseyn hər mövzuya toxunmağı xoşlayan, öndə dayanmağı sevən siyasətçi olsa da, Türkiyə Ordusunun Azərbaycanda qalıcılığı məsələsində susur. Amma kim Turan Birliyini istəyirsə Türk ordusunun Azərbaycanda qalıcılıq məsələsində aktivdir”.

Tahirə

Oxunma sayı 1396