NATO-Rusiya görüşünün Bakıda baş tutması Azərbaycana etimadın göstəricisidir - RƏY

14:59 10.07.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

NATO ilə Rusiya arasında danışıqlar aparmaq üçün məkan kimi yenə də Azərbaycan seçilib. Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Bakıda NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Tod Uolters ilə danışıqlar aparacaq.

Artıq Bakı iki müxtəlif hərbi güc arasında bu cür danışıqlara ev sahibliyi edib. Ekspertlər bildirirlər ki, Bakının növbəti dəfə qlobal güc mərkəzlərinin hərbi rəhbərliyinin görüşü üçün məkan kimi seçilməsinin səbəbləri var. Azərbaycan onların görüşə biləcəyi yeganə məkandır. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat dəhlizləri layihələri ölkəmizin bu statusunu daha da möhkəmləndirib. Belə mühüm görüşlərin Bakıda keçirilməsinin əsas səbəblərindən biri də Azərbaycan liderinin şəxsi nüfuzu və dövlətimizin regional və qlobal proseslərdə aktiv rol alması ilə bağlıdır. Azərbaycan nə NATO-nun, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyil. Amma ABŞ, Avropa və Rusiya ilə çox yaxşı münasibətləri olan, onların hörmət bəslədiyi ölkədir.

Mövzu ilə bağlı hafta.az-a danışan politoloq Fikrət Sadıqov hesab edir ki, görüşün Bakıda baş tutması Azərbaycana böyük bir etimadın olmasıdır:

“Bu görüş artıq birinci görüş deyil. Belə bir görüşün nəticələri də ola bilər. Hal-hazırda geosiyasi vəziyyət gərgindir. Xüsusi ilə Rusiya və ABŞ arasında, Rusiya  NATO arasında münasibətlərin yumşaldılması, əlbəttə hər iki tərəfin maraqlarına cavab verməlidir. Bakının məkan olaraq seçilməsi isə, əminəm ki, sabitliklə bağlıdır. Siyasi stabillik və təhlükəsizlik şəraiti olduğu üçün Bakının seçilməsi əbəs deyil. Tərəflər təbii ki, bunu yüksək qiymətləndirir. Düşünür ki, belə bir şəraitdə çətin və mürəkkəb bir siyasi fonda danışıqlar aparmaq tam maraqlara cavab verən bir məsələdir. Yüksək səviyyədə beynəlxalq tədbirlərin keçirilməsi üçün artıq Bakı mühüm bir məkan kimi seçilib. Həm siyasi, həm humanitar, həm də idman, eləcə də hərbi məsələlərin müzakirəsi Azərbaycanda aparılır. Biz bunu yüksək qiymətləndiririk”.

Xatırladaq ki, 2018-ci ildə də Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş baş tutmuşdu.  

Oxunma sayı 47