Naxçıvan məhsulları “Made in Azerbaijan” brendinin tanıdılmasında vacib rol oynayacaq - Ekspert

17:31 19.11.2019 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Məlum məsələdir ki, Naxçıvan uzun illərdir mühasirə şəraitində yaşayır. Ölkəmizin bu ərazisi üç tərəfdən düşmənlə əhatə olunub. Buna baxmayaraq, Naxçıvan Muxtar Respublikası ilbəil güclənir və böyük inkişaf yolunu davam etdirir”. Bunu hafta.az-a açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov bildirib.

Ekspert vurğulayıb ki, Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edərkən Naxçıvanın inkişafı, təhlükəsizliyinin təminatı ilə bağlı mühüm məsələlərə toxundu: “Həmin görüşdə Naxçıvanın ixrac potensialının gücləndirilməsi, bərpaolunan enerji gücünün artırılması və təhlukəsizliklə bağlı vacib məqamlara toxunuldu. Məsələn, indiyədək energetika sahəsində böyük işlər görülüb. Görüşdə də qeyd olundu ki, hazırda Naxçıvanda generasiya gücü 220 meqavata yaxındır və sevindirici hal ondan ibarətdir ki, bunun əksəriyyəti bərpaolunan enerji növləridir. Su və Günəş elektrik stansiyalarının tikintisi geniş vüsət alıb.

Əgər 2003-cü ildə muxtar respublika 1 milyard kilovatsaata yaxın enerji idxal etmişdisə, 2018-ci ildə 35 milyon kilovatsaata yaxın ixrac edib. Yəni, bu istiqamətdə asılılıq xeyli azaldılıb. Digər bir mühüm fakt ondan ibarətdir ki, artıq Naxçıvan özünü taxılla tam təmin edir və məhsuldarlıq da yaxşıdır. Təbii ki, bu ərzaq təhlükəsizliyi baxımından çox mühüm göstəricidir. Eyni zamanda, artıq Naxçıvanın ixrac potensialı da formalaşmaq üzrədir. Bildiyiniz kimi, Azərbaycanın ən yaxın strateji tərəfdaşlarından olanTürkiyə tərəfi böyük addım ataraq Naxçıvanın istehsalı olan malların idxalı ilə bağlı da göstəriş verib. Biz Bakıda da demek olar ki, çox yerlərdə Naxçıvan məhsulları ilə rastlaşırıq. Həm qiymət, həm də keyfiyyət baxımdan istehlakçılara yüksək səviyyəli məhsullar təklif olunur. Hesab edirəm ki, Naxçıvan məhsulları “Made in Azerbaijan” brendinin daha geniş tanıdılmasında da vacib rol oynayacaq. Düzdür, bu gün Naxçıvanda həyata keçirilən tədbirlər əsasən dövlət büdcəsindən ayrılan dotasiya hesabına reallaşdırılır. Amma burda bir məsələ var ki, həmin vəsaitlər səmərəli xərclənir və büdcədən ayrılan dotasiya Muxtar Respublikanın inkişafına xidmət edir. Sözügedən görüşdə də vurğulandığı kimi, hesab edirəm ki, gələcəkdə dövlət büdcəsindən Naxçıvana ayrılan vəsaitlərin həcmi azaldıla bilər. Çünki Naxçıvanın daxili imkanlar hesabına büdcəsini förmalaşdırması üçün kifayət qədər geniş potensialı mövcuddur. Düşünürəm ki, gələcəkdə bu istiqamətdə çox ciddi nəticələr ortaya qoyulacaq ” .