Naxçıvan MR Təhsil Nazirliyinin yeni saytı fəaliyyətə başlayıb

15:00 31.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin yeni www.tehsil.nmr.az saytının təqdimatı olub. Xəbər verilir ki, təqdimat mərasimində çıxış edən muxtar respublikanın Təhsil naziri Rəhman Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin maddi-texniki bazalarının gücləndirildiyini, məktəblərin ən müasir informasiya və kommunikasiya avadanlıqları ilə təchiz olunduğunu vurğulayıb.

Qeyd edilib ki, nazirliyin əvvəlki internet saytı müasir tələblərə cavab vermədiyindən onun yenilənməsi qərara alınmışdı. Dizayn, quruluş və məzmun baxımından zəruri tələblərə cavab verən yeni internet saytı nazirliyin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin, bu sahədə olan yeniliklərin, həyata keçirilən tədbirlərin daha dolğun və operativ şəkildə ictimaiyyətə çatdırılmasını təmin edəcək. Sayt istifadəçiləri təhsil sahəsinin müxtəlif istiqamətləri üzrə tətbiq edilən yenilikləri və normativ-hüquqi bazanı vahid mənbədən ala biləcəklər. Saytın strukturu təkmilləşdirilib, yeni funksional bölmələr əlavə edilib və ən son internet texnologiyaları əsasında yeni dizayn verilib.

“Yeni internet saytında elektron xidmətlər də istifadəyə verilib. Artıq növbəti ildən Naxçıvan Qızlar Liseyinə və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə sənəd qəbulu elektron qaydada aparılacaqdır”, – deyən təhsil naziri vurğulayıb ki, bununla yanaşı, sentyabr ayından etibarən Texniki-Peşə və Sürücülük məktəblərinə, eləcə də peşə liseyinə sənəd qəbulu da elektron qaydada həyata keçiriləcək.

Sonra nazirliyin sektor müdiri Məmməd Bayramov iştirakçılara Təhsil Nazirliyinin rəsmi internet səhifəsi və elektron xidmətləri haqqında məlumatlar verib. Diqqətə çatdırılıb ki, 8 bölmə və 29 altbölmədən ibarət yenilənmiş saytda istifadəçinin rahatlığı üçün ən çox müraciət olunan bölmələr “Ana səhifə”də cəmlənib. Burada muxtar respublikanın təhsil xəbərləri, nazirlik tərəfindən keçirilən tədbirlər, operativ informasiyalar, həmçinin muxtar respublika təhsilində qazanılan uğurlar haqqında geniş məlumatlar öz əksini tapıb. Yeni sayt vasitəsilə təhsil sahəsində lazım olan bir çox xidmətlərin onlayn qaydada həyata keçirilməsi də mümkündür. Bununla yanaşı, vətəndaşların qəbul günlərinin qrafiki, elektron müraciət qaydaları, e-mail ünvan, eləcə də digər əlaqə vasitələri barədə məlumatlar da saytda öz əksini tapıb. Son illərdə muxtar respublikada yeni tikilən və ya əsaslı şəkildə yenidən qurulan məktəblər, muxtar respublikanın tarixini, turizm potensialını əks etdirən məlumat və fotoslaydlar da saytda yerləşdirilib, elektron kitabxanalara keçid verilib. Həmçinin istifadəçilər müəllimlərin işə qəbulu qaydaları, eləcə də ümumtəhsil məktəblərindəki vakansiyalarla bağlı internet saytında yerləşdirilmiş xüsusi bölmə vasitəsilə tanış olmaq imkanı da əldə edəcəklər.

Sonra portalın yeni internet səhifəsi və elektron xidmətlərlə bağlı suallar cavablandırılıb.