Naxçıvanda təlim-metodiki toplantı keçirilib - FOTO

19:39 07.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən hərbi hissə, tabor, divizion komandirləri və müavinləri ilə təlim-metodiki toplantı keçirilib.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən bildirilib ki, nümayiş məşğələlərinə daha çox yer verildiyi toplantıda bölmələrlə müdafiə və hücum mövzusunda taktiki-sıra məşğələlərinin təşkili, hazırlanması və keçirilməsi metodikası göstərilib.

Taktiki-xüsusi hazırlıqdan pilotsuz uçuş aparatlarına qarşı mübarizə və hava hücumundan müdafiə üzrə döyüş atışlı nümayiş-məşğələ keçirilib.

Bölmələrdə “Günün nizam qaydaları”na uyğun tədbirlərin icra olunması üzrə keçirilən nümayiş-məşğələdə şəxsi heyətin gün ərzində yerinə yetirdiyi tapşırıqlar və icra etdiyi fəaliyyətlər nümayiş olunub. Şəxsi heyətin sağlamlığı və qidalanmasına nəzarət, sıra baxışı, fiziki və sıra hazırlığının, ictimai-siyasi və hüquqi maarifləndirmənin keçirilməsi, qarovul və sutkalıq naryadın hazırlanması, vətəndaşların qəbulu və “Günün nizam qaydaları”na uyğun digər tədbirlər nümayiş-məşğələdə öz əksini tapıb.

Dörd gün davam edən toplantıda əsas məqsəd zabitlərin bölmələri idarəetməsi üzrə komandir keyfiyyətlərinin təkmilləşdirilməsi, məşq, məşğələ və təlimlərin təşkili və keçirilməsi üzrə hazırlıqlarının yoxlanılması olub.