Qəzzafinin yeri dəqiqləşib

15:15 08.10.2011
Yazını böyüt
Yazını kiçilt
Liviya qiyamçıları devrilmiş lider Müəmmar Qəzzafinin tərəfdarlarında qalmış son 2 şəhərdən biri olan Sirtə genişmiqyaslı hücuma keçiblər. BBC-nin verdiyi məlumata görə, bu, son dövrlərin ən ciddi döyüşüdür. Yeni hökumət şəhərə zirehli texnika yeridib. Tanklar hər tərəfi atəşə tutur. Saysız-hesabsız ev yanır, şəhərin üzərini qara tüstü bürüyüb. Bu hücumun Qəzzafi tərəfdarlarına son zərbə ola biləcəyi deyilir. Qeyd edək ki, Sirt uğrunda döyüşlər bir neçə gündür davam etsə də, qiyamçılar şəhəri ələ keçirməkdə çətinlik çəkirlər. Hazırda Sirtlə yanaşı, Qəzzafi tərəfdarlarının nəzarətində olan daha bir şəhər Beni-Validdir. Liviyanın yeni hökuməti devrilmiş lider Müəmmar Qəzzafinin yayılmış son audiomüraciətinə münasibət bildirib. Rusiya mətbuatının verdiyi məlumata görə, müvəqqəti hökumətin təmsilçisi Mahmud Cabril artıq Qəzzafinin yerini “təxmin etdiklərini“ söyləyib: “Son məlumatlara görə, o, Liviyanın cənubundadır. Qəzzafi yerli insanların mühafizəsilə Nigeriyaya tərəf hərəkət edir. Yaxın 2 gündə onun dəqiq yerini müəyyənləşdirəcəyimizə inanıram“. Liviyanın devrilmiş lideri Müəmmar Qəzzafinin tərəfdarlarına növbəti müraciəti yayılıb. “İnterfaks“ın verdiyi məlumata görə, o, liviyalıları yeni hökumətə qarşı “çoxmilyonluq mitinqlərə“ çağırıb. Qəzzafi xalqı ölkə boyunça küçələrə çıxmağa, yeni hökumətə qarşı “dinc etiraz aksiyaları“ keçirməyə çağırıb. “Heç nədən qorxmayın. Siz xalqsınız. Bu torpaqlar sizindir“, - Qəzzafinin audiomüraciətində deyilir. Xatırladaq ki, devrildikdən sonra “yoxa çıxmış“ Qəzzafinin harada olduğu bilinmir.



Oxunma sayı 89