“Ermənini Azərbaycana mən dəvət etməmişdim“

15:15 07.10.2011
Yazını böyüt
Yazını kiçilt

Amma Fuad Muradov amerikalı senatorlara öz narazılığını bildirib

Azərbaycanda bir müddət əvvəl səfərdə olan ABŞ-ın Kaliforniya ştatından olan Senator Cozef Simitiyanın Bakıdan Ermənistana gedərək, ordan da rəsmi Bakının icazəsi olmadan işğal altındakı Dağlıq Qarabağa səfər etməsi ölkə mediasının gündəmini zəbt edib. Düzdür, rəsmi Vaşinqton Simitiyanın bu hərəkəti ilə bağlı açıqlama verib və bəyan edib ki, S.Simitiyanın hərəkətləri ABŞ hökumətinin rəsmi mövqeyi ola bilməz.
Amma bəzi KİV-lər məsələni gündəmdə saxlamaqla daha çox “günahkar“ ovuna çıxıblar. Hazırda Simitiyanın Azərbaycana səfərini kimin təşkil etdiyi ətrafında mülahizələr qurulur ki, bu mülahizələrdə də əsasən Azərbaycan-Kaliforniya dostluq qrupunun üzvü, millət vəkili Fuad Muradov hədəfə alınıb. Məsələ ilə bağlı “Həftə içi“nin suallarını cavablandıran parlamentari bildirdi ki, müəyyən qədər proseslərdən baş çıxara bilən hər bir kəs bilməlidir ki, millət vəkili bu və ya digər xarici ölkə vətəndaşına viza vermir:
3əvvəli 1-ci səhifədə
SIYASI
“Simitiyan və digər konqresmenlər Azərbaycanın ABŞ-dakı səfirliyinə müraciət edərək viza alıblar və bu vizaya əsasən Azərbaycana səfər ediblər. ABŞ-ın istənilən ştatının senatoru istər Azərbaycan olsun, istərsə də digər ölkələrə müstəqil şəkildə viza alaraq getmə imkanına malikdirlər. Burada hər hansı bir problem yoxdur. İkincisi də müxalifətin inhisarında olan mətbuat orqanlarının rəhbərləri, eyni zamanda da yazarları Simitiyan və onunla birikdə Azərbaycanda olan digər senatorların səfərinin mahiyyətindən daha çox, bu cür məsələlərə diqqət ayırmalarına dərin təəssüflənirəm. Səmimi deyirəm ki, bu gün bu mətbuat orqanlarının ortaya qoyduqları mövqeylə Ermənistan mətbuatının, internet mediasının mövqelərində heç bir fərq yoxdu“. F.Muradov bildirdi ki, Simitiyanın işğal altındakı Dağlıq Qarabağa səfər etməsinə baxmayaraq, ABŞ-ın Kaliforniya ştatı və digər ştatları Qarabağdakı separatçı rejimi dövlət olaraq tanımır: “Bildiyiniz kimi, ABŞ-da yaxın zamanlarda seçkilər keçiriləçək və C. Simitiyan da ermənilərin daha çox kompakt yaşadıqları Kaliforniyada yenidən senator olmaq niyyətindədir. Simitiyan bu səfərindən istifadə edərək işğal altındakı Dağlıq Qarabağa getməklə daha çox ölkəsində keçiriləcək seçkilərə “oynayıb“. Yəni bu səfər ona Kaliforniyadakı seçkilərdə erməni əhalinin səsini qazandırmağa yönəlib. Onunla birlikdə digər senatorlar da İrvanda idilər və onların heç biri Simitiyan kimi addım atmayıblar“. Millət vəkilinin sözlərinə görə, Azərbaycanda olan zaman ermənipərəst senatorlar Şəhidlər Xiyabanına aparılıb və Qarabağda şəhid olan əsgərlərin məzarları ziyarət olunub: “Bununla yanaşı Şəhidlər Xiyabanında Qarabağdakı döyüşlərdə yaralanaraq əlil olan şəxslərlə də görüş təşdil olundu. Biz Simitiyana və digər senatorlara göstərdik ki, Ermənistanın işğalına qarşı aparılan müharibənin nəticələri bizlərə nələri verib. Eyni zamanda, bu işğalçılıq siyasəti nəticəsində bir milyondan artıq insanın qaçqın və məcburi köçkün vəziyyətinə salınması, insanların hüquqlarının pozulması barədə də məlumatlar verilib. Amma mən çox təəssüflənirəm ki, müxalifətin nəzarətindəki qəzetlər bu kimi məsələləri öncə çəkmək əvəzinə daha çox günahkar axtarışına çıxıblar. Əgər Simitiyanı mən dəvət etmiş olsaydım çıxıb açıq şəkildə deyərdim ki, bəli mən dəvət etmişəm. Amma bura senatorları kimin dəvət etməsindən daha çox, onlara Azərbaycanda verilən məlumatları daha çox qabartmaq lazım idi“.
F.Muradovdan Simitiyanla Qarabağa səfərdən sonra hər hansısa əlaqəsinin olmasını da soruşduq. Millət vəkili bildirdi ki, C. Simitiyanla heç bir əlaqə saxlamasa da, onunla birlikdə Azərbaycana gəlmiş Kaliforniyanın digər 4 senatoru ilə əlaqəsi artıq olub: “Mən onlarla telefon əlaqəsi saxladım və Simitiyanın hərəkətləri ilə bağlı fikirlərimi onlara çatdırdım“. Millət vəkili sonda onu da vurğuladı ki, Azərbaycana istənilən konqresmen, senator və yaxud da hansısa ölkənin ermənipərəst nümayəndəsi gələ bilər, amma əsas məsələ həmin şəxsləri erməni yalanlarına alət olduqlarını sübut etməkdir: “Biz haqlı olduğumuzu bu insanlara çatdırmalıyıq. Bu nə mənim şəxsi məsələmdir, nə də başqasının. Bu bizim ümumi dövlət maraqlarımızdan irəli gələn məsələlərdi. Hər birimiz çalışmalıyıq ki, erməni yalanlarının açılıb ortaya qoyulması üçün əlimizi daşın altına qoyaq. Əgər müxalifətin mətbuat orqanları bunu etmirlərsə heç olmasa görülən işlərə mane olmasınlar“.
Nahid Canbaxışlı