Neftlə çirklənmiş ərazilər  

20:15 16.08.2019 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu ekoloji problemin həlli üçün hansı addımlar atılmalıdır?

Bu gün dünyada ən böyük problemlərdən biri də texnogen inkişafın daha böyük miqyasa çatması nəticəsində ətraf mühitə təzyiqin artmasıdır. Başqa sözlə, ekoloji böhranın yaşanmasında antropogen təsirlərin rolu ən yüksək həddə çatıb ki, bu da özünü anormal iqlim şəraitində, təbii fəlakətlərin artmasında və s. göstərir. Artıq əksər dövlətlər bu nəticələrin aradan qaldırılması üçün böyük qüvvə sərf etməyə məcbur olublar. Təbii ki, Azərbaycan hökuməti də uzun illərdən bəri mövcud olan ekoloji problemlərin həll edilməsi üçün müxtəlif tədbirlər həyata keçirməkdədir. Lakin buna baxmayaraq, respublikada ekoloji problemlər hazırda da öz aktuallığını qorumaqdadır.

Qeyd edək ki, hazırda ölkəmizdə bir sıra ekoloji problemlər mövcuddur. Həmin problemlərdən biri də torpaqların deqradasiyasıdır. Araşdırmalara görə, Azərbaycanın  8,6 milyon hektar ümumi torpaq fondunun yalnız 4,3 milyon hektarı və ya 50 faizi  kənd təsərrüfatına yararlıdır. Yararsız torpaqlarda eroziya, şoranlaşma, bataqlıqlaşma, kimyəvi çirklənmə və s. proseslərin təsiri nəticəsində deqradasiya gedib. Torpaqların bu faktorun təsirinə məruz qalmasının əsas səbəbləri respublikanın təbii iqlim şəraiti ilə yanaşı, uzun müddət davam edən təsərrüfatsızlıq, əkinçilik mədəniyyətinin aşağı səviyyədə olması, sistemsiz olaraq mal-qaranın otarılması, meşə və yaşıllıqların məhv edilməsi və s. kimi antropogen amillərdir. Digər tərəfdən, respublikanın 1,3 milyon hektar torpaq sahəsi şoranlaşmaya məruz qalıb və bunun tam yarısı suvarılan sahələrdir. Kollektor-drenaj xətlərinin bərbad vəziyyətdə olması, torpaqların relyefi, meliorativ xüsusiyyətləri, şoranlaşma dərəcəsi, qrunt sularının səviyyəsi və s. faktorlar nəzərə alınmadan sututarların tikilməsi, daşqınlar kimi amillər həmin torpaqların şoranlaşmasına və əkin dövriyyəsindən çıxmasına gətirib çıxarıb.

Dağ-mədən işləri, intensiv şəhərsalma və digər antropogen təsirlər nəticəsində 30 min hektardan artıq torpaq korlanıb sıradan çıxıb. Bunun təxminən 15 min hektarı neftlə çirklənib. Qalan yarısı isə kimya sənayesi tullantıları, suvarma kanallarının çöküntüləri, faydalı qazıntı yataqlarının istismarı, tikinti və kommunal müəssisələrin və dağ-mədən tullantıları ilə çirklənib sıradan çıxıb.

Məlumat üçün bildirək ki, hazırda dünya ölkələrində neftlə çirklənmiş torpaqların rekultivasiya texnologiyasının konkret modeli yoxdur. Buna səbəb, ilk növbədə, neft və qaz çıxarılan rayonların müxtəlif fiziki-coğrafi zonalarda yerləşməsidir. Mütəxəssislər hesab edirlər ki, konkret metodun seçilməsi çirklənmənin səviyyəsindən, neftin tərkibindən, çirklənmə müddətindən, torpağın fiziki-kimyəvi və su-fiziki xassələrindən, landşaft və iqlim şəraitindən və s. asılıdır. Belə ki, 5-10 faizdən artıq neftlə çirklənmiş sahələrdə əsaslı rekultivasiya tədbirləri həyata keçirilməmişdən əvvəl, qalıq neft məhsullarının sahədən çıxarılması ilə bağlı işlər yerinə yetirilməlidir. Təcrübə göstərir ki, bu yolla çirklənmə dərəcəsi 10-20 faiz olan torpaqların hər hektarından 1-2 ton neft ayırmaq mümkündür. Torpaq qatından neft intensiv aparılan biotexnologiya üsullarının  köməyilə kənar edilir.

Məsələn, çirklənmə dərəcəsi 10-20 faiz olan sahədə kollektorlar çəkilir, kanal arası sahələrdə şaquli vurulmuş borulardan torpağa yüksək yuyucu qabiliyyətinə malik maddələr (45°C-yə kimi qızdırılmış soapstokun məhlulu, sintetik surfakt məhlulu və s.) yeridilir. Bu maddələr torpaq hissəciklərini neftdən yuyur, torpaq qatından çıxarılan tullantı kanallara axaraq, xüsusi tutumlara yığılır və oradan emal məntəqələrinə göndərilir. Bu yolla qalıq neft miqdarı ərazidən çıxarıldıqdan sonra, sahədə rekultivasiya tədbirləri planlaşdırılır.

Neft və neft məhsulları ilə çirklənmiş torpaqların sağlamlaşdırılması üçün müasir dövrdə mexaniki (fiziki-kimyəvi), bioloji, kimyəvi, termik və biotexnoloji üsullar tətbiq olunur. Dünya ölkələrində bu üsulların qarşılıqlı kombinasiyası əsasında torpaqların rekultivasiyasının 27 forması işlənilmiş və tətbiq olunmaqdadır.

Mexaniki rekultivasiya üsulunda neftlə çirklənmiş torpaq qatı sahədən çıxarılaraq yuma sexinə daşınılır. Sexdə torpağın yuyulması üçün vidroələklərdən, hidrosiklonlardan, buxar qurğusundan, nasoslardan, transportyorlardan istifadə olunur. Bu proses müxtəlif mərhələlərdə gedir. Üç pilləli yuyulma zamanı torpaqdan ayrılan iri fraksiyalar və vibroələkdən keçməyən neftlə çirklənmiş digər dənəvər qrunt hissələri avtonəqliyyat vasitəsilə şlam yığılan sahəyə daşınır. Son mərhələlərdə, təmizlənmiş torpağın tərkibində olan neft məhsullarının miqdarı, müvafiq normaya uyğun minimuma endirilir. Təmizlənmiş torpaq sexdən sahəyə qaytarılır  yayılır. Torpaq işlərinin kartoqramması əsasında planlaşdırmanın hündürlük səviyyəsini relyefə uyğunlaşdırmaq üçün lazım olan əlavə torpaq həcmi yaxın karxanadan rekultivasiya olunan sahəyə daşınılıb buldozerlə yayılaraq ərazinin landşaftı bərpa olunur.

Əgər torpaqda neftlə çirklənmə 5-7 faizdən artıqdırsa, mexaniki rekultivasiya işlərindən sonra sahədə bioloji rekultivasiya tədbirlərinin həyata keçirilməsi məsləhət görülür. Bu üsuldan, aşağı çirklənmə dərəcələrində torpaq qatının sağlamlaşdırılmasında sərbəst (fitomeliorasiya), digər rekultivasiya üsulları ilə birlikdə də istifadə oluna bilər.

Kimyəvi rekultivasiya üsulu zamanı isə təmizləmə aparılarkən, reagentin sulu məhlulu torpağa hopdurulur və ya quru halda torpağa səpilib qarışdırır, torpaq mühitində hidrofob ovuntu əmələ gəlir. Nəticədə neft maddələri parçalanaraq, ağır metallar fiksasiya olunur. Bu üsulda torpağın təmizlənməsinin keyfiyyəti reagentlərin təmizliyindən və torpağa qarışdırılarkən görülən işlərin keyfiyyətindən asılıdır. Bəzən ovuntu torpaq məsamələrinə düşdükdə onun tərkibindəki üzvi maddələr təbii mikroorqanizmlər tərəfindən tədricən parçalanır, nəticədə sahədə təkrar çirklənmə prosesi gedir.

Biotexnoloji rekultivasiya üsulu torpaqdakı çirkləndiriciləri parçalamaq qabiliyyətinə malik olan mikroorqanizmlərdən istifadə etməyi nəzərdə tutur.

Məlum olduğu kimi çirklənmiş torpaq (və ya su) mühitində adi halda gedən bioloji proses nəticəsində öz-özümü təmizləmə gedən bioloji proses, mühitdə mövcud olan mikroorqanizmlərin çirkləndiriciləri parçalanma qabiliyyətinə əsaslanır. Torpaq qatı neftlə və neft məhsulları ilə çirkləndikdə öz-özünü təmizləmə prosesi ləng gedir. Bu proses torpağın aerasiya zonasında məsamələrdəki havanın, rütubətin miqdarından, azot, fosfor və d. elementlərin mövcudluğundan asılıdır. Bir sözlə, bu metodlar tətbiq olunarkən ərazilərin çirklənmə səviyyəsi müəyyən edilir və daha sonra isə təmizlənmə prosesinə start verilir.

Mövzu ilə bağlı fikirlərini bildirən ekoloq Telman Zeynalov deyib ki, Azərbaycanda bəzi ərazilərin neftlə çirklənməsi 200 ilə yaxın zamana dayanır: “Bizdə elə ərazilər var ki, orada neft uzun illərdir çıxarılır. Hətta 200 il neft çıxarılan ərazilər var. Suraxanı və Sabunçuda 160 ildən çoxdur neft çıxarılır. Bu amil, eyni zamanda, hazırda neft hasilatı və emalı müəssisələrinin bu ərazilərdə cəmlənməsi adıçəkilən rayonların ərazilərinin neftlə daha çox çirklənməsinə səbəb olub”.

Ekspert vurğulayıb ki, hazırda dünya ölkələrində neftli torpaqların təmizlənməsinin 100-ə yaxın texnoloji qaydası var: “Tərkibində daha az neft olan torpaqların təmizlənməsi üçün azot gübrəsindən istifadə olunur. Ancaq torpağın tərkibindəki neft 4-5 metrdən daha çox nüfuz edibsə, bu zaman başqa texnologiyalardan istifadə etmək lazımdır. Bunun üçün də bizdə yetərli qədər imkan var. Amma neftdən təmizlənmiş torpaqlarda yaşayış obyektlərinin tikilməsi doğru deyil. Çünki həmin ərazilər radon qazı və digər zəhərli komponentlərlə zəngindir. Bütün bunlar həmin binalarda yaşayan insanların sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. Ona görə də təmizlənmiş ərazilərdə torpaqların münbitliyinin təmin olunması, eləcə də atmosferin və suyun təmizlənməsi üçün bir sıra profilaktik tədbirlər həyata keçirilməlidir. Məsələn, həmin ərazilərdə yaşıllıq salınmalıdır. Bu yolla müəyyən müddətdən sonra torpaq, su və hava təmizlənmə prosesini təmin edə biləcək".

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.