“Nəsimi yaradıcılığında da təbiətin dərk olunması məsələsi xüsusi yer tutur“ - Musa Qasımlı

13:10 07.12.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

“Prezident İlham Əliyevin sərəncamına əsasən, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin respublikamızda “Nəsimi ili” elan olunması tarixi əhəmiyyət daşıyır. Bu sərəncamdan irəli gələrək ölkəmizdə və onun hüdudlarından kənarda müxtəlif tədbirlər keçirilir. Sərəncam nəsimişünaslığın inkişafına və ədibin irsinə bir daha qayıdışa böyük təkan verir. Yeni tədqiqatlar aparılır, kitablar nəşr edilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü isə müstəsna əhəmiyyət kəsb edir“.

Bu sözləri hafta.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.

O bildirib ki, təbiəti, yaşıllığı sevməyi, ona qayğı ilə yanaşmağı klassiklərimiz əsrlərdən bəri yaradıcılıqlarında vacib mövzulardan biri kimi qabardıblar:

“Nəsimi yaradıcılığında da təbiətin dərk olunması məsələsi xüsusi yer tutur. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü həm şairin xatirəsinin əbədiləşdirilməsi, həm də ətraf mühitin, ekologiyanın qorunması baxımından böyük töhfədir. Yaşıllıqlar təbiətin bəzəyi, cazibədar libası, döyünən nəbzidir. Təbiət insandan əvvəl yaranıb. Uca Tanrı insanı Yer üzünə onun gözətçisi olaraq göndərib. Biz həqiqətənmi bu bəşəri vəzifənin öhdəsindən gəlirik?! İnsanın ehtiyatsızlığı bir anda təbiətin yaşıl libasını külə döndərir, göy üzünü alan qara toz-duman, tüstü, zəhər bu bəlaların, faciələrin baiskarı olan insanın həyatını dözülməz edir. Ölkəmizin ayrı-ayrı bölgələrində əkiləcək bu ağaclar boy atacaq, kölgəsində insanlar dincələcək, ekologiyamız da yaxşılaşacaq. Məlum olduğu kimi, ekoloji problemlər dünyanın bir çox ölkələrini qayğılandırmaqdadır. Atmosferdə karbon qazının çoxalması, qlobal istiləşmə, tullantıların ətraf mühiti çirkləndirməsi ciddi ekoloji fəsadlar yaradır. Dünyada həyəcan təbili çalınır. Ağaclar atmosferin çirklənməsinin qarşısını alır, şəhərlərin səs fonunu tənzimləyir. Ona görə də ekoloji problemlərin həlli yollarından biri kütləvi yaşıllıqlar salınmasından və belə nəcib təşəbbüslərin ənənə halını almasından keçir“.