Nəsirəddin Tusi küçəsində abadlıq və təmizlik işlərinə fikir verilmir

19:09 20.05.2020 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

 May ayının 11-dən karantin rejimi götürülsə də, koronavirus xəstəliyi hələ də ölkəmizdən yan keçməyib. Əhali arasında sözügedən xəstəliyin yayılma riski hər zaman baş qaldıra bilər. Paytaxtda təmizlik, dezinfeksiya işləri vaxtlı-vaxtında aparılsa da, lakin şəhərimizin elə qəsəbələri var ki, hələ də natəmizlik içindədir. Ərazilərdə abadlıq və təmizlik işlərinə ciddi fikir verilmir.

Belə ərazilərə misal olaraq Xətai rayonu, Əhmədli qəsəbəsi, Nəsirəddin Tusi küçəsində yerləşən 19, 21 və 23 saylı yaşayış binalarının həyətini göstərmək olar. Həmin binaların həyəti böyük bir ərazini əhatə edir. Burada məişət tullantıları vaxtlı-vaxtında daşınmadığından, külək  zibilləri ətrafa səpələyirdi. Həmin ərazidə futbol meydançasına da rast gəldik.  Meydançanın ətrafında isə vaxtilə salınmış abad məhəllədən əsər-əlamət belə qalmayıb. Söhbətgahların oturacaqları sınıb-tökülüb, əraziyə qoyulmuş oturacaqların isə dəmir dirəkləri qalıb. Sakinlər özləri düzəltdikləri bir-iki sınıq-salxaq oturacaqda oturmuşdu, qalanları isə ayaqüstə gəzirdi. Uşaq oyuncaqlarının əksəriyyəti sıradan çıxıb, yelləncəklər və oyuncaqlar rənglənməyib, təmir edilməyib. Bir sözlə, ərazi toz-torpağın, natəmizliyin içində idi, heç bir abadlıq, təmir və bərpa işləri aparılmayıb. Bu da sakinlərin narazılığına gətirib çıxarır.

 Telman adlı sakin dedi ki, qızım burada yaşayır: “Qızımın evində qalıram.  Bu  abad məhəllə sovet dönəmindən salınıb. Sakinlərin istirahəti üçün hər cür şərait vardı. Baxımsızlıqdan futbol meydançasının dəmir qapılarının dirəkləri qalıb, oturacaqlar və uşaq oyuncaqları sınıb tökülüb. Sakinlərin istirahəti üçün heç bir şərait yoxdur”.

Sakinlər dedilər ki, bu ağacları sakinlər özləri əkib, bağ salmışdılar: “Xətai Rayon İcra Hakimiyyəti başçısının tapşırığı ilə gəlib sökdülər  və dedilər ki, yerində abad məhəllələr salınacaq. Əraziyə baxan  Xətai rayon MKTB 87 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi Elşən müəllim bağları sökəndə sakinlərə söz verdi ki, qısa bir vaxtda abadlıq işləri aparacaqlar. Təəssüflər olsun ki, bağlar söküldü, amma yerində abad məhəllə salınmadı. Əksinə, baxımsızlıqdan sakinlərin min bir əzab-əziyyətlə əkdikləri ağaclar  məhv olur. Ağacların dibləri boşaldılmır, budama işləri aparılmır, suvarılmadığından tələf olur. Məhəllədaxili yollar bərbad vəziyyətdədir. Heç olmasa, gəlib  bu oturacaqları düzəltmirlər.  Sakinlərin düzəltdikləri sınıq-salxaq oturacaqlarda oturmaq olmur. Bir neçə dəfə binalarda dezinfeksiya işləri aparılsa da, ərazilərdə və eləcə də dincəldiyimiz bu parkda bir dəfə də olsun təmizlik işləri görülməyib.  Oturacaqlar, uşaq oyuncaqları və sakinlərin sıx dayandıqları meydançalar dezinfeksiya edilmir”.