Netanyahu Boris  Consonu  Yeltsinlə səhv saldı – Günün təzadları

18:28 09.09.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

İsrailin baş naziri Binyamin Netanyahu Böyük Britaniya hökumətinin rəhbəri Boris Consonu səhvən Yeltsin  adlandırdı.  Hafta.az  xəbər verir ki, Oxu.az bu haqda "RİA Novosti" -yə istinadla yayıb. Bazar günü iclasda çıxış edən Netanyahu Böyük Britaniyaya səfəri barədə danışıb. O deyib: "Londona səfərim çox xoş keçdi, orada baş nazir Boris Yeltsinlə və ABŞ-ın müdafiə naziri ilə görüşdüm". İclasda iştirak edənlər dərhal onun səhvini düzəldiblər. Hökumət rəhbəri gülümsəyib və bildirib ki, qəsdən yanlışlığa yol verib: onu diqqətlə dinləyib-dinləmədiklərini öyrənmək istəyib. Xatırladaq ki, Boris Conson bu ilin iyununda baş nazir seçilib. Boris Yeltsin isə 1991-1999-cu illərdə Rusiyaya rəhbərlik edib. 2007-ci ildə vəfat edib.

 

Şəhid pilotun məzarı üzərindən məktub tapıldı

Mərhum pilot Rəşad Atakişiyevin məzarı üzərindən məktub tapıldı. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərdə deyilir ki, şəhidin qardaşı Nicat Atakişiyev məzarı ziyarət edən zaman üzərində məktub olduğunu görüb. Məktubu oxuyanda çox təsirləndiyini deyən Nicat Atakişiyev orada yazılanları “Xəzər Xəbərlə” bölüşüb. "Tanıyan, tanımayan nə çox sevənin varmış komandir. Mən səni qəzaya düşməmişdən əvvəl tanımayanlardan biriyəm. Şəhid düşmə xəbərini aldığım anda bircə kəlmə deyə bilmədim. Son nəfəsimə qədər səni anacam. Ruhun şad olsun!" -deyə məktubda qeyd olunub. Nicat Atakişiyev tapdığı məktubu sosial şəbəkələrdə də paylaşıb. Xatırladaq ki, şəhid Rəşad Atakişiyevin idarə etdiyi hərbi təyyarə iyulun 24-də, gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğrayıb.

 

Kürdəmirdə polis epilepsiya xəstəsini xilas etdi

Kürdəmir rayonunda polis yolda yıxılıb köməksiz vəziyyətdə qalmış şəxsin həyatını xilas etdi. Hafta.az-ın yazdığına  görə, "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib. Kürdəmir rayon Atakişili kənd sakini İsmayılov Ağasəf Ədalət oğlu yolu keçərkən halı pisləşib və yıxılaraq xəsarət alıb. Ətrafda olan insanların təcili tibbi yardım çağırmasına baxmayaraq, Ağasəf İsmayılov ərazidə xidmətdə olan Kürdəmir Rayon Polis Şöbəsinin bölmə rəisi Samir Məhərrəmovun rəhbərliyi ilə ərazidə xidmət aparan polis patrulunun avtomobilinə mindirilərək Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və xəstəyə ilk tibbi yardım göstərilib. Qeyd edək ki, A.İsmayılov epilepsiya xəstəsidir.

 

Ağsuda tanınmış həkim üzüm yığarkən yıxılıb öldü

Ağsu rayonunda həkim bədbəxt hadisə nəticəsində dünyasını dəyişdi. Hafta.az yazır ki, APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Bəklə kəndində qeydə alınıb. Kənd sakini, Ağsu rayon Mərkəzi Xəstəxanasının cərrah həkimi, 67 yaşlı Balamirzə Məsimov yaşadığı evin həyətindəki çardaqdan üzüm yığarkən ehtiyatsızlıq edib və yıxılaraq ağır bədən xəsarətləri alıb. B.Məsimov müalicə üçün təcili olaraq Bakı xəstəxanalarından birinə aparılıb. Həkimlərin tibbi yardım göstərməsinə baxmayaq, B.Məsimov dünyasını dəyişib. Qeyd edək ki, Balamirzə Məsimov Ağsu rayon Mərkəzi Xəstəxanasında cərrah həkim işləyirdi. Faktla bağlı araşdırma aparılır.

 

İmişlidə  maşın kanala düşdü - 5 nəfər öldü

İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verdi. Hafta.az xəbər verir ki, "Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə saatlarında İmişli-Cəfərli-Əliqulular avtomobil yolunun Əliqulular kəndindən keçən hissəsində baş verib. Qəza zamanı "Opel" markalı minik avtomobili yoldan çıxaraq su kanalına düşüb. Hadisə nəticəsində avtomobildə olan 5 nəfərin öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.