“İnformasiya texnologiyaları evi“ açıldı

15:15 20.10.2011
Yazını böyüt
Yazını kiçilt
Dünən Azərbaycan Tələbə Gənclər Təşkilatında (ATGT) “İnformasiya texnologiyaları evi“nin açılış mərasimi keçirilib. Mərasimdə Prezident Administrasiyasının (PA) Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, təhsil naziri Misir Mərdanov, gənclər və idman naziri Azad Rəhimov, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə iştirak edib.
Tədbirdə çıxış edən ATGT-nin sədri Şahin İsmayılov “İnformasiya texnologiyaları evi“nin reallaşdırılmasında Gənclər və İdman, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin birgə çalışdığını söyləyib. O, 20 stolüstü kompyuter və 5 noutbuku mərkəzə hədiyyə olaraq təqdim edən RİTN-in rəhbərliyinə təşəkkürünü bildirib. Şahin İsmayılov “İnformasiya texnologiyaları evi“nin ittifaqın nəzdində yaradılan və tələbələrə informasiya texnologiyaları sahəsində biliklərini artırmağa dəstək olacaq təlimlərin keçirilməsi üçün əvəzsiz vasitə olacağını qeyd edib. Açılış mərasimində çıxış edənlər ölkəmizdə gənclərin fəaliyyətinin genişləndirilməsi, onların öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını, informasiya texnologiyalarından yüksək səviyyədə bəhrələnməsi üçün yaradılan şəraitdən razılıqlarını ifadə ediblər. Onlar həmçinin gənclərin hərtərəfli inkişafının ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədə olduğunu qeyd ediblər.
Təbriz Vəfalı
Oxunma sayı 74