“Bəstəkarlara müraciət olunmadıqca, bayağılıq bu tendensiya ilə artacaq” - MÜSAHİBƏ

10:32 13.01.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Müasir internet resurslarının əlçatanlığı mahnı zövqlərimizə də müdaxilə etmədi desək, yanılarıq. Bəli, etdi... “Youtube” platformasında trend mahnıların çoxu bayağı və primitivliyi ilə yadda qalır. Danışılır, müzakirələr olur, lakin mahnı zövqlərinin itib-batması elə davam etməkdədir. Bu gün tanınmış bəstəkar Sevinc Tofiqqızı ilə mahnılarımızdan danışdıq. “Zövqümüzü kimlər korlayır, bayağı mahnılardan necə qurtulaq?”. Bu və  digər suallarımıza cavab axtarmağa çalışdıq. Hafta.az müsahibəni oxuculara təqdim edir.

- Sevinc xanım, bu günün mahnı bazarından danışaq. Mahnılarımız niyə bu qədər bəsitləşib?

- Mənim başım öz bəstələdiyim mahnılara qarışıb. Başqaları nə edirsə, o məni düşündürmür. Keyfiyyət hər zaman yadda qalır. Kəmiyyətə qaçmıram. Hər bir bəstəkarın özünəməxsus bəstələri olur. Klassikanı da unutmalı deyilik. Birinci sözə fikir verilməlidir. Müğənninin ifası, aranjman mənim üçün vacib faktordur.

- Maraqlıdır, müğənnilər bəstəkar və şairlərlə işləməkdənsə, elə özləri yazıb-oxumağa meyillidirlər. Siz bu barədə nə düşünürsünüz?

- Haqlısınız. Təəssüf ki, bu gün vəziyyət elədir. Ola bilsin, maddi rifah halı da bir səbəb ola bilər. Və ya həm müğənni, həm bəstəkar kimi fəaliyyət göstərmək düşüncəsi  olanlar da olur. Mən də belə vəziyyətə qarışmıram. İşini bilən, keyfiyyətli mahnılar yazan bəstəkarlara müraciət olunması müğənni üçün müsbət haldır. Özümü nəzərdə tutmuram, bizim çox gözəl bəstəkarlarımız var. Onlara müraciət etsinlər.

- Bir də var, şikayətçi müğənnilər... Deyirlər, yaxşı bəstəkar yoxdur...

- Mən bu fikirlə razı deyiləm. Azərbaycanda hər bir bəstəkarın öz yeri var. Çox gözəl mahnılar da yazırlar. Hansısa bəstəkara müraciət edib, istədiyini ala bilmirsə, bu, o anlama gəlmir ki, bəstəkar yoxdur. Zövqlər hər zaman eyni ola bilməz. Ola bilsin, başqa müğənni o bəstəkarla çox yaxşı anlaşır. Musiqilərimizin kökündə muğam dayanır. Elə olur ki, müğənni mahnı istəyir, yazırsan, amma bəyənmir. Mənə isə müraciət olunanda çalışıram zövqlü, keyfiyyətli bir mahnı yazım. Bu günə qədər də yazdıqlarım sevilib.

- Son illər nə qədər bəstələdiyiniz mahnılar var? Müğənnilər sizə müraciət edir, ya siz onlara?

- İlk dəfə sənətə gələndə kompozisiyalara üstünlük vermişəm. Sonradan Ruhəngiz xanıma müraciət etmişəm. Çox sevimli bəstəkarımız dinlədi və dedi ki, bunları mahnılara çevirə bilərsən. Onun xeyir-duası da bir dəstək oldu. Bir neçə kompozisiyam filmlərdə səslənib. Yadımda qalan “Bir ovuc torpaq” filminin bəstəkarıyam. Qardaş ölkə Türkiyədən də dəvətlər olub. Reklam roliklərinə mahnı bəstələməyim üçün təkliflər olur. Çox sevinirəm, belə təkliflər alıram. Qürur duyuram ki, Azərbaycanımızı təmsil edirəm.

- Filmlərə dəvət olunmaq xoş haldır. Biz adətən, bu ənənəni klassik filmlərimizdə görmüşdük...

- Əlbəttə, bu gün tələbat var. Mən də təkliflər almışam. Sevimli sənətçimiz Flora Kərimova üçün Qənirə Paşayevanın sözlərinə yazılmış mahnı bəstələmişəm. Bu, hanısasa serialda yayımlanmışdı. Yadımda qalmayıb (gülür). Rejissor zəng etmişdi ki, icazə versəniz, biz filmdə səsləndirərdik. O mahnının klipi var idi. İndi də reklam roliklərinə, filmlərə sountrack yazmaq təklifləri olur.

 - Getdikcə mahnıların keyfiyyəti niyə bu qədər aşağı düşür? Yəni artıq ağırçəkili sözləri küçə sözləri əvəz elədi. Burada bir bəstəkar kimi günahı kimdə görürsüz? Bəlkə elə bəstəkarların azlığıdır?

- Bizim çox gözəl səsə malik müğənnilərimiz var. Mənim bütün mahnılarımı tanınmış sənətçilər oxuyub. Onlar arasında gənc müğənnilərimiz də var. Hətta mən uşaqlarla da işləyirəm. İstedadlı, səsi olana fikir verirəm. Müğənninin səsi yaxşıdırsa, mahnı seçiminə də zövqlü yanaşır.  Təəssüf hissi ilə deyə bilərəm ki, notlardan anlayışı olmayan adamlar mahnı yazıb oxuyur. Çox istərdim ki, gözəl əsərlərimizi oxusunlar. Bizim muğamlarımız var. Xarici bəstəkarlar bəzən onlardan  istifadə edirlər. Musiqi alətlərimiz olan tar, kamança, hətta bunlardan istifadə olunur. Nə qədər ki, bəstəkarlara müraciət olunmayacaq, elə bayağılıq da bu tendensiya ilə artacaq.

-  Efirlərdə müğənnilərlərə bir araya gələndə bəs heç bu barədə çağırışlar edirsinizmi?

- Mən sənətimə dəyər verən xanımam. Sənət müqəddəs anlamdır. Övladlarımı necə sevirəmsə, bəstələrimə də münasibətim elədir. İstəyirəm ki, bəstələrim də xoşbəxt olsun. Sevinc Tofiqqızı imzası varsa, orada keyfiyyət olmalıdır. Sənətə dəyər vermək mənim üçün ən başlıca funskiyadır. Pula görə tezbazar mahnı yazıb satmaq keyfiyyətin aşağı düşməsi deməkdir. Mən belə düşünürəm. Başqaları, ola bilsin, belə düşünmür. Mahnını bəstələyəndə xalqımızı, Vətənimizi düşünürəm.

 - Bir ildə nə qədər mahnı bəstələyirsiniz?

- Kəmiyyət yüksəlsə keyfiyyət öləcək. Ona görə çoxluq üçün can atmıram. Mahnını bəstələyəndə yüz ölçüb bir biçirəm. Aranjmanla birlikdə işləyirik. Az olsun, amma mükəmməl olsun. Onu deyə bilərəm ki, hər gün bir mahnı bəstələyib başımdan eləmirəm.

- Günümüzdə sadə sözlərə yazılmış mahnılara üstünlük verilir. Siz də dediniz ki, mənim üçün keyfiyyət önəmlidir. Heç olurmu, bəstələrinizdən imtina olunsun?

- Mən bəstələdiyim şeirə baxıram. Əgər canıma yatdısa, onu bəstələləyib müğənniyə verirəm.

- Adətən, asan və fəlsəfi yükü az olan şeirlər cana yatır, ritmə düşür...

- Mən bir dəfə oxuyanda şeiri artıq bilirəm bu mənlikdi, ya yox. Mənasız şeirləri heç vaxt seçmərəm. Hətta müraciətlər olanda belə, öz fikrimi bildirmişəm. O halda mən bəstələməmişəm. Tanınmış şairlərin sözlərinə yazıram. Bəzən də hansı ki gəncdir, tanınmaq istəyir, mən də dəstək xətrinə bəstələyirəm. Bəzən də baxıram, bayağı deyil şeirləri, o zaman yazıram. 

- Bir çox tanınmış bəstəkar gənc yazıçılarla işləmək istəmir...

- Mən gəncliyinə yox, onun nə yazdığına baxıb dəyərləndirmişəm. Bu yaxınlarda gənc yazar Fuad Biləsuvarlı var. O müraciət etdi. Yazdığı xoşuma gəldi və bəstələdim. Flora xanım oxuyacaq. Onu da bildirim ki, Flora xanım hər mahnını bəyənmir. Bir neçə gənc şair də müraciət edib, onların da şeirlərinə yazmışam. Yaxın zamanlarda təqdimatı da olacaq.

- Bu gün ölkədə müğənnilər kifayət qədər çoxdur. Bəstəkarlar isə barmaqla sayılası qədərdir. Tarazlıq pozulmurmu?

- Bir mahnı yazıb tanınmaq istəyirlər. Görürlər ki, sevilmir və bu sənətdən uzaqlaşırlar. Müasir dövrdə mahnının dinləyiciyə çatması çox sürətlə baş verir. Dinləyicilər o mahnını sevmirsə, artıq bəstəkar ruhdan düşür. Müasir dövrün bəlkə gətirdiyi problemlərdən biridir. Tam müasir dövrlə bağlamaq da yanlışlıq olar.

- Sualı bir az dəqiqləşdirsək: ola bilər ki, yüksək maddi gəlir əldə edə bilmədikləri üçün bəstəkarlar azdır?

- İnsan var ki, düşünür, mahnı bəstələyim, pul qazanım. İnsan da var ki, düşünür, gözəl bir əsər yaratsın və yaddaşlarda qalsın. Yaxşı mahnı yazıb özünü göstərə bilirsənsə, səndən mahnı da alacaqlar. Biz belə hadisələrə az rast gəlməmişik. Hər bir sənət adamı istəyir ki, dolanmaq üçün maddi gəliri olsun. Mən isə bəstələrimdən pul qazanmıram.

- Yaxın zaman kəsiyində xalq artistlərinin sayı çoxaldı. Çoxunun mahnılarının sözləri çox primitivdir…

- Kaş ki, belə primitivlik olmayaydı... Müğənni oxuduğu mahnının sözlərinə fikir verməlidir. Elə hər sözü oxumaq olmaz. O sözlər heç kimin diqqətini çəkməz, çəksə də tez unudular. Mənim də qarşıma çıxır. Bayağı olan hər şeydən qaçıram. Sənətimə hörmət qoyan xanım kimi, bu şeylər mənim qırmızı xəttimdir. Çinarə Məlikzadə çox istedadlı qızdır. Vaxtilə “facebook”da çıxıb oxuyanda mən ona iki mahnı hədiyyə etdim. Sevinirəm ki, Çinarə bu gün çox yüksək yerlərdədi, sevilir, onun səsi Türkiyədən gəlir. Balaca uşaqlarımıza dəstək oluram. Sənətlə yanaşı, həmçinin auitizm sindromlu uşaqlar üçün nəzərdə tutulan tədbirlərə dəstək oluram, fiziki qüsurlu insanlara dəstək olmaqdan heç vaxt yayınmıram. Mənəviyyatımızı qorumalıyıq, əxlaqımızı qorumalyıq. Bütün bunlarla yanaşı, ətrafımızda bizə ehtiyacı olan insanları da diqqətdən kənar qoymamalıyıq.

- Bizə maraqlıdı, dünya təcrübəsi nə deyir. Elə bizdəki vəziyyətdimi? Onların da oxuduqları yalnız birgünlükdü? Siz heç xarici ölkələrin bəstəkarları ilə diskussiyaya girirsiniz?

- Öz mahnılarımla məşğulam. Çalışıram ki, hər bir sahəni izləyim, məlumatım olsun. Yaradıcı insan üçün bu çox önəmlidir. Radio və televiziyalardan bu sahə ilə bağlı gedən prosesləri də izləyirəm. Düzdür, vaxt azdır, amma buna baxmayaraq izləyirəm...

- “Youtube” platformasında trend olan mahnılar var. Bəzən onları birgünlük mahnılar adlandırırlar. Siz də o mahnıları dinləyirsiniz?

- İnsan var, qalmaqalla sənətə gəlir, adam da var, öz sənəti ilə. Mahnılar da belədir. Çalışmaq lazımdır ki, mahnılar birgünlük olmasın, tarixin yaddaşına köçsün. Bizdən sonrakı nəsillərin də dilindən düşməsin. Necə ki, bizim klassik bəstəkarlarımız bizə bir tarix, bir xəzinə qoyub gediblər. Xalq mahnılarımız hər zaman sevilir. Tofiq Quliyev, Fikrət Əmirov, Emin Sabitoğlu kimi dahilər görüb bu Vətən. O bəstəkarlar şedevrlər yaradıblar. O qədər gözəl şairlərimiz vardır ki, onların şeirlərini bu gün də sevirlər. Mahnı, söz, aranjman, müğənni – bütün bunlar bir vəhdət təşkil etməlidir. Aranjman pis gündədirsə, söz mənasızdırsa, o çox uğursuz bir iş olur.  Necə ki, alma var, saf olur, bir də var çürük... Bax, eyni şeydir. Gözəl əsər yaratmaq üçün hər şey dəqiq olmalı, başdansovdu olmalı deyil. Filmlərimizdə bəzən gedən mahnıları internetdən götürüb verirlər. Axı niyə? Bizdə savadlı bəstəkarlar var, niyə müraciət etmirlər? Pul vermək istəməyənlər belə şablon işləri istifadə edirlər.

- Vətənpərvər, yoxsa ümumi bəstələr dəbdədir hazırkı durum üçün?

- Mən hara getsəm, Vətənimi təmsil etmişəm. Şəhidlərimizin ruhuna mahnılar bəstələmişəm. Bu işdə dəstək olan yalnız Allahdır, O mənə qapılar açır. Xalqım mənə dəyər verir. Nə mükafat, nə ad alıramsa, onu xalqımla bölüşürəm. Bu zirvəyə gəlmək üçün xalqın rolu böyük olubdur. Əxlaqını, mənəviyyatını hər şeydən üstün tutmalısan. Bir xanım kimi bunu hər zaman üstün tutmuşam. Mənim çox bəstələrim vətənpərvərlik mövzusundadır. Milli Qəhrəman Mübariz İbrahimov haqqında yazmışam. Xocalı soyqırımı, Qanlı Yanvarla bağlı bəstələrim var. Öz imkanım daxilində bunları etmişəm. Elə olub ki, tək kamera çəkənə demişəm, gedək belə bir şey çəkək. Mən o bəstələri çox çətinliklə etmişəm. Qubada çox çətin bir halda mən dörd dəqiqə yarım kompozisiyanı oynadım. Biz o əzabı çəkdiksə, gör xocalılılar nə əzablar görüb.  Mən tam səmimi deyirəm: müharibə olsa, qadınları aparsalar, müharibəyə getməyə hazıram. İşlərimlə dünyada ölkəmizi tanıtmaq, o acıları göstərmək üçün hər şey etməyə hazıram. Bəstələrimi İraqda, Türkiyədə yayımladıram. Özümü düşmən silahının qabağına verərəm. Vətənimi sevirəm, ölkəmi sevirəm. İnsan əxlaqı, namusu, vətənpərvərliyi ilə seçilməlidir. Azərbaycan Bayrağı qürur mənbəyimizdir, evimdə də bayrağımızı saxlayıram.

- Ənənəvi sualımız var: Sevinc Tofiqqızı kitab oxuyurmu? Şairlərlə maraqlanırmı? Ən son hansı şairin kitabını oxumusunuz?

- Tanınmamış şair qızlarımız var, onları oxuyuram. Araşdırıram ki, görüm nə yazırlar. Bəzən özlərinə də iradlarımı bildirirəm. Zəlimxan Yaqubun kitablarını oxuyuram, şeirlərinə də mahnı bəstələmişəm. Leyla xanım Əliyeva, millət vəkili Cavid Qurbanov, Asif  Fərman və digər şairlərin şeirlərinə mahnılar yazmışam. Bu əsnada silsilə olmasa da, vaxt olduqca oxuyuram.

- Yaxın zamanlara planda hansı layihələriniz var?

- Bəli, planda yeni işlərimiz var. Hər şeyə zaman lazımdır. Yeni kompozisiyalarımız olacaq. Mən bunu tək etmək istiyirəm. Yeniliklər çox olacaq. Vətənpərvərlik mövzusunda yeni ideyalarım var. Allah nəsib etsə, zaman-zaman edəcəyəm.