Sovetskidə son vəziyyət – “70 yaşlı xəstə anamı uçan evin altından çıxartdılar” - REPORTAJ

19:38 19.01.2020 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Yanvarın 16-da paytaxtın Sovetski adlanan ərazisində, Səid Rüstəmov küçəsindəki Təzə Pir Məscidin yaxınlığında yaşayan bir qrup sakinlərin mənzillərinə işıq, qaz və suyun verilməsi dayandırıldı. Ərazidə söküntü işlərini aparıldı. Həmin gün axşam saatlarında evləri sökülən və kommunal xidmətləri dayandırılan sakinlər mərkəzi yolu bağlamaqla etiraz aksiyası keçirtdilər. Sakinlərin etirazından sonra işığın və suyun verilməsi bərpa olundu.

Vəziyyətlə bağlı son durumu araşdırmaq üçün sözügedən ünvanda olduq. Həmin əraziyə polislər nəzarət edirdi. Təzə Pir Məscidinin yaxınlığında evlər söküldüyündən ərazidəki görünüş xarabalığı xatırladırdı. Sökülmüş uçuq evlərin arasında divarıları, qapı və pəncərələri dağılmış lakin hələ də sakinlər yaşayan evlər də var.

Səid Rüstəmov küçəsi, dalan3, ev 20 ünvanda yaşayan sakin Səbinə Xoşbəxt qızı Nadirzadə bildirdi ki,  bütün inftastruktur dağıdılıb: “Təzə təmir etdirdiyim evdir, qapısını, pəncərəsini sındırıblar. İki mərtəbəli evi qanunu evimin üstünə uçurublar. 70 yaşlı anam  evdə daşların altında qalmışdı. Dərhal Fövqaladə Hallar Nazirliyinin  Xilas Etmə Xidmətinə müraciət etdik.  Gəlib bizə kömək etdilər və 70 yaşlı xəstə anamı uçan evin altından çıxartdılar. İki ildir qazımızı kəsiblər. Su və işıq xətlərini sındırıblar. Rabitəni, suyu və işığı kəsmişdilər. Betirazlardan sonra işığı və suyu bərpa etdilər. İşıq çox zəif olduğundan soyuducu işləmir, yemək bişirə bilmirik”.

Onun sözlərinə görə, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, başçının  1-ci müavini Elçin Rzayev,  Maliyyə Xidmətinin rəisi Cavanşir Yusifov, Bakı Şəhər İcra Hakimiyyəti Nəzarət Təftiş Şöbəsinin müdri Zülfəli İsmayılov  bizə bildirdilər ki, bir həftənin içində ərazi boşaldılmalıdır: “Biz etiraz ermirik. Amma bunun məbləğində bizə bütün kompensasiyalar daxil edilməklə, evimizin hər kvadratmetrinə 1500 manat təklif olunur. Amma Prezidentin ayırdığı  vəsaitdən mülkiyyətçiyə  əlavə olan 20 faiz kompensasiya verilmir. Çətinliklərə, narahatçılıqlara görə  kompensasiya növləri ödənilmir. Torpaqların Dövlət  Ehtiyatları üçün  alınması haqqında qanunun 20.3, 56.2, 56.3, 56.4 və 58-ci maddələrinə əsasən ərazinin bazar qiyməti və mövcud infilyasiya nəzərə alınmadan evlərimizi sökürlər.  Halbuki, 24 ailənin  evlərinin sənədləri Apelasiya və Ali Məhkəmədədir. Məhkəmənin qərarı olmadan  mülkiyyət hüquqlarımıza Yasamal RİH  tərəfindən müdaxilə edilir və sökülməklə hədələnilir. Halbuki mənim 330 kvadratmetr evimin və 2,3 sot torpağımın çıxarışı (kupçası) var.  Əvvəllər bizə 50 min manat təklif etdilər, sonra 150, hazırda isə 190 min manat təklif olunur. Yəni, 330 kvadrat evimə 190 min manat təklif olunur.  Bunu kvadrata böldükdə  575 manat edir. Üstəlik 2, 30 sot torpağımın isə pulunu verməkdən vaz keçirlər. Evim 1900-cu ildə alınmış dədə-baba mülkiyyətidir.  1996-cı il tarixli Torpaq İslahatı Haqqında Qanunun 9-cu maddəsində qeyd olunur ki, fərdi mülkiyyətdə olan ev, evin altı və evə bitişik həyətyani sahə vətəndaşın mülkiyyətinə əvəzi ödənilmədən verilib. Ölkə başçısının 1997-ci il 534 saylı Fərmanındakı 1-ci bəndi həmin maddəni təkrarlayır və 2.6-cı maddəsinə əsasən əlaqədar orqanlar vətəndaşın qeydiyyat işini aparmalıdır. Lakin Yasamal RİH süni maneələr yaratmaqla şəxsən mənim  və bir neçə qonşunun Daşınmaz Əmlakın Dövlət Reyster Xidmətindən  vahid mülkiyyət hüququmuzun təmin olunmasına əngəl törədir. Onların tapşırığı ilə buna əməl olunmur. Vahid mülkiyyət hüququ almaq üçün 6 aydır sənədlərim Əmlak Komitəsindədir. Əmlak Komitəsi mənə rəsmi “Bildiriş” göndərib ki, bu haqdda  Yasamal RİH-ə sorğu vermişik. Sorğumuza müsbət cavab alındıqdan sonra sizin istəyiniz təmin olunacaq.  Təəssüflər olsun ki, RİH Əmlak Komitəsinin təkrar sorğusuna cavab verməkdən boyun qaçırır. Bu isə açıq-aşkar dövlətə qarşı təxribatdır. Seçki ərəfəsində bu cür addımların atılması nə dərəcədə doğrudur”.

Tamella Məmmədova adlı sakin xərçəng xəstəliyindən əziyyət çəkdiyini və Milli Onkologiya Mərkəzində süd vəzindən əməliyyat olunduğunu söylədi: ” Evimin ətrafını söküblər.  Mülkiyyətdən maneəsiz hüquqlarım Yasamal RİH tərəfindən əlimdən alınıb. Evimin sahəsi 132 kvadratmetr olduğu halda, onun 63 kvadratının pulunu, yəni 98 min manat təklif edirdilər. Üstəlik 1,3 sot torpağın pulunu vermirlər. Artıq etirazlardan sonra sonra evimi 110 kvardat metrlə hesablayırlar və 90 kvadratmetrinin pulunu isə vermək istəmirlər. Maliyyə Xidməti İdarəsinin rəisi Cavanşir Yusifov belə deyir”.

Tələt Nəcəfov adlı sakin Səid Rüstəmov küçəsi, ev 64-də yaşadığını dedi. Onun sözlərinə görə  evinin təxminən 60 kvatdratmetr ərazisini sökərək qəzalı vəziyyətə salıblar: ”Halbuki evimin içində mebel dəsti, pianino,televiziya, soyuducuya kimi vardı. Bizi aldadıb dedilər ki, evinizi sökməyəcəyik. Yasamal RİH başçısının müavini Elçin Rzayev, Maliyyə Xidməti İdarəsinin rəisi Cavanşir Yusifov Bakı ŞİH təftiş şöbəsinin müdiri Zülfəli İsmayılov 15 nəfər polis əməkdaşı ilə əraziyə gəldilər. Bizi aldatdılar ki,  qonşu evi sökürlər. Amma əllərində heç bir sənəd olmadan  evimin bir hissəsini sökdülər. Evin içində şəkərdən əziyyət çəkən  67  yaşlı həyat yoldaşım Leyla xanım qalmışdı. O evin sökülməsindən xəbərsiz idi.  Bizə də icazə vermədilər ki,  gedək xəstəni evdən çıxardaq. Bu ev mənim şəxsi mülkiyyətimdir. 300 kvardratmetr sahəsi olan fərdi yaşayış evim 1890-cı ildə 3 sot torpağın üstündə tikilib, babamın mülkiyyətidir. Mənə 229 min manat təklif edirlər. Hər kvadratına 700 manat verilir. Təz Pir Məscidin  yanı Bakının ən bahalı torpaq sahəsi, yeridir. Görəsən bu ərazidə tikilən göydələnlərin sahibi evin kvadratına bizə təklif olunan məbləğ dəyərində pul alarmı? Evimizin divarlarına bitiçik  3 mərtəbəli evi sökürlər. Sökülən ev başımıza uçacaq. Böyük bir təhlükə ilə üzləşmişik. Bununla bağlı Yasamal RİH-nin başçısı dünən dedi ki, söküntüdür, biz sizin təhlükəsizliyinizə cavabdeh deyilik”.

Qeyd edək ki, hazırda ərazidə sakitlik hökm sürür. Söküntü işləri dayandırılıb. Problem hansı qaydada həll ediləcək və nə zaman suaalrına isə istirahət günü olması səbəbindən cacab ala bilmədik.