Xalq 20 Yanvar şəhidlərini anır - FOTO-REPORTAJ

13:45 20.01.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 30 il keçir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 137 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar və qocalar da var idi. SSRİ Prezidenti Mixail Qorbaçovun göstərişi ilə Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara hərflərlə yazılıb.

Hər il 20 Yanvar Azərbaycanda Ümumxalq Hüzn Günü olaraq qeyd edilir.

Bu gün yüz minlərlə insan Şəhidlər Xiyabanını ziyarət etməyə gedir, şəhidlərin məzarı üstünə qərənfillər qoyur. Biz də müstəqilliyimizin qazanılmasında öx canlarını əsirgəməyən şəhidlərimizin hazırda uyuduğu Şəhidlər Xiyabanını ziyarət edərək, ziyarətə gələnlərin bu olaylarla bağlı düşüncələrini öyrənməyə çalışdıq.

Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin sədri, ehtiyyatdan olan zabit Füzuli Rzaquliyev də 20 Yanvar faciəsi ilə bağlı keçirtdiyi hissləri hafta.az-la bölüşdü.

Deyir, biz  o günləri yaşamışıq:

"Gözümüzün qarşısında baş verib. Çox acınacaqlı bir gün idi. İnsanlar öldürülürdü. Bu gün isə artıq müstəqilik, güclü ordumuz var. İnkişaf edirik. Bizim problemimiz Qarabağ problemidir. Azərbaycan xalqı hər zaman Prezidentin yanındadır. Prezidentimizin əmrini gözləyirik ki, torpaqlarımızı azad edək”.

Şəhidlər Xiyabanına gələnlər arasında yaşlı insanlarla yanaşı, gənclər də üstünlük təşkil edirdilər. Bu da o deməkdir ki, gənc nəsilin də o faciədən xəbəri var və unutmurlar.

Ziyarət edən gənclərdən biri Həsənov İlkin də bu faciə ilə bağlı fikirlərini bizimlə bölüşdü:

“20 Yanvar hadisələri xalqın birliyini nümayiş etdirdi. Xalq düşmənin zirehli tanklarından qorxmadı, küçələrə çıxdı. Öz müstəqilliyini əldə etmək üçün  fədakarlıqla tankların qarşısına çıxdılar. Biz gənclər də şəhidlərimizi unutmuruq, əziz xatirələrini gəlib yad edirik. Bu gün də gəlmişik ki, onların ruhu qarşısında baş əyək”.

İnsanlar axın-axın bura gəlib şəhidlərimizi ziyarət edirlər. Yerli insanlarla yanaşı xarici vətəndaşlar da var. Onlar da şəhidlərin məzarı üstünə qərənfil qoyurlar, şəhidlərimizi anırlar.

Həsənova Mehbarə xanım da əlində şəhid şəkli ilə şəhidlərimizi ziyarət edənlərdəndir. Onun da bu günlə bağlı fikirlərini öyrəndik:

“Allah şəhidlərimizi rəhmət eləsin. Bizim üçün çox ağır bir gündür. Mən də şəhidlərimizi ziyarətə gəlmişəm. 20 Yanvar hadisəsini unutmamalıyıq. Bütün gənclərə bunu aşılamalıyıq. Onlar da gələcək nəsillərə bu faciə haqqında məlumat ötürməlidirlər. Çünki məsum, günahsız insanları öldürüblər. Bunu necə unutmaq olar?".

Allah şəhidlərimizi rəhmət eləsin!

 

Oxunma sayı 307