Naftalan neftinin başqa bölgəyə daşınması effektli olmayacaq - ARAŞDIRMA

19:28 31.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycanda tibbi turizmin ən çox inkişaf etdiyi bölgələrdən biri Naftalandır. Lakin möcüzəvi Naftalan neftinin çıxarıldığı bu rayonun ərazisinin kiçik, eləcə də müraciətlərin həddən artıq çoxluğu sıxlığın yaranmasına səbəb olur. Bölgədə tibbi turizmin inkişafı ilə bağlı son illərdə çox mühüm addımlar atılsa da, artan tələbat fonunda görülən işlərin azlığı müşahidə edilir. Xaricdən gələn turistlərin sayının artdığını da nəzərə alsaq, qarşıdakı dövrlərdə bu tendensiyanın yüksələn templə inkişaf edəcəyini söyləyə bilərik. 

Ekspertlər vəziyyətdən çıxış yolu kimi Naftalan neftinin tətbiq olunduğu tibbi sanatoriyaların digər rayonlarda da açılmasının vacibliyini önə sürürlər. Bəs görəsən bu təşəbbüs həm tibbi, həm də turizmin inkişafı və iqtisadi baxımından nə dərəcədə effektlidir?

Məsələnin iqtisadi tərəfi barədə hafta.az-a danışan ekspert Rauf Qarayev bildirdi ki, Naftalan neftinin əhəmiyyəti iqtisadi və turizm baxımından vacibdir: “Amma bunun üçün turizm potensialını yüksəltmək lazımdır. Bununla bağlı, Naftalana təyin edilən yeni icra başçısı hal-hazırda ilk addımlarını atır. Hətta, işçilərin ingilis dilini öyrənməsi buna nümunə ola bilər. Bundan əlavə, Naftalanda il boyu turizm festivalları keçirib, turistləri cəlb etmək lazımdır. Yalnız Naftalan nefti tam  olaraq turizm məhsuluna çevirdikdən sonra, bölgələrdə bu neftlə bağlı açılan sanatoriyalar effekt verə bilər. Biznes sahəsində, belə qeyd var ki, əgər məhsulun sənə faydalı olmasını istəyirsənsə, onun adını əbədiləşdir. Ancaq, bundan sonra məhsul sənin  sahibliyində olub və sənə iqtisadi səmərə verəcək”.

Ekspert qeyd etdi ki, Azərbaycanda hal-hazırda Naftalan nefti hələ o adı, effekti tam olaraq, özündə əks etdirməyib. Həmçinin, Naftalan neftinin qiymət siyasəti də turistlər üçün əl çatan olmalıdır.

Qlobal Sağlamlıq Turizm Şurasının prezidenti Ruslan Quliyev isə bizimlə söhbətində dedi ki, Naftalanın ərazisinin balaca olmasına baxmayaraq, tibbi turizm potensialı çox genişdir: “Hətta sovet vaxtı bir gün ərzində 5 min insan müalicə alırdı. Sosialist sovet məkanından da demək olar ki, 1 milyon pasient, eləcə də turistlər sağlamlıq turizmi ilə əlaqədar buraya gəlirdi”.

Ekspert qeyd etdi ki, bu gün bizdə unikallıq ondan ibarətdir ki, sağlamlıq turizminin imkanları heçdə bir-birilərinə rəqib deyillər: “Uroloji Qalaaltı, İstisu, Naftalan başqa-başqa mənbələrdir. Çünki, burada istifadə edilənlər fərqli məhsullardır. Buna görə də, bizdə klasterlərin yaradılmasında ixtisaslaşma getməlidir. Naftalanın potensialı çox genişdir. Burda ekonom mehmanxanalar tikilir. Əsas problem asudə vaxtının təşkili məsələsidir. Bununla əlaqədar, orada müxtəlif iaşə, əyləncə müəssisələri istifadəyə verilməlidir. Gec də olsa artıq həftə sonları Göygöl, Gəncə, Mingeçevir və Şəki istiqamətində turlar təşkil olunmağa başlayıb. Beynəlxalq sərgilərdə məhz buranın sağlamlıq turizmi ilə bağlı potensialının təbliği xarici turistlərin də Azərbaycana gəlməsi üçün fürsət yaradır. Hətta, Qəbələdən, Bakıdan, Gəncə hava limanından da turistlər buraya üz tuturlar. Biz çalışmalıyıq ki, Azərbaycanı lazımı səviyyədə təbliğ edək”.

Ekspert, həmçinin işgüzar turistlərin Naftalanın  tarixi, müxtəlif mədəni potensialı barədə maraqlandığını vurğuladı: “Bu sahəyə dövlət qayğısının artırılmasına, sahibkarlığın sistemli şəkildə təşviq olunmasına ehtiyac var. Güman edirik ki, turizm haqqında qanun qəbul olunanda, sağlamlıq turizmi ilə bağlı əsas müddəlar da orada öz əksini tapacaq. Dünya təcrübəsində də sağlamlıq turzimini başqa ölkələrdə təbliğ edən təşkilatlara subsidiyalar ayrılır. Buna Türkiyə təcrübəsini misal gətirmək olar. Aviadaşımalarda sağlamlıq problemi ilə gələnlərə müxtəlif endirimlər edilməlidir. Hətta, bu yaxınlarda Yaponiya dövləti elan etdi ki, öz ölkəsinə gələn 50 min turistə pulsuz bilet verəcək.

Sağlamlıq turizmini fərqləndirən cəhət odur ki, bu 365 günə paylanan bir turizmdir. Yəni burda mövsüm anlayışı yoxdur. Turizmin digər növlərindən fərqli olaraq, gecələmə sayı daha çoxdur. Bu isə iqtisadi baxımından çox əhəmiyyətlidir. Bunun üzərində həmin konsepsiyani hazırlamalıyıq”.

Naftalan nefti bioloji təsir xüsusiyyətlərinə görə öz orijinallığı ilə seçilir. Hətta, sovet dövründən bugünə kimi, 80-nə yaxın xəstəliyin müalicəsinə kömək edir.

Naftalan sağlamlıq mərkəzinin direktoru İlqar Hüseynov hafta.az-a bildirdi ki, təbii resursların hər biri bir bölgədən başqa bir əraziyə köçürüləndə onların keyfiyyəti azalır və ya itir: “ Məsələn, Yessentuki suyunu gətirib burda içsək, oradakı effekti verə bilməz. Belə çıxır ki, daha ora getməyə nə ehtiyac var? Elə burda içsək, hər şey yaxşı olar... Təbii ki,  bunlar təbiətin sirlədir. Havanın tərkibi, karbonun, azotun miqdarının da müəyyən müalicəvi əhəmiyyəti var. Ona görə də, Naftalan neftinin başqa bir bölgəyə daşınması heç vaxt yerindəki kimi faydalı ola bilməz”.

Beləliklə, aparılan araşdırmadan aydın oldu ki, Azərbaycanda müalicəvi turizm növünün inkişaf etdirilməsi üçün kifayət qədər təbii imkanlar mövcuddur. Bu imkanlardan səmərəli istifadə üçün isə düşünülmüş siyasət və strategiya lazımdır.

Şahnun Qasımova

Sosial rubrikasından digər xəbərlər