189 illik müstəqilliyin şah əsəri - Belçika

19:58 18.07.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Belçika Krallığının Azərbaycandakı səfirliyi bu Milli Gün münasibətilə rəsmi qəbul təşkil edib. Dövlət və hökumət nümayəndələrinin, diplomatik korpusun, ictimaiyyət təmsilçilərinin iştirak etdiyi tədbirdə əvvəlcə hər iki ölkənin himni səsləndirilib.

Çıxış edən Belçikanın Azərbaycandakı səfiri Bert Skufs qeyd etdikləri Milli Günün tarixindən söz açıb. Bildirib ki, iyul ayının 21-i Belçikanın müstəqillik qazanmasının 189-cu, kral Filippin isə taxta çıxmasının 6-cı ili tamam olur və bu münasibətlə Belçika xalqı bayram edir.   

Diplomat ölkəsi ilə Azərbaycan arasında geniş əlaqələr yaradıldığını qeyd edib. Bildirib ki, bu gün Belçika Azərbaycanla iqtisadiyyatın bütün sahələrində - enerji, sənaye, kənd təsərrüfatı, tikinti, infrastruktur və sair sahələrdə əlaqələrə malikdir. Səfir prezident İlham Əliyevin ötən ilin ilk yarısında Brüsselə işgüzar səfərini xüsusi qeyd edərək deyib ki, bu səfər zamanı keçirilən görüşlər və aparılan danışıqlar ölkələrimiz arasında əlaqələrin inkişafını daha da sürətləndirib.

Səfir çıxışının sonunda bildirib ki, elm-təhsil sahəsində də Azərbaycanla sıx əməkdaşlıq edirlər. Məhz bunun nəticəsi olaraq son illər təxminən 50 azərbaycanlı gənc Belçika universitetlərində təhsil alıb ki, onlardan 30 nəfəri hazırda tədbirdə iştirak edir.

Diplomat idman sahəsində də Belçika ilə Azərbaycan arasında geniş əlaqələrin olduğunu deyib. Onun sözlərinə görə, gələn həftə Bakıda keçiriləcək beynəlxalq idman yarışlarında iştirak eləmək üçün 100-dən çox belçikalı idmançı Azərbaycana gələcək.

Azərbaycan tərəfdən söz alan səfir Fərid Abdinbəyov deyib ki, Azərbaycanla Belçika arasında siyasi və iqtisadi əlaqələrin tarixi xeyli keçmişə uzanır. O, Belçikanın Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən olduğunu və 17 iyun 1992-ci Azərbaycanla diplomatik əlaqələrin qurulması haqda müqavilə imzaladığını xartırladıb. Qeyd edib ki, hüquqi baza yaradıldıqdan dərhal sonra ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq genişlənməyə başlayıb.

F.Abdinbəyov Belçikanın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində danışıqlar yolunu müdafiə etdiyini də diqqətə çatdırıb.

Qeyd etdiyimiz kimi, coğrafi baxımdan bir-birindən xeyli aralıda yerləşən Azərbaycanla Belçika arasında bütün sahələrdə geniş əlaqələrin mövcud olduğunu görürük. Ölkələrimiz arasında əlaqələrin kökü Xalq Cümhuriyyəti illərinə uzanır. Tarixi mənbələrdən oxyuruq ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıdakı Qorçakovskaya küçəsi 19 ünvanında Belçikanın nümayəndəliyi yerləşib və nümayəndəliyə konsul Ayvazov rəhbərlik edirmiş. Ancaq sovetlər dövründə ölkələrimiz arasında əlaqələr tamam kəsilib. 70 il ərzində xalqlarımızın milli-mədəni varlığını bir-birinə məhz Belçikada məskunlaşan və bu gün diaspor rolunu oynayan soydaşlarımız çatdırıb. Amma bu cür əlçatmazlıq 90-cı illərin əvvəllərində aradan qalxdı - Belçika Krallığı 31 dekabr 1991-ci ildə öz hürriyyətinə qovuşan Azərbaycanın müstəqilliyini tanımaq haqda qərar qəbul edib.

Azərbaycanla Belçika arasında diplomatik əlaqələrin qurulma tarixi isə 17 iyun 1992-ci ildir. 1995-ci ildə Azərbaycanın Belçikada səfirliyi açılıb. 2007-ci ildə isə Belçikanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Hazırda Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov, Belçikanın ölkəmizdə səfiri isə Bert Skufsdur.

Bu gün ölkələrimizin qanunverici orqanları arasında da qarşılıqlı əlaqələr mövcuddur. Hər iki parlamentdə işçi qrup fəaliyyət göstərir. Milli Məclisdə Azərbaycan - Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Elxan Süleymanov, Belçika parlamentində isə Azərbaycanla dostluq qrupunun rəhbəri Filip Blanşardır.

Ölkələrimiz arasında 7 sənəd imzalanıb.

Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Belçika Krallığı ilə münasibətləri inkişaf etdirməyə böyük önəm verib. Bunun nəticəsidir ki, 3-5 may 1994-cu il, 4-5 may 1995-ci il və 22-23 aprel 1996-cı il tarixlərində Azərbaycanın o vaxtkı prezidenti Heydər Əliyev Belçikaya işgüzar səfərlər edib. Qarşı tərəfin – Belçikanın baş naziri Jan Luk Dean isə 13-15 aprel 1998-ci il tarixlərində Bakıda səfərdə olub.

Hazırda Prezident İlham Əliyev də Belçika ilə yaxşı münasibətlərin olmasına, ölkələrimiz arasında siyasi, iqtisadi və ticari sferada əlaqələrin genişlənməsinə səy göstərməkdədir. Görülən işlərə ən bariz nümunə olaraq 2004-cü ilin may ayından 2019-cu ilin ilk yarısınadək dövlət başçısı İlham Əliyevin Belçikaya 11 dəfə işgüzar səfər etdiyini xatırlada bilərik.

Yeri gəlmişkən, Prezident İlham Əliyevin Belçikaya son işgüzar səfəri bu ilin 13-14 may tarixlərində baş tutub.  

Azərbaycanla Belçika arasında iqtisadi-ticarət əlaqələri də getdikcə genişlənməkdədir. Belçikanın bir neçə şirkəti hazırda Azərbaycanda tikinti, sağlamlıq və günəş enerjisinin istehsalı sahəsində fəaliyyət göstərir. Belçika Azərbaycanın müasirləşməsində və sürətlə inkişaf etməsində maraqlı olduğunu ticarət nümayəndə heyətlərinin ölkəmizə mütəmadi səfərləri zamanı da göstərib. Belçika şirkətləri üçün imkanlar bərpa olunan enerji, supaylayıcı qurğular, kənd təsərrüfatı, ətraf mühit, logistika, nəqliyyat və əczaçılıq sənayesi sahələrində tədqiq olunur.

Enerji sahəsində Azərbaycan-Belçika strateji əməkdaşlığı ikitərəfli əlaqələrdə xüsusi yer tutur. Belçikanın "Fluxys” şirkəti Avropada aparıcı qaz tranziti operatoru kimi ixtisaslaşıb və Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan Trans-Adriatik (TAP) boru kəmərində əhəmiyyətli paya malikdir. "Fluxys'' şirkəti SOCAR-la da sıx əmədaşlıq etməkdədir. Belçika eyni zamanda Azərbaycanın enerji sektorunun diversifikasiyasında da mühüm rol oynayır. Belçikanın günəş enerjisi sahəsində ixtisaslaşmış "Solteç” şirkəti Naxçıvanda Günəş Elektrik Stansiyasını tikib.

Belçika şirkətləri eyni zamanda Bakıya möhtəşəm görünüş verən binaların tikintisində də yaxından iştirak edirlər. Məsələn, Dövlət Neft Fondunun qərargahı üçün bina Belçikanın "BESIX'' şirkəti tərəfindən tikilib. 126 metr hündürlüyü, 24 mərtəbəsi olan, qədim Azərbaycan mədəniyyətinin incilərini özündə birləşdirən bu binanın açılışı 2014-cü ildə olub.

Belçika ilə Azərbaycan arasında ticarət dövriyyəsi əsasən Belçikadan maşın və avadanlıq, qiymətli metallar və kimya məhsullarının idxalı ilə son illər ərzində artmaqdadır. Ölkələrimiz arasında ticarətin həcmi rəsmi məlumatlara əsasən 2018-ci ildə təxminən 66 milyon dollar olub. Bunun 9,2 miyon dolları Azərbaycandan Belçikaya ixrac, qalanı isə Belçikadan ölkəmizə idxalın payına düşüb.

Mədəni sahədə əlaqələr də uğurla inkişaf edir. Belçikanın Azərbaycandakı səfirliyi mədəni mübadiləni möhkəmləndirmək məqsədilə hər il ictimai tədbirlər keçirir. O cümlədən, Bakıda keçirilən "Avropa film festivalı''nda Belçika aktiv rol oynayaraq filmlər nümayiş etdirməkdədir. Bundan əlavə, rəsm sərgilərinin təşkili də eyni maraqlı addımlardan saymaq olar. Belçika hər il Avropa İttifaqının digər ölkələri ilə birgə Bakıda təşkil olunan "Avropa şəhərciyi''ndə, həmçinin “Frankofoniya həftəsi''ndə iştirak edir və sair.

2016-cı ildə Belçikanın Vaterloo şəhərində Xurşidbanu Natəvanın abidəsi ucaldılıb. Abidənin müəllifi heykəltəraş İmran Mehdiyevdir və sair…

Son illər Belçikaya üz tutan azərbaycanlı turistlərin sayı artmaqdadır. Gənc azərbaycanlılar bu ölkəyə daha çox Avropa ilə ilk tanışlıq məqsədi, eləcə də işgüzar səfər, təhsil və ya bayramla əlaqədar səfər edirlər. Azərbaycana gələn belçikalıların sayının artması respublikamızın turizm sahəsindəki imkanlarını genişləndirməsi ilə bağlıdır. Bu da, şühbəsiz ki, iki ölkə arasındakı mövcud əlaqələri daha da gücləndirəcək.

 

P.S. “Həftə içi” qəzetinin kollektivi olaraq Belçikanın ölkəmizdəki səfiri cənab Bert Skufs və səfirliyin bütün əməkdaşlarını təbrik edirik. 

Siyasət rubrikasından digər xəbərlər