Həmyerlimiz Misirdə «doktor» elmi dərəcəsi alıb

12:10 06.02.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı Seymur Nəsirov «Ərəb elminə xidmətdə azərbaycanlı alimlərinin səyləri» mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Hafta.az yazır ki, Qahirədə Açıq Amerika Universitetində, dünyanın ən qədim universiteti sayılan Əl-Əzhər Universitetindən dəvət olunmuş professorlardan ibarət müzakirə komissiyası 3 saat davam edən dissertasiyanın müdafiəsindən sonra Seymur Nəsirovu ən yüksək qiymətlə (birinci dərəcəli fərqlənmə) doktorluq elmi dərəcəsinə layiq görüblər.

337 səhifədən ibarət olan dissertasiya işində 146 mötəbər ərəb mənbəyinə istinad edərək, 150-dən çox azərbaycanlı alim haqqında yazılıb. Eyni zamanda, Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti və əzəli torpaqları haqqında ətraflı şəkildə qeyd olunub.

Qeyd edək ki, S.Nəsirovun magistr dissertasiya işini də ərəb mənbələrinə istinadən «Azərbaycanda ədəbi cərəyan» mövzüsünda müdafiə edib.

Xatırladaq ki, S.Nəsirov 22 ildən çoxdur, ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqat aparır. Onun çoxlu sayda elmi və publisist məqalələri ərəb və Azərbaycan dillərində dərc olunub. Dörd ildir Qahirə Universitetində Azərbaycan dilini tədris edir və 17 ildir ki, Misirdə təhsil alan, 60 ölkədən olan 1000-dən çox xarici tələbəyə rəhbərlik edir. Qahirədə yaratdığı Azərbaycan diasporu mərkəzində hazırda dünyanın 27 ölkəsindən Misirin müxtəlif universitetlərində təhsil alan 300-dən çox tələbə müxtəlif fənlər, o cümlədən Azərbaycan dili üzrə ödənişsiz təhsil alır.

Oxunma sayı 1085
Sosial rubrikasından digər xəbərlər