«Yasamal RİH bizə sosial evlərə köçməyi təklif edib» - «Sovetski»də son durum-VİDEO

16:10 07.02.2020 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Bir müddət əvvəl “Sovetski” adlanan ərazidə sökülməsi planlaşdırılan, lakin bəzi səbəblər üzündən hələ də söküntüsü reallaşmayan evlərlə bağlı hadisələr cərəyan etdi. Sakinlər tərəfindən etiraz aksiyası keçirildi. Yenidən başladılan söküntü prosesi isə dayandırıldı. Qeyri-müəyyən vəziyyətlə əlaqədar sakinlər müvafiq dövlət qurumlarını, onlar isə sakinləri ittiham etdilər. Vəziyyətin hazırda necə olduğunu aydınlaşdırmaq üçün yenidən həmin ərazidə olduq.

Səid Rüstəmov küçəsi, dalan 3, ev 4-də yaşayan  Səbinə Xoşbəxt qızı Nadirzadə bildirdi ki,  “Həftə içi” qəzetində dərc edilən məqalədən sonra Bakı Şəhər İcra Hakimiyyətinin Nəzarət Təftiş Şöbəsinin rəisi Zülfəli İsmayılov yenidən buraya gəlib: «Yanvarın 27-də sakin Tələt Nəcəfovun evinə bitişik qonşunun mənzilinin divarını söküb, onun evinin üstünə tökməyə çalışdılar. Halbuki evdə yaşlı qadın və iki körpə uşaq vardı. Biz Fövqəladə Hallar Nazirliyinə zəng etdik. Gəlib dedilər ki, belə söküntü qətiyyən olmaz, evdəkilərə zərər dəyə bilər. Sonra Daxili İşlər Nazirliyinin “102” nömrəsinə zəng etdik.   Oradan da gəlib Zülfəli İsmayılovu ərazidən uzaqlaşdırdılar. Daha sonra yanvarın 29-da  Samir Məmmədova məxsus Vidadi, 11 ünvanındakı evi sökmək istədilər. Yenə də biz həmin söküntünü dayandırdıq. Qonşular adından Bakı Şəhər və Respublika Prokurorluğuna ərizə yazdıq, teleqram göndərdik. Məktubun cavabları, artıq Bakı Şəhər İcra Hakimiyyətinə və bir nüsxəsi də Daxili İşlər Nazirliyinə gəlib. Qorxu içində yaşayırıq. Seçkilərə görə 3-4 gündür ki,  Zülfəli müəllim gəlmir. Deyilənə görə, seçkilərdən sonra gəlib evlərimizi sökəcəklər”.

Səbinə Nadirzadə adlı sakin dedi ki,  fevralın 6-da 10 nəfər sakinlə birgə Bakı Şəhər İcra Hakimiyyətinə şikayətə gediblər:

«Biz sakinləri Bakı Şəhər İcra Hakimiyyəti Aparatının rəhbəri  Elgün Həbibbəyli 4 nəfər nümayəndə ilə qəbul etdi. Zoraklığa məruz qaldığımızı əks etdirən videomaterialları onlara təqdim etdik. Biz Aparatın rəhbərindən Zülfəli İsmayılovun vəzifədən uzaqlaşdırılmasını tələb etdik. Dedilər ki, onun haqqında ölçü götürüləcək. Dedilər ki, sizin işiniz iki qurumdan –  Yasamal Rayon İcra Hakimiyyəti və Maliyyə Nazirliyindən asılıdır. Hər iki qurumla danışıqlar aparıb bu məsələni müzakirə etdikdən sonra, sizə ətraflı məlumat verəcəyik. Yasamal RİH isə bizə sosial ev təklif edir. Halbuki sosial mənzillər aztəminatlı ailələr üçündür. Ən böyük ev 50-70 kvadratmetrdir. Bu da bizə sərf eləmir. Sotu 500 min manat olan torpağı əlimizdən alıb, 40-50 kvadratlıq mənzillərə köçürmək istəyirlər.  Bu ədalətsizlikdir. 4-5 ailə razılaşıb sosial evlərə köçdü. Yenə də evin kvadratına 700 manat pul təklif edirlər”.

 Səid Rüstəmov küçəsi, 28 saylı evin sahibi Tələt Nəcəfov elə bir yeniliyin olmadığını söylədi:

“Evimin kupçasında 300 kvadratmetr göstərilən yaşayış sahəsini 124 kvadratmetrlə hesablayırlar. Hələ ayrılan kompensasiyadan söhbət getmir, heç onu da vermirlər, bizi aldadırlar”.

Sakinlər ümidlərini, ancaq ölkə rəhbərliyinə bağlayıblar. İnanırlar ki, aidiyyəti qurumlar onların işlərinə ədalətlə baxıb, həll edəcəklər.

Sosial rubrikasından digər xəbərlər