Həftənin “avtobus sürücüsü” - Həftə-reyrinq

18:41 07.02.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Müğənni Fədayə Laçın qəribə arzusunu dilə gətirdi. ATV-nin "Üçümüz" verilişinin qonağı olan ifaçı tamaşaçıların suallarını cavablandırıb. Suallardan biri belə olub: "Avtobus sürücüsü olardız?". Fədayə sualı eşidib təəccüblənib: "Uşaqlıqda istəmişəm. Bu sualı yazan kimdirsə, bu arzumu bilir. Avtobus sürməyi çox xoşlayıram, yenə də olmaq istərdim". Aparıcılar sözügedən sualı Fədayənin oğlu Əlhəmin yazdığını açıqlayıblar.

 

Həftənin “kobud prezidenti”

ABŞ prezidenti Donald Tramp "Ölkənin vəziyyəti haqqında" illik müraciətindən əvvəl Konqresin Aşağı Palatasının spikeri Nensi Pelosinin əlini sıxmaqdan imtina etdi. Qeyd edilir ki, hadisə ABŞ dövlətinin başçısı müraciətinin başlanğıcından əvvəl, çıxışının mətnini qanunverici orqanının hər iki palatasına vermək üçün tribunaya qalxan zaman baş verib. Bu zaman spiker Nensi Pelosi prezidentə əl uzadıb. Lakin qadın dövlət başçısının cavab jesti ilə qarşılaşmayıb. Nensi Pelosi prezidentin bu hərəkətinə gülüb. Bu, ABŞ prezidentinin siyasi rəqibinə qarşı ilk xoşagəlməz rəftarı deyil. 2019-cu ilin oktyabrında Donald Tramp “Twitter”-dəki səhifəsində spikerin fotosunu paylaşaraq "Öz iflası ilə məyus edilmiş əsəbi Nensi" sözlərini yazıb. Ötən il dekabrın sonunda isə Tramp özünün “Twitter” sosial şəbəkəsindəki mikrobloqunda spiker Pelosini "dəli Nensi" adlandıraraq aşağılayıb.

 

Həftənin “Putin mükafatçısı”

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın bu ölkədəki səfiri Polad Bülbüloğlunun Rusiya-Azərbaycan münasibətlərinin inkişafındakı böyük xidmətlərinə görə fəxri diplomla təltif edilməsi barədə sərəncam imzaladı. Müvafiq sənəd hüquqi informasiyanın rəsmi portalında dərc olunub. Xatırladaq ki, bundan əvvəl Rusiya prezidenti Azərbaycan səfirini 75 yaşı münasibətilə təbrik etmişdi.

 

Həftənin “mühərrikçi qadını”

Yevlaxda yaşayan Xuraman Məmmədovanın adətən kişilərin seçdiyi sənətlə məşğul olduğu üçün hamını təəccübləndirdiyi bəlli oldu. Divardakı güllər bu təmir sexində çalışanın qadın olmasından xəbər verir. X.Məmmədovanın 65 yaşı var. O, 47 ildir su mühərriki, tozsoran, ətçəkən və digər elektrik avadanlıqlarının təmiri ilə məşğuldur. Xanım usta bildirir ki, ona Bərdə, Tərtər, Ağdaş, Ucardan da müraciət edənlər var. O, sarğısı yanan mühərriki bir saata işlək vəziyyətə gətirir. X.Məmmədova gün ərzində 4-5 mühərrik təmir edə bilir. Peşəsi çətin olsa da, o sənətinə vurğundur. Qazancı da qane edir. Yevlaxlı usta maraqlı hadisələrlə də az qarşılaşmır. Bəzən onunla mübahisə edənlər olur ki, qadından usta olar?! Rayonda X.Məmmədovaya “təqaüdçülərin anası” da deyirlər. Xanım usta hər zaman onları növbəsiz yola salır, həm də zəhmət haqqını az alır.

 

Həftənin “keçi oğrusu”

Quba rayonu Yeni Yaşma kəndi ərazisindən Sumqayıt şəhər sakini Rüfət Sadıqova məxsus “Niva” markalı avtomobili qaçırmaqda və Yaşma qəsəbəsi ərazisində Qobustan rayon sakini İlqar Məmmədovun otardığı 40 baş keçini soyğunçuluq yolu ilə aparmaqda şübhəli bilinən qəsəbə sakini Emin Sadıqov saxlanıldı. DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  saxlanılan şəxs ifadəsində törətdiyi əməllərini etiraf edib. Faktla bağlı Xızı RPŞ-nin İstintaq Qrupunda araşdırmalar aparılır.

 

Həftənin “psixiatr məşqçisi”

 "Qalatasaray"ın baş məşqçisi Fatih Terim Türkiyə kubokunun 1/4 finalında "Alanyaspor"a 0:2 hesabı ilə uduzduqları ilk matçın gedişatında futbolçusu Yunes Belhandaya əsəbiləşdi. O, start heyətdə şans verdiyi 29 yaşlı yarımmüdafiəçinin dəqiq olmayan ötürməsindən sonra iki əlini də yana açıb və köməkçisi Hasan Şaşa Belhanda ilə bağlı "Xəstə, ruhi xəstə" sözlərini deyib. Qeyd edək ki, Belhanda 80-ci dəqiqədə əvəzlənib.

 

 Həftənin “kosmik dövləti”

İran astronavtlar üçün kosmik kapsullar hazırlamağa başladı. Bunu ölkənin informasiya və rabitə texnologiyaları naziri Məhəmməd Cavad Azari Cahromi bildirib. “Bu gün biz bunu elan etməyə hazırıq. Elmlər Nazirliyinin araşdırma mərkəzinə bir insanın 190 kilometrlik orbitə çıxmasını təmin edən beş kosmik kapsulun üç il müddətinə hazırlanılmasını tapşırmışıq”, - iranlı nazir belə deyib. Qeyd edək ki, Cahromi bir müddət əvvəl İranın kosmosa kosmonavt göndərmək niyyətində olduğunu bildirib. Ancaq bunun üçün digər dövlətlərin yardımına ehtiyac olduğunu da əlavə edib.

 

Həftənin “tərəvəzi”

Çində tüğyan edən koronavirus epidemiyasının iqtisadiyyata zərbələri artıq bir çox sahədə özünü göstərdi. Bu yalnız yüksək texnologiya və ya sənaye məhsullarında deyil, kənd təsərrüfatı məhsullarına da aiddir. Xüsusilə Çinlə qonşu olan Rusiyada artıq təhlükə siqnalalrı çalınmağa başlanılıb. Rusiyanın “Rosselxozbank” bankının sahə ekspertiza mərkəzinin mütəxəssisləri yaxın vaxtlarda tərəvəzin, xüsusilə sarımsağın Rusiya bazarlarının piştaxtalarından yoxa çıxacağını proqnozlaşdırıblar. “Praktikada Çin tərəfindən sarımsaq tədarükünün dayandırılması halında artıq bir çox şəbəkə mağazalarında bu tərəvəzi görməyəcəyimiz anlamına gəlir”,-deyə mərkəzin eksperti Andrey Dalnov qəzetə bildirib. Rəsmi informasiyalara görə, Rusiyada sarımsağın ümumi idxalı ildə 50 min ton, ümumi istehlak miqdarı isə 260 min ton təşkil edir. 

Oxunma sayı 757