10 yaşlı Nərminin atası: “Övladımın qatili tapılıb cəzalandırılsın”

17:21 11.02.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Yanvarın 16-da Tovuzun Dondar Quşçu kəndində yandırılaraq qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın 40 mərasimi keçiriləcək. Onun yandırıldığı məlum olan gündən bu yana məktəblinin hansı şəraitdə qətlə yetirilməsi, qatilin əsl kimliyi ilə bağlı söz-söhbətlər, şaiələr bitmək bilmir.

Hətta yayılan xəbərlərdə Nərminin avtomobillə vurularaq öldürüldüyü, cinayətkarın hadisəni ört-basdır etməsi ilə bağlı atası Şərif Quliyevə pul verməsi ilə bağlı xəbərlər yayıldı. Ardınca 10 yaşlı Nərminin qatilinin İlkin Süleymanov deyil, Altay Ələkbərov adlı kənd sakininin olması iddiası səsləndirildi.

Bütün bu məsələləri yerində araşdırmaq üçün Tovuza - Dondar Quşçuya üz tutduq. Dərə-təpə düz gedib, soraqlaya-soraqlaya Nərminin yoxa çıxdığı evə - əmisigilə çatdıq. İndi Nərmin Quliyevanın ailəsi burada yaşayır. Əmisi traktoru işə salıb harasa getmək istəyirdi. Əl saxladı. Dayandı. Kim olduğumu dedim. Hafta.az-ın əməkdaşı olduğumu söylədim. Əvvəlcə müsahibə verməkdən imtina etdi.

Sonra atasının evdə olmadığını söylədi. Saytlarda yayılan məlumatlardan gileyləndi. “Nə gəldi yazırlar” – dedi. Sonra faciəvi şəkildə öldürülən qızcığazın atasını çağırtdırmaq üçün arxasınca uşaq göndərdi.

Nərminin böyük bacısını gördüm. İndi bütün ölkədə faciəvi ölümü ilə məşhurlaşan bacısına çox bənzəyir. Torpağı sanı yaşasın-deyib yanından ötürəm. Üzündə qəm qarışıq bir təbəssüm var. Babası isə “Lifan”ın qırıq-söküyünü düzəldir.

Elə bu vaxt Şərif kişi gəldi. Salamlaşıb görüşdükdən sonra kim olduğumu söyləyirəm. Bir az söhbətləşdikdən sonra müsahibəyə razı salmaq mümkün olur. Evə keçirik. Evdə qadınlar odun sobasının ətrafında əyləşiblər. Vahiməli səssizlik hökm sürür. Nərminin anasını soruşuram. Deyirlər ki, qəbir üstə gedib. Özü də qızları ilə... Sən demə bizim başımız Şərif kişi ilə bayırda söhbətə qarışarkən Aynurə xanım qızlarını da götürüb qəbirstanlığa gedib. Şərif kişi yoldaşının hər gün Nərminin qəbrini ziyarət etdiyini deyir. O, bir neçə gün öncə qızının başdaşının qoyulduğunu da bildirdi: “Fevralın 16-da qırx mərasimidir. İki-üç gün qabaq başdaşını qoyduq. Xərcini İcra Hakimiyyəti öz üzərinə götürdü”.

Söhbəti başqa bir otaqda davam edirik. Söhbətə haradan başlayacağımı bilmirəm. Ağır ortamdır. Vahimə basır adamı. Sanki Nərminin ruhu da həmin evdədir. Bizim yanımızda oturub. Nərmin haqqında atası lap başdan danışmağa başlayır:

-Üç qızım var. Nərmin ailənin ikinci uşağı idi. 2009-cu ilin fevralın 2-də doğulub. Dəfnindən iki həftə sonra 11 yaşı tamam oldu. 2015-ci ildə də birinci sinifə gedib. Beşinci sinifdə oxuyurdu. Məktəbdə də belə də... normal oxuyurdu. Orta qiymətlər alırdı. Bir az idmana meylli uşaq idi.

-Hansı idman növünə marağı vardı?

-Nə bilim, yüngül atletika, güləş... Nə bilim, hərdən evdə deyirdi ki, ay ata, məni idmana qoyarsan. Məktəbdə də turnik kimi şeylərə həvəs göstərirdi. Bir sözlə, idmana həvəsli idi.

-Bildiyim qədər şəkil çəkməyə də həvəsi olub...

-Hə. Şəkil çəkməyə də həvəsli idi. Evdə də şəkillər çəkirdilər. Bir də gördün üç bacı evdə şəkillər çəkirdilər. Bir-birinə göstərirdilər. Hamı ilə münasibəti ilə yaxşı olub.

-Gələk Nərminin itkin düşdüyü günə... Mediada yayılan məlumatlara görə, həmin gün kənddə toy vardı və sonra nələr oldu?

-Yox. Ondan iki gün qabaq qardaşım qızının toyu olub. 20-si günü toyda olmuşuq. 21-i günü səhər Nərmin məktəbə getdi. Saat 12-də Nərmin 4-cü dərsdən çıxıb evə gəldi. O biri qızlarımın həmin gün 5 dərsi var idi. Çörək yedi. Dedim ki, ay qızım, gödəkcəm əmingildə qalıb. Gedib onu gətirərsən. Yəni, gödəkcəm bu evdə qalmışdı. Onun da gödəkcəsi məndə idi. Öz evimizdə. Dedi ki, bacılarım dərsdən gəlsin, apararam ay ata. Etiraz eləmədim. Bu qızım o birilərinə baxanda bir az cəld idi. Saat 2-də, 3-ə işləmiş dedi ki, ay ata, gedib gödəkcəni götürüb gəlirəm. Dedim ki, get. Qardaşımın məndə olan gödəkcəsini verib, indi söhbət etdiyimiz evdən mənim gödəkcəmi götürüb çıxıb. Gördüm gec gəldi. Düşündüm ki, o biri nənəsigilə gedib. O biri bacısını dalınca göndərdim. Həmişə gedib-gəldiyi evlərdir. Dedim ki, yəqin başı oynamağa qarışıb. Həmişə uşaqlarla oynayırdılar. Yenə də öz-özümə dedim ki, əşşi, uşaqdı, eybi yoxdu, qoy oynasınlar... Qardaşımın evi idi. Söz vermişdim ki, toya aparacam səni. Evə gəldim ki, 10-un yarısıdır. Beş-altı saatdan sonra “102”yə zəng elədim... Polislər sağ olsun, bu gün də bizimlə bir yerdədirlər. İtəndən 47 gün sonra yanvarın 6-da saat 9-un yarısında mənə dedilər ki, Nərmin tapılıb. Özü də yanmış vəziyyətdə...

Bu məqamda  - ilk görənlər kim olub bəs? Çünki mediada fərqli adlar və soyadlar çəkilirdi - deyə Şərif kişiyə sual edirəm.  Cavabı qısa olur:

Deyilənə görə Nazim, İlkin və İlkinin əmisi oğlu Murad var, onlar görüb. Hadisəni ən axırıncı bilən özüm olmuşam. Hamı çəkinib mənə deməyə, ağır məsələ olduğu üçün deyə bilməyiblər. Mənə də xəbəri qardaşım dedi. Əvvəlcə polis gəldi, amma o da deməyə çəkindi. Sonra polis rəisimiz Şirzad müəllim gəldi. Dedi ki, ay Şərif, uşaq bu formadadı, yanıb... Sonra arxamca maşın göndərəcəyini dedi. Qardaşım da orada bildirib ki, ta olan olub – fikri ilə xəbəri mənə özü deyəcək. Heç  meyidə yaxın buraxmadılar. Yanvarın 7-i günorta Bakıdan ekspertiza gəldi. Bəziləri deyir ki, uşağı dərhal basdırıblar. Elə olmayıb. Bunların hamısı yalandır. Uşaq 6-ı axşam yandırılıb. Ayın 7-də saat birin yarısında ekspertizaya gedib. Axşam saat 7-yə işləmişə kimi ekspertiza gedib. Hansısa ağzıgöyçəklər deyir ki, uşaq tamamilə yanıb. Yalandır. Üzü salamat idi. Hətta əynindəki gödəkcəsi də yarıya qədər yanmışdı. Sinəsindən yuxarısına heç nə olmamışdı. Yanan hissəsi qurşaqdan aşağı idi. Uşağın sifəti yanmamışdı. Tam yansaydı tanımazıdım. Ayağındakı ayaqqabıya da heç nə olmamışdı”.

Benzinlə yandırılıb?

Nərminin atası yenə də “deyilənə görə” sözü ilə söhbətə başlayır. Bildirir ki,  yanında benzin bidonu olub. Yağ da tökülüb: “Hətta söz-söhbət yayıldı ki, uşaq iki dəfə yandırılıb. Bəlkə də iki dəfə yandırıldığını görən var. Bu barədə heç nə deyə bilmərəm. Mən bunu necə deyə bilərəm. Ekspertizadan keçib. Onlar baxıblar. Təfərrüatı da onlar ictimaiyyətə açıqlayıb. Biz nə deyə bilərik ki?! Nərmini ayın 7-i günü basdırmadıq. Baş prokurorun müavini Kamal Qılıcov, daxili işlər nazirinin müavini Arzu Daşdəmirov, Milli Məclisin deputatı Qənirə xanım Paşayeva – hamısı burada idi. Hamısına təşəkkür edirəm, canları sağ olsun”.

Keçmişi vərəqləmək və beynimdə ilişib qalan “düyün”lərin “ilgəyini” açmaq üçün sorğu-suala tuturam Şərif kişini:

-Axtarışlara konkret olaraq nə zaman başlanılıb?

-Noyabrın 21-i axşam saat 10-a işləmişdən polislərlə birgə axtarışlara başlamışıq. Bu evdən (Nərminin əmisi evindən-T.T) çıxıb bizim evə gedən yolun üzərindəki döngəyə çatanda yoxa çıxıb.

-Bəs qətldə ittiham olunan İlkingilin evi Nərminin itdiyi döngəyə yaxındırmı?

-Bəli. Təxminən 30-40 metr məsafədədir. Bu evdən həmin döngəyə məsafə isə 200-250 metrdir.

-Şərif kişi, yayılan xəbərlərdə Nərminin ölümündə ata-anası, əmisi də ittiham olundu. Bir versiyaya görə Nərmini maşınla vurub qaçıblar. Sonra da izi itirmək məqsədi ilə yandırıblar. Bu məsələlərlə bağlı nə deyə bilərsiniz?

-Bəli, yayılan xəbərlərin hamısından məlumatlıyıq. Maşınla vurulma məsələsi bizim əvvəlki versiyalarımız idi. Uşağın yandırıldığı günə kimi ağlımızdan hər şey keçirdi. Versiyalarımız idi. Sonra ekspertiza dedi ki, uşaq 3-4 gün bundan qabağa kimi yaşayıb. Başından küt alətlə vurulub. Ekspertizanın rəyini deyirəm. Bunları özümdə quraşdırmıram.

-Sizcə Nərminin qətlinə səbəb onun axtarışları gedən vaxt televiziyada müzakirəsi də səbəb ola bilərdimi?

-Nə deyim vallah. Ola da bilər... Hazırda istintaq gedir. Yekunlaşanda hər şey bilinəcək. Üç gün bundan qabaq baş prokurorluqdan bizə məktub gəlib. Həmin adam martın 28-nə kimi həbsdə qalacaq. Mən dövlətimə, onun hüquq-mühafizə orqanlarına inanıram. İşə ədalətlə baxılacağına şübhəm yoxdur.

-İlkin ali təhsilini Moskvada alıb. Savadlı adamdır. Bir çoxları onun qatil ola biləcəyinə inanmır...

-Bəli, mənimlə on il bir sinifdə oxuyub.

- Ədavətiniz olubmu İlkinlə?

-Yox, vallah. Nəinki İlkinlə, bu kənddə heç kimlə ədavətim olmayıb. Uşaq itəndən sonra İlkinlə iki-üç dəfə görüşmüşük, salamlaşmışıq. Axtarışlar zamanı da mən kimsənin yaxasından tutub demədim ki, mənim uşağım... (söz ağzında düyünlənir). Dövlətdi, tutub, yaxalayıb. Deyir bəzi sübut və dəlillərimiz var. İstintaq sirridir. Mənə deməzlər. Dedilər ki, bütün suallarınız cavablandırılacaq. Mən də istəyirəm ki, övladımın qatili tapılıb cəzalandırılsın. Mən yox, bütün Azərbaycan istəyir. Hamı maraqlanır. Hər kəsə təşəkkür edirəm. Prezidentimiz İlham Əliyev, Mehriban xanım sağ olsun. Maraqlanırlar. Bu iş birbaşa prezidentin nəzarətindədir.

-Nərmini axtararkən bütün evlər axtarılmışdı. İlkingilin evindən başqa...

-Bəli.

-Bəs İlkinin özü axtarışlara qoşulmuşdumu?- sualıma isə Şərif Quliyev –xeyr- deyə cavab verir.  

Onu da əlavə edir ki, qətldə ittiham olunan İlkinin əmisi oğlu, polis işçisi sonradan axtarışlara qoşulması məsələsini də danmaq istəyib: “İlkin bizimlə bərabər axtarışlara qoşulmayıb. Onun əmisi oğlu polisdir. Murad Süleymanovu deyirəm. Həmin vaxt məzuniyyətdə idi. Həmin axşam onun özü də axtarışlara qoşulub. Amma bəzi açıqlamalarında deyib ki, bizimlə axtarışlara qatılmayıb. Yalan danışır. Sübut edə bilərəm, bizimlə birgə o da axtarışlara qoşulmuşdu. Bunu mən demirəm, polis yoldaşları da bilir ki, bizimlə birgə axtarışlara qatılıb. Polis rəisi Şirzad müəllimlə gecə saat 2-yə, 3-ə qədər arx-iz demədən hər yeri ələk-xəlbir edib axtarırdıq. Deyirlər ki, həmin evi axtarmağa Murad maneə yaradıb. Bu haqda da heç nə deyə bilmərəm. Nə bilim, vallah... Deyirdi ki, o evdə xəstə əmim var. Bilirdik ki, əmisi İbrahim müəllim xəstədir”.

Bu zaman Nərminin əmisinin həyat yoldaşı bizim otağa daxil olur. Qabağımıza çay qoyur. Özü də limonlu. Hətta aclığınız varmı?- deyə sual verir. Yeməyə təklif edir. Təşəkkür edib –söhbətimizə davam edirik:

 

-İlkin televiziyada da çalışıb deyilinə görə...

-Bəli, rayon televiziyasında işləyib. Nərmini onun öldürməsi ilə bağlı sübut-dəlil varsa, mən nə deyə bilərəm?!Nə oldu, bu boyda ekspertlər yalan danışdı?! Ola bilməz axı... Nə deyim vallah.

-İlkinin ailəsi isə əksini iddia edir. Deyirlər ki, qətli İlkin törətməyib...

-Bəli, elə deyirlər. Amma ekspert deyir ki, evin ikinci mərtəbəsində saxlanılıb.

-Əgər evdə saxlanılıbsa babasıgil səs eşidə bilərdi. Səs-küyə gələ bilərdilər...

-Nə deyim... O haqda heç nə deyə bilmərəm. İş prokurorluqdadı. Araşdırırlar. Yəqin ki, uşaq vurulub. Mən sonuncu dəfə İlkini yanvarın 2-i ya 3-ü görmüşəm. Hadisədən sonra üz-üzə gəlməmişəm ki, deyəm ay İlkin bu nə məsələdir.

-Nərmini güya başqa adam tərəfindən öldürülməsi ilə bağlı xəbərlər də yayıldı. Bildirdildi ki, Nərminin qatili İlkin yox Altay adlı birisidir. Bu haqda nə deyə bilərsiniz?

- Almaniyada yaşayan bir nəfər çıxıb “yutub”da deyib ki, güya onu Altay öldürüb. Həmin videoya biz də baxdıq. Bir dəfə o videoya baxan kimi dedim ki, bu şəxs dövlətin əleyhinə olan adamdı. Qabil Məmmədov adlı biridir. Tovuzun Qazıqulu kəndindədir.

Söhbəti Altay Ələkbərovun üstünə gətirmək istəyirəm. Bircə onu bilirəm ki, hadisənin ilk şahidlərindədir. Şərif kişi üzünün saqqalını sığallayıb -Bəs bu Altay kimdir?- sulamıza sakit tərzdə cavab verir: “Həmin Altay mənim qonşumdur. Mənim ondan şübhələnmirəm. Nərminin yandırıldığı yerdə həmişə ocaq yanıb. Zibil yandırılıb. Özüm də dəfələrlə oradan keçmişəm, bir dəfə də çevrilib o ocağa baxmamışam. Necə oldu ki, həmin gün üç nəfər-İlkin, Nazim və Murad ocaqda yananın Nərmin olduğunu hiss ediblər?! Dediklərinə görə İlkin görüb, Nazim yanğını söndürüb. Murad da polisə xəbər verib”.

Çayın soyuduğunu görüb bir-iki qurtum alıram. Şərif kişi də çayına limon salıb bir-iki qurtum alır. Boğazını yaşlayır:

-Bəs digər iki nəfər saxlanılıbmı?

-Xeyr. Polis bircə İlkini saxlayıb.  

-Nərminin anasının, yəni, yoldaşınızının da “cənab prezident, bizə ev verin buradan çıxıb gedək” deməsi də böyük müzakirələrə səbəb oldu. Hətta qınayanlar da oldu...

-Həmin ifadələrin kökündə keçirdiyimiz gərginlik dayanır. Bu hadisəni törədənlər kənddən çıxmalıdı, yandırılmalıdı. Mən niyə çıxmalıyam?! Maşallah, evim-eşiyim var. Bircə qazımız yoxdur. Ona görə də gəlib-gedənləri bu evdə qarşılayırıq. O sözü yoldaşım da deyib amma özü də fərqində olmayıb...

-Bir ara şaiələr çıxdı ki, güya Nərmin maşınla vurulub və bunu edənlər susmağınız üçün sizə pul təklif edib...

-Allaha and olsun ki, bunların hamısı yalandır. Yayılan xəbərlərə görə, güya polis və prokurorluq orqanları qatili bilirlər. Ev boyun olublar bizə. Elə bilirdilərsə, gətirib mənim uşağımı verərdilər də... Mən neynirdim o evi?! Hamısı yalandır. Bizim o haqda heç söhbətimiz olmayıb.

- Qardaşlarınızla da ədavətinizin olduğu, “Nərmin işi”ndə onların da adı hallandırıldı...

-Yalandı. Bizim aramızda elə bir söhbət olmayıb, ola da bilməz. Bura mənim qardaşımın evidir. 11 uşaq olmuşuq. Qızımın yasını da burada götürürük. Hər gün Nərminin faicəsini burada birgə yaşayırıq. Allah heç kimin başına gətirməsin. Hər gün həmin yerdən keçirik. Yaramız təzələnir. Hər gün qəbristanlığa gedir yoldaşım. Nərminin yandırıldığı yerdən keçib gedir. Hər gün yaramız təzələnir. Yoldaşım ev məsələsini də ona görə demişdi. Yolumuzu dəyişmək üçün. Çətindir, çox çətindir...

Şərif kişi ilə sağollaşıb Nərminin qəbrini ziyarətə gedirəm. Yanımda Nərminin qohumlarından olan bir gənc də var. Bələdçilik edir. Döngədə torpağa basdırılmış sellofanları göstərib-yandırıldığı yer buradır-deyir. Ətim ürpəşir. “Yutub”dan 40 gün əvvəl izlədiyim videolentlər gözümün qarşısından keçir. Sonra bələdçimiz sağ tərəfdəki ikimərtəbəli evi işarə edir: - Bu da həmin ev... İlkingilin...

Yuxarı qalxanda uzaqdan üç qaraltı görünür. Yaxınlaşanda Nərmin Quliyevanın anası Aynurə xanım və iki qızının olduğunu görürük. Salamlaşır. Hara getdiyimizi soruşur bələdçidən... Sağollaşıb yoluna davam edir. O, hər gün iki dəfə qızının qətlə yetirildiyi və qətlində ittiham olunan adamın evinin qarşısından keçir...

Allah bütün günahsızlara rəhmət etsin, on yaşlı qız...

Fotolar hafta.az

Bakı-Tovuz-Bakı