Azərbaycanda balıq ovu üçün icazə alanların sayı azalıb

18:38 12.02.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Ötən il 151 hüquqi və fiziki şəxsə balıq ovu üçün icazə verilib

Ötən il balıq və digər su bioloji resurslarından istifadə qaydalarına müvafiq olaraq, ölkədə 151 hüquqi və fiziki şəxsə balıq və digər su bioloji resurslarının ovu üçün verilən 1185,8 ton kvotaya qarşı 1176,6 ton və ya 2018-ci illə müqayisədə 27,1 faiz az balıq ovlanıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ovlanmış balığın 694 tonu kilkə, 105,7 tonu kütüm, 81,3 tonu siyənək, 69,9 tonu kefal, 59,7 tonu külmə, 40,8 tonu çapaq, 45,4 tonu çəki, 20 tonu dabanbalığı, 10,0 tonu sıf, 8,2 tonu şamayı, 5,0 tonu naxa, 3,4 tonu qarasol, 2,0 tonu xəşəm, 31,2 tonu digər balıq növlərinin payına düşüb.

Ötən ildə balıqçılar kvota üçün 101,6 min manat ödəniyib. Kvota üzrə ovlanmış balıq da nəzərə alınmaqla hüquqi və fiziki şəxslər tərəfindən ümumilikdə 2019-cu ildə ilkin məlumata görə 63 084 ton balıq ovlanıb ki, bu da 2018-ci ildəkindən 1,9 faiz çoxdur.

Xatırladaq ki, statistik məlumatlara görə, balıq və digər su bioloji resurslarından istifadə qaydalarına müvafiq olaraq, 2018-ci ildə ölkədə 194 hüquqi və fiziki şəxsə balıq ovu üçün verilmiş 1707,1 ton kvotaya qarşı 1614,1 ton və ya 2017-ci illə müqayisədə 67,3 faiz balıq ovlanıb. Ovlanmış balığın 1 072,9 tonu kilkə, 112,4 tonu kütüm, 85,4 tonu kefal, 82,3 tonu siyənək, 69,4 tonu külmə, 54,7 tonu çapaq, 48,2 tonu çəki, 30,7 tonu dabanbalığı, 21,2 tonu sıf, 13,6 tonu şamayı, 5,0 tonu naxa, 3,1 tonu xəşəm, 15,2 tonu digər balıq növlərinin payına düşüb.

Məlumat uçün bildirək ki, Azərbaycanın bioloji müxtəlifliyində dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzər dənizi mühüm rol oynayır. Xəzər dənizi müxtəlif külli miqdarda endemik bitki və heyvan növlərinə malikdir. Xəzər dənizində 100-də çox balıq növü və yarımnövü yaşayır. Onlardan ancaq 40 növ və yarımnövünün vətəqə əhəmiyyəti var. Xəzərin balıq faunasının əksər nümayəndləri dəniz və çay kateqoriyalarına, qalanları isə keçici və yarımkeçicilərə aiddir.

Nərəkimilər- Xəzər dənizinin endemik balıq növlərindən biridir. Hazırda dünyada ən böyük nərə sürüləri Xəzər dənizində olub, dünya nərə ehtiyatının 70-80 faizinı təşkil edir. Burada nərəkimilərin 6 növü - bölgə,uzunburun, nərə, qaya balığı, rus nərəsi, çökə balığı yaşayır.

Xəzər dənizində nərəkimi balıqların sayının qorunması mqsədilə 2011-ci ildə kommersiya ovuna moratorium qoyulub. Hazırda bu balıqların sayının bərpası məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində 3 nərə balıqartırma zavodu fəaliyyət göstərir. İl ərzində 7-9 milyon nərəkimi balıq körpələri artırılaraq təbii su hövzəsinə buraxılır.

Xəzərin digər qiymətli məhsulu isə qızılbalıqlardır.  Xəzər dənizində 2 növ qızılbalıq yaşayır- xəzər qızılbalığı və ağ qızılbalıq. Xəzər qızılbalığı keçici balıqdır, əsasən Kür çayında kürü tökür. Balıq körpələri əsasən 1.5-2 il ərzində şirinsulu çaylarda yaşayır və sonra isə dənizə keçirlər. 1950-ci ilə qədər hər il 0.5 min ton balıq ovlanırdı. Kür və araz çayları üzərində bəndlər tikildikdən sonra balıqlar əlverişli oksigen, qida və temperatur rejimi olan təbii kürüləmə yerlərinə keçə bilmirlər. Odur ki bu çaylarda qızılbalığın ehtiyatı kəskin azalıb. Bu balığın ehtiyatını bərpa etmək məqsədilə Azərbaycanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində 3 qızılbalıqartırma zavodu fəaliyyət göstərir. Bu zavodlar hər il təxminən 200 min ədəd qızılbalıq körpələri yetişdirərək  təbii su hövzələrinə buraxır. Nəticədə qızılbalığın nəslinin kəsilməsi təhlükəsi aradan qalxıb.

Çəkikimilər Xəzər dənizində geniş yayılmış və növlərin çoxluğuna görə Xəzərin balıq faunasının əsasını təşkil edən şirinsu mənşəli balıqlardır. Xəzər dənizində  çəki, külmə, çapaq növləri geniş yayılıb. 1970-ci illərdan başlayaraq Xəzərdə daha 3 növ çəkikimi balıqlar iqlimləşdirilib. (ağ amur, əlvan və ağ alın). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində çəkikimi balıqların artrılması üzrə 3 balıqartırma zavodu  və 1 Məntəqə fəaliyyət göstərir. İl ərzində 400 milyondan çox çəkikimi balıq körpələri artırılaraq təbii su hövzəsinə buraxılır.

Onu da vurğulayaq ki, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində və daxili su hövzələrində balıq ovlamaq üçün verilən kvota və balıqovlama biletləri ödənişlidir və qiymətlər Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il 146 №-li qərarı ilə tənzimlənir. Məsələn, bir ton kütüm, şamayı, xəşəm, xərçəngkimi balıq növlərinin ovu üçün 287 manat, çəki, sıf növləri üçün 230, siyənək 143,75, kilkə 57,50, kefal, çapaq, külmə, qarasol və digər balıq növləri üçün 115 manat ödəniş edilməlidir. Хarici vətəndaşlar isə göstərilən balıq növləri üçün müəyyən edilmiş qiymətlərin iki qatını ödəməlidir. Kvota və balıqovlama bileti ETSN-nin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti tərəfindən elektron qaydada verilir.

Yeri gəlmişkən, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının araşdırmasına görə, planetimizdə dəniz ehtiyatlarının ümumi vəziyyəti ildən-ilə pisləşir. Hazırda göl, çay, dəniz və okeanlarda 1974-cü illə müqayisədə 3 dəfə artıq balıq tutulur. Mütəxəssislərin fikrincə, balıq ehtiyatlarının bu cür amansız istismarı ona gətirib çıxarır ki, balıq istehsalı hətta zəruri minimal dərəcəyə çatmır, həmçinin sualtı aləmin bioloji tarazlığı pozulur. Təbii ki, BMT ekspertləri bu vəziyyətdən narahatdırlar. Onlar bütün dövlətləri mütəmadi olaraq balıq vətəgələrini nəzarətdə saxlamağa, qiymətli balıq ehtiyatlarının müdafiəsi və qorunması ilə bağlı tədbirlər görməyə çağırırlar.

Ekspertlərin hesablamalarına əsasən, dəniz məhsullarının həddindən artıq istismarı və qeyri-qanuni balıq ovu ildə 23 milyard dollar məbləğində iqtisadi itkilərə gətirib çıxarır. Əldə edilən balığın beşdə biri isə qanunsuz yolla tutulur.

FAO-nun hesabatına görə, dünya üzrə ildə adambaşına düşən balıq istehlakı 20 kiloqramı keçib. Hələ 1960-1970-ci illərdə bir adam ildə 10 kiloqram balıq istehlak edirdi. Dəniz məhsulları sektorunun uğurlu inkişafı balığa çox sürətlə artan tələbatı ödəməyə və resursların yerini doldurmağa kömək edib. Bununla yanaşı, tələbatın artımı həddindən artıq balıq ovuna və brakonyerliyin çoxalmasına gətirib çıxarır. Nəticədə bizim masaları bəzəyən təxminən 11-26 milyon ton balıq, - bu isə dünya üzrə tutulan balıqların 20 faizi deməkdir, - brakonyerlər tərəfindən və ya balıq vətəgələrinin qaydalarının pozulması nəticəsində əldə edilir.

Qeyd edək ki, bu gün Azərbaycanda da brokonyerlik fəaliyyəti ilə məşgul olanların sayı kifayət qədərdir. Aidiyyəti qurumlar həmin şəxslərə qarşı mütəmadi olaraq mübarizə aparırlar. Məsələn, bu yaxınlarda su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə növbəti reyd İmişli rayonu ərazisindəki daxili su hövzələrində keçirilib. Reyd zamanı rayonun Qaragüvəndikli kəndi ərazisində yerləşən sututarlarda qanunla qadağan olunmuş elektrik cərəyanı vasitəsilə balıq ovlayan şəxslər saxlanılıb. 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Kənan Kərimov qeyd edib ki, araşdırma zamanı brakonyerlərin İmişli rayon sakinləri Xəyyam Məmmədov və Vüsal Hüseynov olduqları müəyyən edilib, onlardan qadağan olunmuş ov alətləri götürülüb. Təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi üçün İmişli rayon Polis şöbəsinə müraciət olunub: “Qadağan olunmuş alətlərlə balıq ovlanması təbiətimizə qarşı düşmənçilikdir, sivil ov qaydalarına ziddir. Hər kəsi sivil qaydalarla balıq ovlamağa və qadağan olunmuş vasitələrlə balıq ovundan çəkinməyə, ictimaiyyəti isə bu məsələdə sərt, ciddi mövqe tutmağa çağırırıq. Hesab edirik ki, cəmiyyətin tənbehi onların cəzalandırılmasından daha təsirli olar”.

K.Kərimli ictimaiyyət nümayəndələrindən, həvəskar balıqçılardan qadağan olunmuş ov vasitələri, sintetik torlar, elektrik cərəyanları ilə balıq ovlayanların kimliyi barədə hüquq-mühafizə orqanlarına və ETSN-yə məlumat verməyi xahiş edib.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Sosial rubrikasından digər xəbərlər