“Azərbaycanın post-konflikt ərazilərinin bərpası - konseptual əsaslar“ kitabının təqdimat mərasimi keçirilib

15:15 18.10.2011
Yazını böyüt
Yazını kiçilt
Rusiya paytaxtında azərbaycanlı alimlərin “Azərbaycanın post-konflikt ərazilərinin bərpası - konseptual əsaslar“ kitabının təqdimat mərasimi keçirilib. Rusiya Dövlət Humanitar Universitetində (RDHU) keçirilən təqdimat mərasimi “Vestnik Kafkaza“ informasiya agentliyi və Qafqaz Strateji Araşdırmalar İnstitutu tərəfindən təşkil olunub.

Təqdimat mərasimində RDHU rektoru Yefim Pivovar, politoloqlar Aleksey VlAsov, Qriqoriy Trifumçuk, millət vəkili Rasim Musabəyov, Prezident Administrasiyasının nümayəndəsi Fərhad Məmmədov, Qafqaz Universitetinin prorektoru Rövşən İbrahimov, Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndələri və RDHU-nun müəllim və tələbə heyəti iştirak ediblər.
Qafqaz Strateji Tədqiqatlar İnstitutunun direktoru Eldar İsmayılov və Qafqaz və Qloballaşma Elmi Məcmuəsinin baş redaktoru Nazim Müzəffərli tərəfindən qələmə alınan kitab Azərbaycan, rus və ingilis dillərində nəşr edilib. Kitab Dağlıq Qarabağ münaqişəsinin yeni aspekti - münaqişə başa çatdıqdan sonra fiziki infrastruktur və institusional yenidənqurma məsələlərinin təhlilinə həsr edilib. Tədqiqat əsəri Dünya Bankı tərəfindən dünyanın müxtəlif regionlarında münaqişə sonrası yenidənqurma təcrübələri ilə bağlı araşdırmalar əsasında hazırlanıb. Tədqiqatda münaqişənin sona çatmasından sonra azad olunacaq Azərbaycan ərazilərində infrastrukturun bərpası, əhalinin köçürülməsi, normal yaşayışın təmin olunması və iş yerlərinin yaradılması ilə bağlı konseptual məsələlər əhatə olunur. E.İsmayılov kitabın London, Vaşinqton, Brüsseldə təqdimat mərasiminin keçirildiyini söyləyib. O, bu nəşrdə Ermənistan-Azərbaycan münaqişəsinin yeni aspekti - münaqişə başa çatandan sonra həmin ərazilərin infrastrukturunun və institusional yenidənqurma məsələlərinin təhlil olunduğunu bildirib. N.Müzəffərli bu kitabın siyasətçilər tərəfindən deyil, iqtisadçılar tərəfindən yazıldığını söyləyib. Onun sözlərinə görə, kitabda Dağlıq Qarabağ probleminin həlli yolu deyil, problem həll olunandan sonra həmin regionda infrastrukturun yenidən qurulması yolları göstərilib.
Təqdimat mərasimində çıxış edən Con Hopkins Universitetinin nəzdində fəaliyyət göstərən Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru, professor Frederik Starr Dağlıq Qarabağ probleminin siyasilər tərəfindən tezliklə həll olunmasını arzuladığını bildirib: “Kitab diplomatlar üçün çox yaxşı və faydalı vəsait ola bilər. Bu kitab həm Azərbaycan, həm də Ermənistan üçün vacibdir“.
Daha sonra təqdimat mərasimində Rasim Musabəyov, Fərhad Məmmədov, rusiyalı politoloqlar Qriqoriy Trifumçuk və Stanislav Çerniyavski çıxış ediblər.
Vüsal