Əlyazmalar İnstitutunun direktoru vəfat edib

15:15 18.10.2011
Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, filologiya elmləri doktoru, dosent Məmməd Adilov dünyasını dəyişib. Akademiyadan verilən məlumata görə, 57 yaşında vəfat etmiş Məmməd Adilov 1953-cü il noyabrın 18-də Şəki şəhərində anadan olub. 1976-cı ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası şöbəsini bitirib, 1976-1977-ci illərdə Şəki şəhərindəki orta məktəbdə müəllim, 1977-1982-ci illərdə Azərbaycan radiosunda və “Bakı“ qəzetində müxbir, Azərbaycan Dillər Universiteti nəzdindəki ərəb dili kurslarında müəllim işləyib. 1982-1984-cü illərdə ordu sıralarında tərcüməçi zabit kimi xidmət etdikdən sonra 1984-cü ildə AMEA Əsaslı Kitabxanasında baş redaktor işləyib, elə həmin ildən AMEA Əlyazmalar İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi, elmi katib, direktor müavini vəzifələrində çalışıb. 2003-cü ildə həmin institutun direktoru vəzifəsinə seçilib. 1986-cı ildə “Azərbaycan dilində ixtisar sözlər“ mövzusunda namizədlik, 2004-cü ildə “Azərbaycan paleoqrafiyası və tarixi orfoqrafiyası“ mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 2003-cü ildə AMEA-nın Fəxri fərmanı ilə, 2005-ci ildə AMEA-nın 60 illiyi münasibətilə “Tərəqqi“ medalı ilə təltif edilib.