Orta məktəblərdə peşə vərdişləri anlayışı unudulub

15:15 14.10.2011
Yazını böyüt
Yazını kiçilt

Mütəxəssislər şagirdlərin asudə vaxtlarının nəzarətə götürülməsini istəyirlər

Yaşlı nəsil yaxşı xatırlayar, hələ SSRİ dövründə şagirdlərin dərsdən sonrakı asudə vaxtlarından səmərəli istifadə etmələri üçün rəssamlıq, rəqs, poeziya, idman və başqa yönümlü müxtəlif dərnəklər fəaliyyət göstərirdi. İstedadlı uşaqları üzə çıxarmaq, musiqi duyumu aşılamaq və s. proseslər üçün teatr qrupları, musiqi kollektivlər və ansambllar də yaradılmışdı.

Məktəblərdə emalatxanalar və sexlər var idi. Həmin obyektlərdə tikinti və inşaat materialları, dəzgahlar, avadanlıqlar, qurğular və alətlər qoyulardı. Məktəbli oğlanlar da peşə ixtisasları ilə tanışlıq üçün məsələn, əmək təlimi dərslərində və ya məşğələlərində sözügedən emalatxanalara və sexlərə baş çəkər, haqqında danışılan texniki vasitələrdən istifadə etməyi öyrənərdilər. Yaxud qızlar dərziliklə məşğul olardılar. Bundan başqa, hər sinfin divar lövhəsi var idi. Sinif şagirdləri yeniliklər barədə yazar, şeirlərini və rəsmlərini orada nümayiş etdirərdilər. Bütün bunlar isə uşaqların intellektual səviyyəsinin artmasına və dünyagörüşünün formalaşmasına müsbət təsirini göstərirdi. Amma 10-15 ildir ki, haqqında bəhs etdiklərimiz demək olar ki, yox səviyyəsindədir. Bu səbəbdən də şagirdlər internet klublarda, gəzintilərdə, oyun salonlarında və digər əyləncə məkanlarında əylənməklə, yaxud müxtəlif filmlərə baxmaqla asudə vaxtlarını “öldürürlər“. Bu da məktəblilərin bir vətəndaş kimi yetişməsinə çox ciddi mənfi təsir göstərir. Sözügedən məsələyə münasibət bildirən Prezident təqaüdçüsü, fizika-riyaziyyat elmləri doktoru, professor Şahlar Əsgərov öncə qeyd etdiklərimizin çox maraqlı və ürəkağrıdan bir məsələ olduğunu vurğuladı. Bildirdi ki, SSRİ dövründə orta məktəblər elmi əsaslarla qurulmuşdu. Həmin əsaslara görə, şagirdlərə həm bilik öyrədilməliydi, həm də bəzi peşə vərdişləri aşılanmalıydı: “Yəni şagirdə 5-6 dərs keçmək mümkün olsa da, 7-8-ci dərslər artıq yük olurdu. Həm məktəbli yorulurdu, həm də onun psixologiyasında pozğunluq özünü büruzə verirdi. Ona görə də müəyyən dərs saatından sonrakı boşluqlar qeyd etdiyiniz dərnəklər vasitəsilə doldurulurdu. Başqa sözlə, şagirdin sutka üzrə 24 saatının əksər vaxtını məktəb onun əlindən alırdı. Yəni boş vaxtı şagird deyil, məktəb xərcləyirdi. Nəticədə məktəblilər həm peşə vərdişlərinə, həm də digər bacarıqlara yiyələnirdilər. Amma son zamanlar bütün bunlar unudulduğundan ciddi problemlər yaşanır“.

“Məktəblər yay tətillərindən maksimum bəhrələnməlidirlər“

Tanınmış alim qeyd etdi ki, indikindən fərqli olaraq hətta şagirdlərin yay tətilindən də maksimum istifadə olunurdu. Həmsöhbətimiz dedi ki, ABŞ prezidenti Barak Obama hakimiyyətə gəlişinin 100 günü münasibətilə Vaşinqton bələdiyyəsinin binasında bütün Amerikayla telefon-internet əlaqəsi yaratdı. Ona ünvanlanan çoxsaylı suallar arasında təhsillə bağlı olanları da var idi: “Orada Ağ Ev rəhbərinin söylədiyi fikirlərdən biri mənim çox xoşuma gəldi. ABŞ lideri dedi ki, təhsil sahəsində diqqət yetiriləsi bir sıra məsələlər var. Onlardan biri də 2-3 aylıq yay tətilinin səmərəli keçirmək və ondan maksimum bəhrələnməkdir. Prezident dedi ki, o zamanlar təhsillə bağlı qanun qəbul ediləndə ABŞ fermerlər ölkəsi idi və məktəblilər öz yay tətillərini öz atalarının fermer sahələrində işləməklə və köməklik etməklə keçirirdilər. Amma hazırda Amerikada əhalinin 3 faizi kənd təsərrüfatı ilə məşğuldur. Ona görə 2-3 aylıq yay tətilindəki asudə vaxt boşluğunu biliklə və vərdişlə doldurmaq lazımdır. ABŞ bu istiqamətdə müəyyən addımlar atmağa başlayıb. Ancaq Azərbaycanda yay tətili ilə bağlı hər hansı bir müsbət dəyişiklik nəzərə çarpmır. Bütün bunlar da o deməkdir ki, şagirdin asudə vaxtlarının düzgün qiymətləndirilməməsi həmin məktəblinin bir vətəndaş kimi yetişdirilməsinə heç bir köməklik göstərməyəcək“.

“Aşağı səviyyəli müəllimlərin yazdığı dərsliklər mürəkkəb və yanlışlıqlarla zəngindir“

Xatırladaq ki, SSRİ dövründən fərqli olaraq Azərbaycan müstəqillik qazanandan üzübəri bəzi orta məktəb dərsliklərinin aşağı səviyyədə və keyfiyyətsiz hazırlanması da təhsil sistemində mövcud olan problemlərdəndir. Bu məsələ həmişə ölkə ictimaiyyətində kəskin tənqid olunub. Xüsusilə də həddən artıq mürəkkəbliyi, texniki və ya digər səbəblər üzündən buraxılmış texniki səhvlər, yazılmış yanlış cümlələr, ifadələr və misal-məsələlər yetərincə olduğundan həmin dərsliklər şagirdləri və müəllimləri həddən artıq yorur. Məsələn, mürəkkəblik üzündən həmin dərslikləri nəinki şagirdlər, hətta müəllimlər belə anlaya və qavraya bilmirlər. Bu amil də məktəblilərin psixoloji gərginliyə düçar olması ilə nəticələnir. Üstəlik, əksər şagirdlər oxumaqdan vaz keçirlər və ya aşağı qiymət alırlar. Dediklərimizi təsdiqləyən Ş.Əsgərov öncə dedi ki, dərslik məsələsi çox vacib bir məsələdir. Pedaqogikada təhsilin məzmunu deyilən bir anlayış var. Orada nəzərdə tutulub ki, şagirdlərə elə fənlər tədris olunmalıdır ki, məktəblilər onu qavraya, savad toplaya, bilik öyrənə, ağıllı ola və vətəndaş kimi yetişə bilsinlər. Başqa sözlə, təhsilin məzmunu orta məktəbi bitirən məzunu formalaşdırmalıdır: “Bu baxımdan da dərsliklər məsələsi daha çox önəmlidir. Dərsliklər 2 qrupa - milli və bəşəri elmə dirənən kitablara bölünür. Fizika, riyaziyyat və kimya bəşəri elmlərdir və dəqiq elmlərə əsaslanır. Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan coğrafiyası, Azərbaycan tarixi və s. isə millidir. Onları azərbaycanlı yazmalıdır. Amma bəşəri elmlərə söykənən dərslikləri əncəbi alimlərin yüksək keyfiyyətli kitablarını tərcümə etməklə hazırlamaq olar. Yəni bəzi dərslikləri tərcümə etmək lazımdır ki, səviyyə aşağı düşməsin. Çünki onları çox yüksək səviyyəli alimlər, pedaqoqlar və digər elm adamları yazıblar. Bundan başqa, bizdə dərslik yazmaq qabiliyyətində və səviyyəsində yetişən insanlar çox azdır. Onlar ilk növbədə filosofluğu bacarmalıdırlar, yəni dünyagörüşə malik olmalıdırlar. Məsələn, Kür çayı barədə yazan şəxs onun dərinliyindən, enindən, uzunluğundan, axın sürətindən, qayıqla üzərkən hərəkətlə bağlı düzgün rəqəmlərdən xəbərdar olmalıdır ki, dərslik yüksək keyfiyyətli olsun. Bu gün müxtəlif dərsliklər üzrə püxtələşmiş alimlərimiz çox yaşlaşıblar. Məsələn, coğrafiya dərsliyini ən gözəl və yüksək keyfiyyətdə yazacaq alimimiz akademik Budaq Budaqovdur. Amma ondan xahiş etsən ki, bir coğrafiya kitabı yazmaq lazımdır. O mədəni şəkildə bu təklifi rədd edəcək və deyəcək ki, qocalıb, işləri çox olduğundan vaxtı yoxdur və sair. Ancaq təəssüflər olsun ki, bu gün coğrafiya dərsliyini yazmaq üçün Budaq müəllimlə məsləhətləşmək, onun tövsiyə etdiyi elm adamından deyil, qohum-əqrəbamızdan, tanış-bilişdən, dostdan, qonşudan və özümüzə yaxın bildiyimiz digər insanlardan istifadə edirik. Nəticədə də dərslikləri səviyyəsi aşağı olan müəllimlər yazdığı üçün onlar bu qədər mürəkkəb və yanlışlıqlarla zəngindir. Bütün bunlar da onu göstərir ki, Azərbaycanda dərsliklərin yazılması üçün müəlliflərin seçilməsində çox böyük qüsurlar var. Təhsil Nazirliyi həmin dərsliklərə rəy versə də, sözügedən kitabların belə aşağı səviyyədə olmasına görə məsuliyyətini hələ də hiss etmir. Bu səbəbdən də təhsil proqramlarının və dərsliklərin yenidən işlənməsinə və icra edilməsinə ciddi ehtiyac yaranıb“.
Təbriz Vəfalı