Ermənistan iki ildə 94 min “Kalaşnikov“ alıb

15:15 12.10.2011
Yazını böyüt
Yazını kiçilt

İşğalçı ölkəyə silah satan Latviya şirkətinə “dur“ deyən tapılacaqmı?

“Ermənistan Azərbaycanın silahlanmaya böyük diqqət ayırdığını bütün dünyaya car çəkir. Ancaq bu gün Ermənistan Silahlı Qüvvələrində 48 884 Dağlıq Qarabağda isə 45 min şəxsi heyət var. Bu bir yerdə 93 min nəfərdən çoxdur. Azərbaycan isə 1992-ci ildə üzərinə götürdüyü öhdəliyə əsasən, 70 min şəxsi heyət saxlayır“. Bunu Milli Məclisdə GUAM Parlament Assambleyası və Baltik Assambleyasının keçirilən “Sərhədlər üzərindən əlaqələrin qurulması“ adlı birgə beynəlxalq konfransda çıxışında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Təhlükəsizlik Problemləri İdarəsinin 2-ci katibi Elçin Hüseynli çıxışı zamanı bildirib. XİN rəsmisi qeyd edib ki, Azərbaycanın əldə etdiyi silah-sursat enerji infrastrukturun mühafizəsinə yönəlib: “Ermənistan əsassız olaraq Azərbaycanı regionda silahlanma balansını pozmaqda günahlandırır. Lakin dövlət büdcələrinin təhlili Ermənistanın daha çox hərbiləşdiyini göstərir. Ötən il Ermənistan 16 min, ondan əvvəlki il isə 78 min ədəd “Kalaşnikov“ avtomatı alıb. Onlar bu qədər silahı neyləyirlər? Bu onu göstərir ki, Ermənistan sülhə deyil, müharibəyə hazırlaşır“. E.Hüseynlinin sözlərinə görə, Ermənistana silah satışına Latviyanın “Latspeceksports“ şirkəti də cəlb olunub. XİN təmsilçisi konfransda iştirak edən Baltik Assambleyasına üzv olan parlamentarlara müraciət edərək onları bu məsələni araşdırmağa çağırdı.

Nahid Canbaxışlı