“Tərəflər Sarkoziyə vəziyyətin ciddi olduğunu göstərmək istəyir“

15:15 11.10.2011
Yazını böyüt
Yazını kiçilt
“Le Figaro“ qəzetində Fransa prezidenti Nikola Sarkozinin Cənubi Qafqaz ölkələrinə səfəri və Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məqalə dərc edilib. Məqalədə cəbhə xəttində son bir neçə gündə hər iki tərəfdən 3 hərbçinin öldürülməsinin ciddi narahatlıq doğurduğu bildirilir:
“Sanki münaqişə tərəfləri Sarkoziyə səfəri ərəfəsində problemin nə dərəcədə böyük risklər yaratdığını nümayiş etdirirdilər. Yanvardan başlayaraq cəbhə xəttində atəşkəsin pozulması nəticəsində 20-dən artıq hərbçi və dinc sakin qətlə yetirilib. Bu olaylar diplomatları 1994-cü ildə atəşkəs əldə olunmasından bəri vəziyyətin getdikcə daha da ciddiləşməsinə dair bəyanatlar verməyə vadar edir. Müharibə 22 min insanın həyatına son qoyub. Azərbaycan ərazilərinin bir qismini itirib. Bakı hadisələrin bu cür inkişafı ilə heç cür razılaşmır və həmin ərazilərin “erməniləşdirilməsi“ prosesini yalnız müşahidə edir“. O da vurğulanır ki, Minsk Qrupunda cəmləşmiş ABŞ, Fransa və Rusiya təmsilçiləri atəşkəs rejiminin gücləndirilməsi istiqamətində danışıqların bərpasında gücsüz olduqlarını nümayiş etdirirlər. Moskva da xüsusi vasitəçi olmaq istədi, lakin onun bu səyləri də nəticəsiz qaldı: “Rusiya prezidenti Dmitri Medvedyevin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri bu ilin sonunda bir araya gəlsələr də, baza prinsiplərini razılaşdıra bilmədilər. Bunun fonunda qarşılıqlı ittihamlar artmaqdadır.
İrəvan Bakını neft gəlirlərindən istifadə edərək hərbi gücünü artırmaqda, yeni müharibəyə başlamaq istəyində ittihamlayır. Minsk Qrupu tərəfindən qəbul edilmiş danışıqların prinsiplərinə müsbət yanaşmayan Qarabağ erməniləri isə Ermənistan onların maraqlarını müdafiə etməməkdə ittihamlayır. Bakı isə Rusiyanı - Ermənistanın əsas hərbi təminatçısını bitərəflilik nümayiş etdirməməkdə günahkar sayır. Azərbaycanda güclü təzyiq imkanlarına malik gənclik isə Qarabağın geri qaytarılmasını tələb edir. 800 min qaçqın 1992-ci il müharibəsinə görə öz doğma yerlərinə qayıda bilmirlər“. Məqalədə o da bildirilir ki, Azərbaycanda hərdən Fransanı Qarabağa maliyyə yardımı göstərən güclü erməni diasporunun təsiri altında Qafqaz siyasəti hazırlamaqda ittihamlayırlar. Sonda vurğulanır ki, İrəvan Qarabağla arasında hava əlaqəsini birbaşa şəkildə bərpa etməyə hazırlaşır. Bu isə Bakıya müharibəni başlamaq üçün əlavə səbəb vermək deməkdir.
Azad