Rəsmi Bakı Türkiyə və Azərbaycanın maraqlarını hər zaman bir tutub

15:15 08.10.2011
Yazını böyüt
Yazını kiçilt

Əli Həsənov: “Mövcud “status-kvo“nun qəbuledilməzliyi və dəyişdirilməsi barədə fikirlər Cənubi Qafqazda sülh yaratmağa əlavə töhfə

“Biz Azərbaycan olaraq istər soyqırımı, istərsə də sərhədlərin açılması ilə bağlı Fransa prezidenti Nikola Sarkozinin fikirlərini bölüşmürük“.

Bu fikirləri jurnalistlərə açıqlamasında Prezident Administrasiyası (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Fransa prezidentinin Ermənistanda Türkiyənin hədələyən bəyanatla çıxış etməsinə münasibət bildirən PA rəsmisi bildirib ki, bu məsələ beynəlxalq siyasətin bir nəticəsidir: “Rəsmi Bakı istər Türkiyə və Azərbaycanın maraqları, istər Cənubi Qafqazda baş verənlər, istərsə də beynəlxalq məsələlərlə bağlı daim iki dövlətin maraqlarını bir tutub“. Ə.Həsənov jurnalistlərin suallarına cavab olaraq onu da bildirib ki, N. Sarkozinin Azərbaycana və bölgəyə səfəri ilə ATƏT-in Minsk Qrupu çərçivəsində Rusiyanın Qarabağ probleminin həlli ilə bağlı səylərinə, əlavə olaraq Fransanın səyləri də qatılır. PA rəsmisi vurğuladı ki, N. Sarkozinin bu səyləri Rusiyanın sıxışdırılması demək deyil: “Rusiya ayrılıqda Qarabağ probleminin həlli ilə daha intensiv şəkildə məşğul olurdu. Düşünürük ki, Fransanın məsələyə bu şəkildə fəal olaraq qoşulması gələcəkdə ABŞ-ın da bu məsələdə fəallaşmasını şərtləndirəcək. Hər üç dövlət mövcud “status-kvo“nun dəyişməsini istəyir. “Status-kvo“nun dəyişməsi isə Dağlıq Qarabağ ətrafındakı vəziyyətin dəyişməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin yerinə yetirilməsi deməkdir“. Ə. Həsənov deyib ki, Fransa prezidentinin səfəri, mövcud “status-kvo“nun qəbuledilməzliyi və dəyişdirilməsi barədə fikirləri Cənubi Qafqazda sülh yaratmağa əlavə töhfələr verə bilər.

Nahid Canbaxışlı