"Viza rejiminin ləğv edilməsi xəbərini sevinclə qarşıladıq" - Türk tanınmışlar

12:25 28.07.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rəsmi Bakı çoxdan gözlənilən qərarı verdi – Türkiyə vətəndaşlarına qarşı viza rejimi ləğv edildi. Qərar sentyabrın 1-dən qüvvəyə minəcək. “Bir millət, iki dövlət” adlandırılan bu iki qardaş ölkənin özü kimi qardaş xalqları arasında artıq rəsmi dəvətə-filana ehtiyac olmayacaq və Türkiyə vətəndaşları istədiyi zaman biletini alıb Azərbaycana gələ biləcək. Necə ki, Azərbaycan vətəndaşları artıq neçə illərdir Türkiyəyə beləcə gedib-gəlir.

Məntiqlə təbii qərar verib rəsmi Bakı. Axı qardaş qardışının evinə dəvətlə gedib-gəlməz. Elə müsahibimiz olan bir sıra türk tanınmışlar da Azərbaycan hökumətinin qərarını iki dövlətin ümumi maraqlarına xidmət edəcəyini, qardaşlığı daha da gücləndirəcəyini, eyni zamanda ölkələrimizə, xüsusilə də Azərbaycana turist axınını artıracağını deyirlər.

İndi də tanınmışların fikirlərinə ayrı-ayrılıqda nəzər yetirək:

Emrullah Güney, Dəclə Universitetinin professoru:

-Azərbaycanla Türkiyə arasında mövcud olan qardaş əlaqələri bu qərardan sonra daha da güclənəcək. Çünki viza rejimi elə məsələdir ki, hər zaman insanların fikrini çaşdırır. Psixoloji olaraq da adamlara mənfi təsir göstərir. Şəxsən mən hələ də Azərbaycanı ziyarət etmə fürsəti tapmamışam. Bu qərardan sonra artıq düşünməyə başladım. Demək ki, sentyabrın 1-dən sonra mütləq Azərbaycana səfər edəcəyəm.

Yüksel Dəğərcan, Türk Dünyası Parlamentlər Birlyinin media və layihələlər üzrə koordinatoru, Avropa Jurnalistlər Dərnəyinin layihələr üzrə koordinatoru:

- Azərbaycanın Türkiyə vətəndaşlarına vizasız səyahət haqqını tanıması bir az gecikmiş olsa da, həm Türkiyə, həm də Azərbaycan vətəndaşlarını sevindirdi. Əslində hər iki ölkə vətəndaşları arasında əlaqələr qardaşlıqdan da üstündür. Hər iki ölkənin vətəndaşları Türkiyə və Azərbaycanı iki vətəndən biri olaraq görürdü. Mən bu baxımdan deyirəm ki, qərar gec verilib. Türkiyə çox əvvəllər Azərbaycana qarşı viza tətbiqini aradan qaldırdı və həmin qərardan sonra Türkiyəyə gedən azərbaycanlı turistlərin sayı hədsiz dərəcə artdı. Məncə  Azərbaycanın təbiət və tarixi gözəllikləri yaxşı təbliğ olunduğu təqdirdə Türkiyədən Azərbaycana gedəcək turistlərin  sayı da hiss ediləcək həcmdə çoxalacaq. Bunlar bir yana, ən vacibi odur ki, indiyədək bu iki ölkə vətəndaşları “bir millət, iki dövlət” deyirdi, bax indi əsl bir millət, bir ananın iki oğlu olduğumuz təsdiqləndi. Artıq bir-birimizə  güvənimiz daha da artacaq və hər sahədə iş birliyimiz daha da genişlənəcək. Öz adımdan xeyirli olsun deyirəm.

Varol Esen, Turan Hərəkatı Partiyasının sədri:

-Biz eyni dildə danışan, damarlarında eyni qanı, sinəsində eyni ürəyi daşıyan vahid xalq – bir millət, iki dövlətik – böyük türk millətiyik. İki dövlət arasında viza rejiminin ləğvi bu millətin övladları olaraq hər birimizi necə sevindirir, dillə söylənməz. Azərbaycanla  Türkiyə arasında mövcud olan razılığa əsasən 30 günlük vizasız səyahəti ilk addım olaraq qəbul edirəm və düşünürəm ki, Türkiyə və Azərbaycan xalqları arasında ümumiyyətlə pasporta ehtiyac yoxdur. Azərbaycan və Türkiyə vətəndaşları qarşılıqlı şəkildə sadəcə şəxsiyyət vəsiqəsi ilə səfərlər edə bilməli, iş yerləri aça bilməli və hətta sığortalı - əmək müqaviləsi əsasında işləyə bilməlidir. İnanın ki, türk millətinin və bütün türk dövlətlərinin buna çox böyük ehtiyacı var. Tarix boyunca olduğu kimi bu gün də türk millətinin iqtisadi, hərbi, ağır sənaye, elmi-texnoloji və sair sahələrdə güclənməsi və bu müstəvidə Qərb ölkələrini belə geridə qoymalıdır. Çünki millətimizin buna çox böyük ehtiyacı var. Var olsun can Azərbaycan, var olsun türk milləti...

Şükrü Aydın, Şimali Kipr Türk Cümhuriyyətinin Din İşləri Komitəsinin mətbuat sözçüsü:

- Sentyabrin 1-dən etibarən Türkiyə vətəndaşlarının Azərbaycana vizasız gedə biləcəkləri xəbərini böyük sevinclə qarşıladıq. Gecikmiş də olsa çox doğru qərardır. Sadəcə, Azərbaycanla Türkiyə arasında deyil, bütün qardaş ölkələr arasında viza tətbiqinin qaldırılması lazımdır. Hər bir kəs istədiyi vaxt rahatlıqla öz tarix və mədəniyyətini görüb, soydaşları ilə tam maneəsiz əlaqə saxlaya bilməlidir. Əslində Azərbaycana daxil olarkən Türkiyə vətəndaşları çətinlik çəkmədən, qapıdaca asanliqla viza ala bilirdilər. Amma bu, insana psixoloji təsir edib, sanki qarıya sədd çəkirdi. Bu qərar, səddi qaldırmış oldu. Azərbaycan üçün turizmin inkişafı baxımından böyük fürsət də yaranacaq. Doğru bir şəkildə planlanmış turlar sayəsində Azərbaycanın turist axınına məruz qalacağını təxmin edirəm. Hökümətinizin aldığı bu qərar indidən xeyirli olsun. Bunu da qeyd etmək istəyirəm ki, həm Türkiyədə, həm də Azərbaycanda qalma müddəti, məhdudiyyətlər yenidən gözdən keçirilməli, insanlara əziyyət edən bürokratik əngəllər aradan qaldırılmalı, şərtlər daha da asanlaşdırılmalıdır. Azərbaycanlı qardaşlarımızın hər birini Şimali Kipr Türk Cümhuriyyətinə, özünüzü evinizdə hiss edəcəyiniz qardaş ölkəyə, bu gözəl türk yurduna dəvət edirəm.

Tuncer Ərtana, pedaqoq:

- “Bir millət, iki dövlət” deyən bu iki ölkənin türk övladlarının, Azərbaycannın müstəqilliyinin bərpa etməsindən illər ötməsinə rəğmən, bu qərara indi gəlməsi bir az təəssüfedici olsa da, alqışlanmalıdır. Çünki qardaşlığı gözü götürməyənlər Türkiyə ilə Azərbaycan arasında belə yaxınlığın olmasından rahatsızdırlar. Görürsünüzmü, türk  millətçilərinin illərdir hayqırdığı “Türkiyə böyüyəcək Turan olacaq” şüarı artıq tədricən həyata keçməkdədir. Allah türk  millətini, türk- İslam  aləminə işıq  olaraq yaradıb. Nə xoşbəxtdir türk deyən, nə xoşbəxtdir qardaşlıq üçün mübarizə aparanlar…

Siyasət rubrikasından digər xəbərlər