Avtobus, yoxsa “ölüm dayanacağı”? - BNA hara baxır?-VİDEO

11:30 16.08.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“20 Yanvar” metro stansiyasının önündəki avtobus dayanacaqları təhlükə mənbəyinə çevrilib. Səhər saatlarından axşama qədər burada avtobuslarla taksi sürücülərinin “sərnişin davası” təhlükə saçmaqdadır.

Hafta.az-ın əməkdaşı bəhs etdiyimiz məkanda olub. Olanları kameranın və fotolentin yaddaşına köçürüb.

Bəhs etdiyimiz ərazi “20 Yanvar" metro stansiyasının önündən üzü 3-cü mikrorayon dairəsinə düşən istiqamətdəki köhnə “Respublika velotreki”, indiki “Ticarət Mərkəzi”nin qarşısındakı dayanacaq olan yerdir. “92”, “67”, “165” və bu kimi üzü Biləcəri, “Memar Əcəmi” stansiyalarına doğru hərəkət edən avtobusların sərnişinləri adıçəkilən dayanacaqda düşərkən sözün əsl mənasında ölümlə çarpışırlar. Bu hal daha çox səhər saat 8:00-9:00 və 18:00-19:00  radələrində yaşanır. Belə ki, həm səhər, həm də axşam saatlarında evdən işə, işdən evə tələsən insanlar “ölüm dayanacağında” əsl qorxu yaşayırlar.

Bir çox hallarda taksilər, bəzi hallarda heç taksi kimi xidmət göstərməyən avtomobillər – yolüstü adam götürmək üçün avtobus dayanacaqlarında “lövbər” salırlar. Bundan sonra isə əsl xaos başlayır. Müştəri ovuna çıxan həmin avtomobil sahibləri maşınlarını avtobusun giriş və orta qapısının önündə saxlayır. Nə sərnişin düşə bilir, nə də minmək imkanı olur. Belə olan hallarda çox vaxt avtobus və taksi sürücüləri arasında söz savaşı başlayır. Mütəmadi olaraq həmin marşrutların göstərdiyi xidmətlərdən istifadə edən  sərnişinlərin sözlərinə görə, çox vaxt tərəflər arasında dava da düşür.

Müşahidə aparan vaxt 12-13 yaşlı bir uşağın avtobusla taksi arasında sıxışaraq təhlükəli anlar şayadığının da şahidi olduq. Deməli “67” və “92” nömrəli marşrutlar yöndəmsiz və nizamsız dayanmış və hərəkətdə olan taksilərdən yayınıb sərnişinləri düşürmək istəyərkən avtobusa minmək istəyən oğlan iki nəqliyyat vasitəsinin arasında təhlükəli anlar yaşadı. Axırda avtobus sürücüsü sərnişinləri düşürmədən idarə etdiyi nəqliyyat vasitəsinin orta qapısını açdı ki, azyaşlı marşruta minərək təhlükədən xilas olsun.

Sərnişinlərin dediklərinə görə, bəzi hallarda istifadə etdikləri marşrutlara təhlükəsiz yerdə minmək üçün metrodan istifadə edərək “Memar Əcəmi” stansiyasına gedirlər. Həm yollarını uzadırlar, həm də əlavə olaraq 30 qəpik ziyana düşürlər.

Təhlükə bununla da bitmir. “Ticarət Mərkəzi”nin yaxınlığından Saatlı, Sabirabad, Beyləqan, İmişli bölgələrinə kiçiktutumlu nəqliyyat vasitələri də giriş-çıxış zamanı adıçəkilən marşrut xəttlərinə maneə yaradır. Marşrut xəttlərinin dayanacaqdakı   normal hərəkətini, mövcud prosesini iflic vəziyyətə salır.

Özü də bu kimi hallar çox vaxt aidiyyatı qurumların xidməti reyd maşınlarının gözü qarşısında baş verir. Di gəl ki, ölçü götürülmür. Ümid edirik ki, Bakı Nəqliyyat Agentliyi mövzu ilə tanış olandan sonra məsələni nəzarətə götürəcək və qeydiyyatda olan, olmayan taksi sürücülərinin özbaşınalığına son qoyulacaq. Avtobusların hərəkəti, dayanacağa giriş və çıxışı normal hala salınacaq. Adıçəkilən dayanacaqdakı intizam bərpa olunacaq.