Pilot Rəşad Atakişiyev dəfn edildi - FOTO-YENİLƏNİB

11:56 21.08.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev dəfn edilib.

Hafta.az bildirir ki, R.Atakişiyev II Fəxri xiyabanda torpağa tapşırılıb.

***

Təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilən vida mərasimi başa çatıb.

Hafta.az xəbər verir ki, R.Atakişiyevin nəşi II Fəxri xiyabanda torpağa tapşırılacaq.

Məlumat üçün bildirək ki, iyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları uzun sürən axtarışlardan sonra avqustun 20-də tapılaraq dənizdən çıxarılıb.

“Rəşadın iki gül balası qaldı. Onlar onun yolunu davam etdirəcəklər”.

Hafta.az-ın xəbərinə görə, bunu bu gün dəfn olunan MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynova bildirib.

Onun sözlərinə görə, Rəşadın məğrurluğu, şücaəti güvən verirdi ki, o, sağ-salamat evə, övladlarının yanına qayıdacaq: “Təəssüf ki, xəyallarımız baş tutmadı".

O bildirib ki, Rəşad mərd, vətənpərvər, gözəl insan idi. "Həyat yoldaşım pak hislərlə yaşayırdı. Balalarım onun adını layiqincə davam etdirəcək və ölkəmizə layiqli, vətənpərvər şəxs kimi yetişəcəklər".

Pilotun həyat yoldaşı axtarış-xilasetmə qruplarının gərgin əməyinin şahidi olduqlarını qeyd edib: "Hava şəraiti onun bu günlərdə tapılmasına imkan verdi. Onlara da təşəkkür edirik".