“Xaricdən maliyyələşən internet resursları vasitəsi ilə ölkəmizə təzyiqlər göstərməyə çalışırlar” – Nəsib Məhəməliyev

16:18 21.08.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Cənab Əli Əhmədovun bəyanatı ilə tanışam. Hesab edirəm ki, yerində verilmiş bir bəyanatdır. Cəmiyyət üçün bir ismarışdır. Nəyə görə? Çünki bu yeni hal deyil. Ümumiyyətlə, demokratiya adı altında, demokratik “şüarlarla” bir çox dövlətlər, ələlxüsus da, super gücə malik olan ölkələr digər ölkələrin daxili işlərinə qarışmaq siyasəti yürüdürlər. Son zamanlar, bu bir növ dəb halını alıb. Seçki proseslərinə, ölkələrin daxilində baş verən digər ictimai-siyasi proseslərə kobudcasına müdaxilələr olur. Bütün beynəlxalq qanunlara, hüquqa zidd olaraq digər ölkələrin daxili işlərinə kobudcasına müdaxilə edirlər. Tarix göstərdi ki, bu da əksər hallarda çox ciddi fəsadlara gətirib çıxardı”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib. Millət vəkili bildirib ki, bir çox hallarda Suriyanın, İraqın, Liviyanın, Misirin, Ukraynanın timsalında götürdükdə milyonlarla insanın şəxsi faciəsinə, ölüm hallarına gətirib çıxarır. Dövlətləri dağılmaq təhlükəsinə gətirib çıxaran hallardır: “Bu artıq sınanmış metoddur. Həmin ölkələrin daxilində müxtəlif vasitələrlə, pulla, digər şirnikləndirici metodlarla ayrı-ayrı siyasi qüvvələri, onların nümayəndələrini ələ alırlar. Vətəndaş cəmiyyətinin ayrı-ayrı nümayəndələrinin əli ilə həmin ölkələrin siyasi rəhbərliklərinə təsir etməyə çalışırlar. Bu o hallarda baş verir ki, dövlət bu və ya digər halda öz stabil yolunu tutursa, ictimai-siyasi sabitliyi bərpa edirsə, öz dövlətçiliyinin möhkəmləndirilməsi yolunda inamla irəliləyirsə, iqtisadi-sosial inkişafı təmin edibsə, bu ölkələrin rəhbərliklərinə, siyasi hakimiyyətlərinə qarşı belə hallar tez-tez baş verir. Çünki dünyada çox gizli şəkildə pərdə arxası, sivilizasiyalar arası, eyni zamanda iqtisadi maraqlar uğrunda geosiyasi maraqlar uğrunda çox ciddi mübarizə gedir. Böyük güclər və onların təsir imkanları üz-üzə gəlir. Bunun da kökündə ilk növbədə iqtisadi maraqlar, silah satışı və bir çox amillər dayanır. Hesab edirəm ki, Azərbaycan ulu öndərimiz Heydər Əliyevin 90-cı illərdə apardığı siyasət nəticəsində güclü dövlətə çevrilib. Hazırda bu siyasəti cənab prezidentimiz İlham əliyev uğurla davam etdirir. Azərbaycan iqtisadi cəhətdən çox maraq kəsb edir. Azərbaycanda bir çox ölkələrin iqtisadi maraqları mövcuddur. Cənab president isə Azərbaycan xalqının mənafelərinə uyğun gəlməyən layihələrdə heç vaxt iştirak etmir. Açıq şəkildə deyir ki, bizim əsas məqsədimiz Azərbaycan xalqının mənafeyini, maraqlarını qorumaqdır. Bu baxımdan bayaq sadaladığım həmin qüvvələr üçüncü, dördüncü yol vasitəsi ilə təzyiq göstərməyə çalışırlar. İnsanlara məlum olan “beşinci kalon” vasitəsi ilə çalışırlar ki, dövlət və konstitusiya quruluşlarını dəyişsinlər. İqtisadi-siyasi sabitliyi pozsunlar və hakimiyyətə gəlsinlər. Təbii ki, bu Azərbaycanda baş tutan məsələ deyil. Azərbaycan dövləti həm siyasi, həm də iqtisadi cəhətdən artıq oturuşub”.

Siyasət rubrikasından digər xəbərlər