“Beşinci kolon”un cəhdləri boşa çıxmaqdadır” – Millət vəkili

18:13 21.08.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Yeni Azərbaycan Partiyasının sədrinin müavini - icra katibi Əli Əhmədovun paylaşdığı status sosial şəbəkələrdə geniş müzakirə olunur. Fəqət, müxalif fəallar məsələnin mahiyyətini təhrif edərək öz maraqlarına uyğun iddialarla çıxış edirlər. Müxalifət partiyalarının təqdimatı əsasında bir sıra Avropa ölkələrində onlarla insana yaşamaq hüququ verilməsi, onlardan təbliğat məqsədilə vətəndaşı olduğu ölkəyə qarşı istifadə edilməsi də heç kimə sirr deyil. İş o yerə çatıb ki, “siyasi mühacir” statusunu almaq üçün sadəcə bəzi müxalifət partiyaların vəsiqəsinə sahib olmaq kifayətdir.

Fəal ictimaiyyət nümayəndələrinin bu polemika üzrə apardıqları müzakirələrdən belə qənaətə gəlmək olur ki, hazırda ölkələrin daxili işlərinə qarışmağın, onlara qarşı təbliğat aparmağın, seçki proseslərinə müdaxilə etməyin yeni forması sınaqdan keçirilir. Bunlardan biri internet televiziyalardır.

Müxalifəti dəstəkləməyin və maliyyələşdirməyin yeni forması kimi internet televiziyalardan və digər texnologiyalardan geniş istifadə edilir. Ən acınacaqlısı da odur ki, ayrı-ayrı yad və təhlükəli maraqlar naminə Azərbaycana qarşı çirkin yalan və böhtan kampaniyası siyasi mühacir kimi sığınacaq verilmiş və təbii ki, satılmış azərbaycanlı müxalifət təmsilçiləri tərəfindən aparılır.

Məsələyə münasibət bildirən millət vəkili Sona Əliyeva hafta.az-a açıqlamasında bildirib ki, bəzi internet televiziyaları Azərbaycanda iqtisadi maraqları olan Avropadakı müəyyən qüvvələrin sifarişini yerinə yetirir: “Bəlkə də həmin internet televiziyadakı adamlar bu cür “təbliğat maşınlarının” Vətənə xəyanət olduğunu tam olaraq dərk etmirlər. Amma bu belədir. Onlar müəyyən kiçik maraqlarına görə Azərbaycana qarşı qarayaxma kampaniyaları aparırlar.

Hesab edirəm ki, həmin bir qrup insan Azərbaycan xalqının deyil, öz maraqlarını düşünənlərdir. Xalq hakimiyyətin yanındadır. Azərbaycanda xalq-iqtidar birliyi var. Ona görə də artıq bir neçə ildir ki, bütün informasiya resurslarından istifadə edən və Avropada “siyasi mühacir” adı ilə Avropada kef çəkən bir qrup şəxs xalq arasında özlərinə dəstək tapa bilmir. Azərbaycanda aparılan islahatlar göstərir ki, dövlət öz Vətəndaşının rifahı üçün hər şey edir.

Ölkə başçımız cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda siyasi sabitlik hökm sürür. İqtisadi inkişaf göz qabağındadır. Əyalətlərimiz, rayonlarımız qeyri-neft sektorunun inkişafında öz töhvələrini verirlər. Ona görə də qədirbilən xalqımız işığın, doğrunun yanındadırlar”.

Millət vəkili bildirib ki, internet televiziyaları ilə Azərbaycana təzyiq göstərməyə çalışanlar gec tez məğlubiyyətə uğradıqlarını anlayacaqlar: “Bu həqiqətdir. Çünki bu cür təzyiqlərlə ölkəmizdə öz maraqlarını təmin etməyə çalışanlar heç nəyə nail ola bilməyəcəklər. Çünki Azərbaycan güclü dövlətdir. İqtisadi və siyasi sabitlik mövcuddur. Sapı özümüzdən olan “beşinci kalon”un yarıtmaz xos cəhdləri boşa çıxmaqdadır”.

Siyasət rubrikasından digər xəbərlər