"Miq-29"-un qəza səbəbi ilə bağlı iddialar dövlətçiliyi hədəf almaq məqsədi daşıyır - Etiraz

11:53 23.08.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

İyulun 24-də qəzaya uğramış Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə bağlı yekun rəylə əlaqədar  bəzi qüvvələr tərəfindən irəli sürülən əsassız fikirlər hələ də səsləndirilməkdə davam edir. Hadisə ilə bağlı Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin yaydığı məlumatda  bildirilirdi:

“Azərbaycanın Hərbi Hava Qüvvələrinin MiQ-29 tipli döyüş təyyarəsi Xəzər dənizinə düşməzdən əvvəl havada yad cisimlə (quş və ya quş dəstəsi) toqquşub və pilot xəsarət alıb. “Qara qutu”dan əldə edilən məlumatlara əsasən pilot qəzanın qarşısını almaq məqsədilə təyyarənin idarəolunmasını bərpa etməyə cəhd göstərib. Lakin pilotun aldığı ağır bədən xəsarəti bunu mümkünsüz edib və nəticədə aviasiya vasitəsinin qəzaya uğramasına gətirib çıxarıb.”

Rusiyanın istehsalı olan və döyüş şəraitinin ekstremal situasiyalarına tab gətirməyə hesablanan MiQ-29 hərbi təyyarəsinin, MN-nin quş və ya quş dəstəsiylə toqquşma ehtimalı müzakirəyə çevrildi. Bəs yeni-yeni iddiaların səsləndirilməsi, mətbuatda siyasi şərhlər nəyə hesablanır, buna siyasi don geyindirməkdə məqsəd nədir?

Hərbi ekspert Ramil Məmmədli hafta.az-açıqlamasında dedi ki, əslində bu açıqlamaları, bu bəyanatları verən şəxslər, Müdafiə Nazirliyini həqiqəti söyləməməkdə ittiham edənlər, yaxşı olardı ki, dünyada baş verən bu kimi qəzalara göz gəzdirərdilər:

“Özləri üçün bir araşdırma edərdilər. Belə hadisələr ola bilərmi? Quş dəstəsinin, yad cismin təyyarəyə toxunması nəticəsində o qəzaya uğraya bilərmi? Əlbəttə, iddia etmək asandır. Fikir söyləmək ondan da asandır. Nə qədər insan varsa, o qədər də fikir ayrılığ var. Fakt odur ki, mütəxəssislər “qara qutu” nu araşdırıb, o fikirləri söyləyiblər. Müdafiə Nazirliyi, eləcə də Azərbaycanın digər aidiyyatı qurumları faktı gizlətmək niyyətində deyillər. Belə iddia dolu açıqlamaların səsləndirilməsi, baş verən hadisəyə siyasi don geyindirməkdir. Bu siyasi çalarları öz məqsədləri üçün istifadə etmək istəyirlər. Çox istərdim ki, bizim silahlı qüvvəllərlə bağlı, ordu ilə bağlı belə fikirlər səsləndirən zaman, şərh verən zaman bir qədər ehtiyyatlı oslunlar. Çox uzağa getmək istəmirəm. Təxminən 10-15 il bundan əvvəl Rusiyada hərbi dəniz qüvvələrinə məxsus sualtı gəmi qəzaya uğradı. Onun içərisində olan onlarla dənizçi, zabit, motroslar həlak oldular. Hətta ilkin qəza zamanı içəridə olanlar saatlarla və bir neçə gün sağ qalmışdılar. Lakin onu çıxarmaq mümkün olmadığı halda həlak olmuşdular. Rusiya mətbuatı həmin vaxt, Rusiyanın maraqlarının əlehinə heç bir fikirlər səsləndirmirdi. Əksinə, dövlətin təhlükəsizliyinə yönəlmiş açıqlamaları görürdük. Mən hesab edirəm ki, əgər dövlət lazımı faktları açıqlamırsa belə, o zaman onu şərhçilər, mətbuat ağartmamalıdır”.

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəylinin fikrincə, bu adamların belə cəfəng fikirlər yaymağı ordumuza qarşı yönələn təbliğatdır:

“Nazirliyin açıqladığı rəsmi məlumatın əksini iddia etmək mümkün deyil. Dünya tarixi bu cür hadisələrlə zəngindir. O baxımdan qəza səbəbi barədə açıqlamanı ələ salmaq, lağ-lağı obyektinə çevirmək tək nadanlıq ola bilməz. Burda ordu üzərindən hakimiyyəti, əslində isə dövlətçiliyi hədəf almaq məqsədi dayanır. Heç bir səbəb əsas vermir ki, Azərbaycan səmalarını qoruyarkən, xidməti fəaliyyətini icra edərkən, şəhid olmuş Atakişiyevin başına gələnlərlə bağlı tamaşa quralar. Pilotun ölümünü siyasi dividentə alət etmək siyasi mübarizəyə də sığacaq yanaşma deyil. Ən çox da belə həssas məqamlarda ölkənin siyasi qabiliyyətinin erməni hərbi arsenalı ilə müqayisə edilməsi, dolayısı ilə siyasi leksikonda erməni anlayışının sətiraltı təbliğatının aparılmasının şahidi oluruq. Aviasiya sahəsində və ya fizikadan heç bir anlayışı olmayan, qırıcı təyyarələri yalnız filmlərdə izləmiş bir təfəkkürün bu cür münasibətinin izahını tapmaq olmur. Bu iyrənc təbliğatın arxasında isə təəssüfedici məqam dayanır: Məhz düşmən ölkəyə bağlı sosial media və onlayn media bu adamların Feysbukda yazdığı cəfəng iddiaları manşet xəbərinə çevirir”.

 

Siyasət rubrikasından digər xəbərlər