"Evlilik sözləşməsi"- boşanmaların qarşısını alan vasitə, yoxsa... - ARAŞDIRMA

16:23 23.08.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Bu ilin 6 ayında qeydiyyat şöbələri tərəfindən 29391 nikah və 8257 boşanma halları qeydə alınıb. Dövlət Statsitika Komitəsinin hesabatında bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7-dən 6,0-a, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.

Bu gün Azərbaycanda boşanmaların sayı artır. Bəs bu gün“evlilik sözləşməsi” -  nikah müqaviləsi nə qədər tətbiq olunur?

Hüquqşünas Nicat Gözəlov hafta.az-a açıqlamasında bildirdi ki, nikah müqaviləsindən əvvəl aliment məsələsi də müzakirə olunmalıdır:

“Ölkədə boşanmaların sayının artması heç kimə sirr deyil. Bununla bağlı Dövlət Statistika Komitəsinin verdiyi məlumatlarda da əks olunur. Azərbaycanda evliliklərinin sayı, boşanmaların sayına nisbətdə 2017-ci ildən artıq qırmızı xətti keçmişik. Boşanmaların faizi, nikahların bağlanma faizindən irəli keçib. Burada faktorlar çoxdur. Birinci növbədə deyək ki, ailə hüququ ilə bağlı əhali nə qədər maarifləndirilib? Ailə hüquqi ilə bağlı orta məktəblərdə son siniflərdə dərslər keçilməlidir. İkinci vacib məqam odur ki, ailə qanunvericiliyində nikah müqaviləsinin bağlanmasına meyilliyi artırmaq üçün işlər görülməlidir. Problem ondadır ki, bizim mental dəyərlərimiz tam başqa istiqamətdə yönəlib. Düzdür, Azərbaycanda qabaq kişi sözü deyilən bir anlayış var idi. İnsanların arasında sıx, səmimi münasibət var idi. Kişi evlənəndə bilirdi xanımını hara aparacaq, harada saxlayacaq. Yaxın günlərdə bir ailə yanıma gəlib deyirdi ki, oğlumuzu ailəsindən boşamaq istəyirik. Necə edək ki, qıza heç bir şey qalmasın. Bir qism insanların düşüncəsi də çox iyrənc hala gəlib çatıb. Bu gələcəkdə daha böyük fəsadlara yol açacaq. Digər tərəfdən, nikahın bağlanması zamanı zərurət vardır ki, hüquqşünasların, psixoloqların məsləhətləri alınsın. Yəni, qız tərəf də, oğlan tərəf də öz hüquqlarını bilməlidir. Hələ qeydiyyat şöbələrində bunu izah edən olmalıdır. Psixoloqların dəstəyini almalıdırlar. Ailə nə deməkdir? Bax bunu onlara izah edən olmalıdır. Əgər nikahların bağlanması zamanı psixoloq yazsa ki, bu cütlüyün ailə qurması bugünkü gündə məqsədəuyğun sayılmır, onda gələcəkdə dövlət məsuliyyət daşımayacaq. Xəstəliklərə bağlı uzun müddət danışıqlardan sonra qanun qəbul olundu. Və evlənmədən öncə cütlük gedib müayinədən keçir. Bu müayinələr də dövlət hesabına pulsuz aparılır. Bu gün Azərbaycanın qanunvericiliyində qızların ərə getməsində bir norma müəyyən olunmalıdır, bir həyəcan təbili çalınmalıdır. Yoxsa Azərbaycan üçün çox faciəvi problemlərə gətirib çıxaracaq. Evlilik sözləşməsi dedikdə nikah müqaviləsi nəzərdə tutulur. Nikah müqaviləsi dünya praktikasında çox istifadə olunur. Nikah müqaviləsi Azərbaycanda könüllük prinsipi ilə deyil, bir məcburiyyət şəklində qeydiyyat şöbələrində tətbiq olunsa daha məsləhətlidir. İlk növbədə nikah müqaviləsində uşaqların saxlanması və ərə gedən xanımın təminatı olmalıdır. Bu gün görünən odur ki, qızlarımız ailə həyatı quranda heç yaşayış yerləri haqqında təminatları yoxdur. Nikah pozulan kimi hüquqların itməsi meydana gəlir. Bu il altı ay ərzində 9 min nikah pozulub. Nəzər alsaq ki ilin sonuna qədər bu rəqəm 1,5 dəfə artır. O zaman bu 18 minə gəlib çatacaq. Mən hesab edirəm ki, Azərbaycanda efirə gedən bir sıra verlişlərə də qadağa qoyulsun. Müəyyən adamların aparıcı olduğu verlişlər bağlanmalıdır. Çünki əxlaq sıradan çıxır”.

Psixoloq Fərqanə Mehmanqızı isə hesab edir ki, boşanma zamanı maddiyatın bölünməsi normaldır:

“Ailələr fərqli-fərqli olur. Ona görə də fərqli-fərqli situasiyalar meydana çıxır. Məsələnin qanunla həll edilməsi isə ən normal və ən doğru yoldur. Düzdür, fərdlər evlənəndə boşanacaqlarını düşünmürlər. Bəzən evlilik sözləşməsi olmur. Olmamağı isə gələcəkdə böyük problemlərə yol açır. Düşünmürəm ki, bu gün evlənən cütlük evlilik sözləşməsini də həyata keçirir. Əgər olsaydı hər kəs öz hüququnu bilərdi. Biz şərq ölkəsində isə boşanmalar özünü fərqli yöndə göstərir. Qarşı tərəfə kin, nifrət başlayır. Xaricdə olan sakitlik bizdə yoxdur. Əmlak bölgüsündə də belə problemlər çıxırsa, o zaman bizdə bu hal artıq normaldır. Nikah müqaviləsini bağlamaq bizim insanlar arasında hələ normal qəbul olunmayıb. Bunun yaxşı tərəflərin görmürlər. Amma, təbii ki, bu düzgün deyil. Heç bir evlənən boşanma fikri ilə evlənməsə də, nikah müqaviləsi bağlanma zərurətini özündə hiss etməlidir”.

Sosioloq Əhməd Qəşəmoğlunun fikrincə  insan boşanandan sonra belə sözləşmənin olub-olmaması, və ya nəyin bölünüb-bölünməməsi elə də vacib məsələ sayılmır:

"İnsan əgər boşanmağa qərar veribsə, o sənəd boşanmaya əks çıxırsa o zaman evdə daha böyük mübahisələr, gərginlik baş verə bilər. Bundansa boşanma qat-qat yaxşıdır. Hərə bir tərəfdən fikirlər səsləndirir. Azərbaycan ailəsi ağır vəziyyətədədir. Azərbaycan ailəsi hələ bucür ağıq vəziyyətdə olmayıb. Daha ciddi işlər görülməlidir. Buna dair ailə planlaşdırılması aparılmalıdır. Ailəni xilas üçün həyəcan təbili çalınmalıdır. Mən bu sözləri elə belə demirəm. Təəssüf ki, aidiyyatı qurumlar bununla bağlı lazımı addımlar atmırlar. Azərbaycan ailəsinin gərgin vəziyyətdə olması bütün cəmiyyət üçün qorxuludur. Azərbaycan mədəniyyəti, mənəviyyatı ailə institutu üzərində qurulub. Bu ailə institutunda sürətlə belə gərginlik yaranıbsa bizim yeni nəsil kifayət qədər böyük zərbə alır. Kompleks tədbirlər görülməldir. Nikah müqaviləsi keçmişdə yox idi, ailələr bundan da daha möhkəm idi. Ancaq nikah müqaviləsi ailəni qorumağa kifayət etmir".

Sosioloq Sahib Altay düşünür ki, boşanmadan sonrakı əmlak bölgüsündə dəyişən yeganə bir hal var - övladın mövcudluğu və sayı. Atada, yoxsa anada qalması məsələsi günümüzün problemidir:

"Azərbaycanda demək olar hər boşanmadan sonra böyük bir düşmənçilik ortaya çıxır və xüsusilə də mal-mülk, əmlak bölgüsü məsələsində. Bunun səbəbi nədir? Bizim köhnə ailə modelinin bu günkü iqtisadi quruluşa heç bir uyğunluğu yoxdur. Ailə strukturu köhnə qayda ilə qadının kişidən, övladın valideyndən sosial asılılığıyla müşahidə olunur. Bəs adətlər nə deyir? Bizim toplum olaraq adətlərimizə görə, nikah bağlayan tərəflər xeyli əziyyət çəkməli olurlar. Kişi tərəf nişan xərcləri zinət əşyaları, qadın tərəf müxtəlif cehiz əşyaları almalıdır. Müşahidəçisi olduğumuz əksər toylar isə nikahın mahiyyətindən tamamilə uzaqdır. Belə ki, toy, nikah bağlayan qadınla kişinin yox, onların valideynlərinin "xüsusi uğuru"dur. Çünki bu günkü toylar sırf kişi ilə qadının valideynlərinin maddiyyat yarışına girməsini əks etdirir. Bizlər gənc olaraq o qədər maddi imkana sahib deyilik ki, öz hesabımıza 5 min manatlıq qızıl və ya cehiz alaq. Bu gün bu adətləri ortadan qaldırmaq iqtidarında da deyilik. Valideyndən sosial asılıyıq. Valideynlərimizin bizə xərclədiyi hər bir maddi akt, onların bizim üzərimizdə dominantlıq keyfiyyətini artırır. Belə olan halda da boşanma əsnasında narazılıq yaranır, xüsusilə də kişi tərəfdən. Niyə? Qayıdaq bir az əvvələ, yuxarıda qeyd etmişəm ki, bizim bu günkü hüququmuz, hələ də dinin və adət-ənənənin prinsiplərindən təmizlənməyib. Yəni bizim ailə məcəlləmizin demək olar bütün prinsipləri din və adətlərlə tənzimlənib. İqtisadi quruluşda və ailədə mövcud olan sosial asılılıq bu məsələdə daha çox özünü göstərir. Belə ki, boşanma əsnasında kişi tərəf iddia edir ki, qadın mövcud əmlakın qazanılmasında heç bir rol oynamayıb. Nəzərdən qaçırılan bir məqam var - ailənin mahiyyəti. Qadın evdar olsa, heç yerdə işləməsə belə ev işləri və xüsusilə də övladın üzərindəki analıq vəzifəsi onu əmlak payçısı edir. Bir də görürsən boşanma məhkəməsində qadın zinət əşyalarını tələb edir, kişi deyir, imkan olmayıb, satmışam. Bəzi hallarda bu doğru olur, maddi keçimsizlik ucbatından qadının razılığıyla sayılır. Əksər hallarda isə görürsən ki, tərəflərin arasında boşanmaya gətirəcək anlaşılmazlıq yaranan kimi, məhkəmədən öncə ya satırlar, ya da gizlədib, "satmışıq" adıyla ört-basdır etməyə çalışırlar. Əsas da kişinin valideynləri bu düşüncədə olur: "O qız, gəlib, mənimlə əziyyət çəkib, qır-qızıl alıb? Getsin dədəsi alsın. Mən bunları əziyyət çəkib, öz övladıma görə almışam". Bəs hüquq nə deyir? Hüquq deyir ki, bağlanan nikaha əsasən qurulan ailə ki var, o ailənin adına məxsus olan mal-mülk, əmlak payından qadın da, kişi də məsuldur və onların hər ikisi bərabər səviyyədə pay sahibidir. Nikah bağlanmaq əsnasında bir tərəfin digər tərəfə verdiyi hər hansısa bir zinət əşyası və ya başqa növ əşya hədiyyə verilən adama məxsusdur. Yəni nikah əsnasında kişi qadına 5 min azn-lik qızıl alıbsa, o zinət əşyaları qadının payına düşür".