Apteklərdə qoruyucu maskaların qiyməti qaldırıldı - SƏBƏB

16:03 24.02.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Koronovirusun İranda da yayılması, ölkəmizdə də insanlar arasında narahatlıq yaradıb. Son günlərdə vətəndaşlar apteklərə üz tutub qoruyucu maskalar alırlar. Apteklərdə isə təlabatın yüksək olması ilə əlaqəli suni-qiymət artımı baş verib.

Hafta.az-ın əməkdaşı şəhərdə yerləşən bir neçə aptekə baş çəkib.

"Kəklik" aptekin əczaçısı Günel Musayeva deyir ki, bizdə qiymət 10 qəpik olub:

"Lakin bu gün o qədər böyük təlabat olub ki, artıq tükənib. Bəzi müştərilər isə bizə deyirlər ki, başqa apteklərdə baha satılır. Biz qiymət qaldırmırıq. Sosial şəbəkələrdə əczaçıları söyürlər. Belə sui-istifadə halları ilə biz də bu gündən rastlaşırıq. Bizdə isə elə hal yoxdu. Hazırda maska da qalmayıb".

Metronun İnşaatçılar stansiyası yaxınlığında yerləşən digər aptekdə də isə qiymət 20 qəpik olub, hazırda qoruyucu maska bitib.

Eyni ərazidə yerləşən digər aptekdə isə maskaların 25 qəpik olduğu deyildi. Satıcı bildirdi ki, artıq tükənib. Burada olarkən insan izdihamını görmək mümkün idi. Aptekə daxil olanlar yalnız qoruyucu soruşur. Alanlar isə bir deyil, daha çox alacağını bildirir.

Daha bir aptekdə əczaçı Heyran xanım bildirdi ki, maskalar 40 qəpiyə satılır:"Depodan gəlmir. 50 ədəd gəlmişdi. Bir-bir satırıq".

Xanım əczaçı bir-bir satmalarını belə izah etdi: 

"Əgər bir adam gəlib 50 ədəd alırsa, aparıb birini istifadə edir, digərlərini ehtiyyata saxlayır. Ola bilər, buna daha çox ehtiyacı olanlar var. Ona görə də biz hər müştəriyə bir ədəd satırıq. Əlbəttə, əvvəlki qaydada bizə də qoruyucular çox gələrsə, müştəriyə nə qədər istəyirsə ona uyğun satarıq".

Həmçinin digər apteklərə də baş çəkdik. Onlarda qiymət 25, 40, 48 qəpik civarında dəyişir.

Azadlıq metrosunun yaxınlığındakı apteklərdə isə qoruyucularda 80 qəpik, 1 AZN-ə qədər qiymət artımı baş verib. Hətta şəhərin bir çox apteklərində qoruyucu vasitələr bitib, depolardan isə göndərilmir.