"Evdə qal" kompaniyası bütün xalqın sağlam qalması üçün vacibdir" - Millət vəkili

12:42 31.03.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Dünyada koronavirusla bağlı vəziyyət ən pis ssenari üzrə inkişaf edir. Ayrı-ayrı ölkələrdə yoluxma və ölümlərin sayı artır, bundan sonra da çoxalacağı ehtimal olunur.

Ölkəmizdə də virusa yoluxma saylarının artımı müşahidə olunur. Tək dünən açıqlanan son statistakaya nəzər salmaq təhlükənin səviyyəsini təsəvvür etməyə kifayətdir.

Ölkədə koronavirus təhlükəsinin qarşısını almaq üçün Nazirlər Kabineti yanında yaradılan "Qərərgah" bir sıra qadağalar tətbiq edir. Tövsiyyələrdə bildirilir ki, insanlar evdən çıxmamalı, ünsiyyətlər azaldılmalıdır.

Bu məqsədlə həm sosial şəbəkələrdə, həm polislər tərəfindən "evdə qal" çağrışları edilir. Çünki hər evdən çıxma, hər bir kənar şəxslə təmas infeksiyaya yoluxma və ölüm deməkdir. Hər bir məsuliyyətsiz davranma, hər bir qayda pozuntusu xəstələnmək və öz həyatını, ətrafını risk altına atmaq deməkdir.

Millət vəkili, professor Musa Qasımlı hafta.az- bu barədə danışarkən dedi ki, dünyanı bürüyən koronavirusa qarşı mübarizdə ən səmərəli yollardan biri "Qərərgah" tərəfindən tövsiyyə olunanlara riayət etməkdir:

"Bu baxımdan "evdə qal" kompaniyası tək fərdi deyil, bütün xalqın sağlam qalması üçün vacibdir. Nəzərdən qaçırmaq olmaz ki, bu xəstəliyə düçar olanların sayı, sağalanların sayına nisbətən artır. Ona görə də, insanlarımız qaydalara və təlimatlara çox ciddi şəkildə riayət etməlidirlər".