Sumqayıtın məşhur 14 mərtəbəsi - Tələbələrin "intihar yuvası"ndan REPORTAJ

13:03 03.06.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Ali məktəblərə qəbul imtahanlarının başlamasına çox az bir müddət vaxt qalıb. Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə bir neçə gün öncə canlı videokonfransında imtahanlar barədə məlumat verdi.

Dediyimiz kimi, imtahanların başlamasına az qalıb, valideynlər, eləcə də abituriyentlər isə həyəcan içində... Əvvəlki illərdə bir çox valideynlərin həyəcanı məyusluqla bitmişdi. İmtahan nəticəsi ilə barışmayan abituriyentlərdən intihar edənləri də oldu.

Bu intiharlardan biri Sumqayıt şəhərində yerləşən və məşhur 14 mərtəbəli binadan özünü atan abituriyentin ölüm xəbəri idi. Belə ki, buranı intihar üçün əlverişli hesab edənlər öz arzusuna çata bildiyini desək, yerinə düşmüş olar. Bu intihardan sonra Sumqayıt İcra Hakimiyyətindən mətbuata bildirdilər ki, həmin binanın açıq qalmış pəncərələrinə dəmir barmaqlıqlar vurulacaq.

İmtahanların yaxınlaşması mövzunu yenidən gündəmə gətirir. Bəs bu il o pəncərələr ölüm yuvası olacaqmı, yoxsa verilən vəd öz həllini tapıb?

Bu məqsədlə yolumuzu Sumqayıt şəhərinə saldıq. Sözügedən məşhur binanın yerləşdiyi əraziyə getdik. Binanın həyətində dincələn sakinlər jurnalist olduğumuzu görüb nə məqsədlə gəldiyimizi soruşdular. Sakinlər bildirdilər ki, baş verən məlum intihar hadisələrindən sonra dəmirbarmaqlıqlar vurulub. Biz də tam aydın olsun deyə 14-cü mərtəbəyə qədər çıxdıq. Həqiqətən də binanın bir blokunun açıq qalmış pəncərələrinə həmin dəmirbarmaqlıqlar vurulub. Daha intihara cəhd etmək istəyənlər üçün bura əlverişsiz şərait olduğunu deyə bilərik.

Lakin digər bloklarda bu işin yerinə yetirildiyini görmədik. Ərazidə olan sakinlərdən vəziyyəti soruşduq. Onlar bildirdilər ki, birinci blok üçün pul yığılıb və şəhər rəhbərliyinin göstərişi və köməkliyi ilə həll olunub. Digər bloklar üçün də ediləcəyi haqqında göstəriş verilib.

Həmin ərazidə yerləşən 7 saylı MKS-nin rəisi Cəlal Məmmədovun yanına getdik. O bildirir ki, həmin işləri görmə üçün lazımı vəsaitləri yoxdur. Baş idarə onlara yardım etməlidir:

“Bizim də ondan xəbərimiz var. Sakinlərin də narahatçılığını bilirik. Amma bizim maliyyə gücümüz o qədər deyil ki, biz işi görək. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısına müraciət olunub. Çox güman ki, yaxın zamanlarda öz həllini tapacaq”.

14 mərtəbəli binanın digər bloklarının açıq qalmış pəncərələrinə imtahan öncəsi dəmirbarmaqlıqların quraşdırılıb-quraşdırılmaması barədə Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyətinin mətbuat xidmətindən hafta.az-a bildirdilər ki, məsələdən xəbərləri var, yaxın zamanlarda həll olunacaq:

“Bu kimi işlər barədə şəhər rəhbərliyinə məlumat verilib. O da lazımı göstərişləri verib. Biz özümüzdə narahatıq ki, elə xoşagəlməz hadisələr baş verə bilər. Ona görə də sakinlərin də narahatlığını bilirik, nümayəndələrimiz də ərazidə olublar”.

... və öncəki ildə intihar edən bir abituriyentin isə divara yazdığı yazı da hələ qalıb. Ümid edirik ki, bu il belə hallar baş verməyəcək. 

Oxunma sayı 2251