"Qaçqınkom"un qarşısında mənzil davası - REPORTAJ

13:11 03.06.2020 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Son günlər Dövlət Qaçqınkom-un qarşısında çoxsaylı insanların toplaşması ilə bağlı məlumatlar yayılıb. Bu gün orada olduq və 30-dan artıq məcburi köçkünlə danışdıq. Bildirdilər ki, karantin dövründə onlayn qaydada çoxsaylı müraciətlər etsələr də, onların müraciətləri baxılmamış qalıb. Ona görə də, birbaşa komitəyə gəliblər. İndi isə onları qəbul edən məsul şəxslər yoxdur.

Məcburi köçkünlərin sözlərinə görə, əksəriyyəti mənzillə bağlı gəliblər. Müraciətlərinə cavab verən yoxdur. Koronavirusla bağlı komitədə qəbul edən də yoxdur.

 Sərvər İlyas oğlu İsmayılov bildirdi ki, Zəngilan rayon köçkünüdür. Qarabağ Müharibəsi veteranıdır, 1997-ci ildən Səbail rayonu, Bayıl qəsəbəsi,Fərman Qurbanov küçəsində yerləşən Həmkarlar İttifaqının balansında olan 18a saylı binanın zirzəmisində 4 nəfər ailə üzvü ilə birlikdə şəraiti olmayan kiçik bir otaqda yaşayır:

”İki oğlum, bir qızım var. Hamısı da böyüyüb. Səhər saat 8:00-dən “Dövətqaçqınkom”un binasının qabağında 8 saatdır ayaqüstə dayanmışıq. Bizi qəbul edən yoxdur. Qobu qəsəbəsindən ev verildi, amma biz yenə də evsiz qalmışıq”.

 Səfər Tumaz oğlu Cəfərov Laçın rayon köçkünüdür. Ailə üzvü 6 nəfərdən ibarətdir. Onun sözlərinə görə, 1992-ci ildən Bakı şəhər, Yasamal rayonunda yerləşən Bakı Dövlət Unverstitetinin müəllimlər yaşayan yataqxanasında məskunlaşıblar: ” Yataqxana binasında təxminən 10 köçkün ailəsi məskunlaşmışdı. İki ildir bina sökülüb. Müəllimlərə kompesasiya verildi. Bizi də yataqxanadan çıxarıb dedilər ki, Qaçqınlar Komitəsi sizi evlə təmin edəcək. iki ildir evsiz-eşiksiz qalmışıq. Bu iki il ərzində paytaxda köçkünlər üçün nə qədər şəhərcik salınıb. Söz verdilər, amma bizə mənzil vermədilər. “Qaçkınkom”dan dedilər ki, Qobuda tikilən binadan sizə ev veriləcək. Hətta siyahıya da saldılar. Evlər paylanıldı. Yenə də bizə mənzil verilmədi. İndi Komitəyə gəlmişik ki, dərdimizi deyək, görək bizə mənzil veriləcək ya yox. Burada da bizi qəbul etmirlər. Komitənin Qəbul otağının qapısına yazıb vurublar ki, şikayət və ərizələrə onlayın yolu ilə baxılır. Yazırıq, amma cavab gəlmir”.

Cəbrayıl rayon köçkünü Füruzə Çayoğlan qızı Mustafayeva 1993-cü ildən Yasamalda yerləşən Azərbaycan Dövlət Texniki Unverstitetinin 1 saylı yaqaxanasında  məskunlaşıb: ”Bizə dedilər ki, Qobu qəsəbəsində təzə salınmış binadan sizə mənzil veriləcək. Sözügedən qəsəbədə püşk atıldı, mənzillər paylanıldı, amma siyahıda mənim adım çıxmadı.  Mənzilləri paylayan nümayəndəlik dedi ki, “Dövlətqaçqınkom” a get, müraciət elə. Sizin adınızı siyahıya salsınlar, biz də sizi mənzillə təmin edək. 6 saatdan çoxdur burdayam, bizi qəbul etmirlər”.

Digər köçkünlər də eyni problemlə buraya üz tutublar.

Köçkünlərin  şikayətlərinin nə dərəcədə haqlı olub-olmamasını araşdırmaq üçün “Dövlətqaçqınkom”la əlaqə saxladıq. Qurumun Mətbuat Xidmətindən bildirildi ki,  karantin rejimi ilə əlaqədar olaraq iyun ayının 15-nə kimi vətəndaşlar fiziki qaydada qəbul olunmur:

”Lakin buna baxmayaraq hələ də məcburi köçkünlər gəlib komitənin qarşısına yığışırlar. İyun ayının 1-də Komitənin sədri Rövşən Rzayev gələn köçkünləri qəbul etdi və adamlara da tapşırıldı ki, fiziki qəbul yoxdur. Amma virtual qəbul var. Bütün gün ərzində virtual qəbulda olan adamlar görüntülü şəkildə cavablandırılır. Hətta komitə sədri vurtual qəbulda olanlara şəxsən özü cavab verir.

Mətbuat Xidmətindən bildirdilər ki, məcburi köçkünlərə evlərin verilməsi prosesi davam edir: ”İlk püşkatma keçirilib.”Qobu Park-3”-də dövlət rəhbərinin göstərişi ilə  Azərbaycan Dövlət Texniki Universitetinin və Memarlıq Universtitetinin  yataqxanasında məskunlaşmış 1300-ə yaxın ailə köçürüləcək. Lakin elələri də var ki, mövcud qaydada onları köçürmək olmur. Ona görə ki, mülkiyyətində ev var və yaxud da evi alıb satıblar. Bir sözlə adlarında ev var. Bu gün də  o cür adamlar gəlib Komitənin qarşısına  toplaşırlar”.

 

Oxunma sayı 6028