Pandemiya işsizlər kütləsinə necə təsir etdi?

11:18 07.07.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Koronavirus pandemiyası bütün dünyada iqtisadı göstəricilərin zəifləməsinə səbəb olub. Ayrı-ayrı ölkələrin bu barədə statistikaları göstərir ki, həmçinin vətəndaşlar arasında işsizlik də artır. İşsiz kütlənin artması əvvəlki illərlə müqayisədə son bir neçə ayda daha da artıb. Qonşu Gürcüstan və Rusiyada vəziyyətin yaxşı olması barədə mətbuat yazır. Belə ki, "Novosti" agentliyinin apardığı araşdırmada göstərir ki, Rusiyada yoxsulluq səviyyəsi 2018-ci illə müqayisədə 0,6 faiz bəndi azalaraq 12,3% təşkil edib. Qeyd olunur ki, Rusiyada sakinlərin 1,9%-nin gəlirləri yaşayış minimumunun yarısından az hissəsini təşkil edir. Bu göstərici də 2018-ci ilə nisbətən azalıb. Belə ki, 2018-ci ildə bu 2,1% səviyyəsində olub.

Koronavirus pandemiyası Azərbaycan iqtisadiyyatına da zərbə endirə bilib. Rəsmi hesablamalar olmasa da, bağlanan iş yerləri deməyə əsas verir ki, işsiz kütləsi artıb və artacaq. İşsiz kütlənin içində günəmuzd işləyənlər çoxdur. Azərbaycanda günəmuzd işləyənlər əmək müqaviləsi ilə işləyənlərdən daha çoxdur. Bəs postpandemiya dövründə işsizlik faizi yenidən hesablanmalıdırmı?

Bu barədə hafta.az-a danışan ekspertlər deyir ki, xarici ölkələrdə də də yoxsulluq faizi artıb. Elə MDB ölkələrdə də vəziyyət eynidir. Yoxsulluğun real göstəricisini müəyyənləşdirmək olmaz. Çünki kölgə iqtisadiyyatı var.

İqtisadçı Natiq Cəfərli isə hesab edir ki, ölkədə işsizliyin dəqiq statistikasını aparmaq çox çətindir: “Rəsmi rəqəmlərə görə, işsizlik faizi çox aşağıdır. Başqa ölkələrdən fərqli olaraq, Azərbaycanda işsizliyin hesablanma indikatorları fərqlidir. Bizdə çox vaxt Sovetdən qalmış indikatorlardan istifadə olunur. Əgər işsiz insan özü sosial müdafiə təşkilatlarına müraciət edirsə, onda işsiz sayılır. Bu, düzgün yanaşma deyil. Bir çox ölkələrdə bunu fərqli üsullarla edirlər. Dünya praktikasında əsasən sorğular vasitəsilə işsizliyin ümumi sayı müəyyən olunur. Azərbaycanda demək olar ki, bu praktika tətbiq olunmayıb. Statistika idarəsinin də verdiyi məlumatları heç cür yoxlamaq da mümkün deyil. Başqa hesablama indikatorlarından istifadə edərək, işsizliyi hesablamaq olar. Bunun da ən birincisi sosial müdafiə fondunda sosial sığorta kartlarının olmasıdır. Çünki bilirsiniz ki, Azərbaycanda qanunvericiliyə görə, bir insan hər hansı bir yerdə 3 gündən artıq çalışırsa, sosial sığorta kartı açılmalıdır. Bu sığorta kartlarının sayına görə, ölkədə işsizliyin sayını təxmini müəyyən etmək olar. Amma bir məsələ də var ki, bir çox insanlar ölkədə qeydiyyatsız işlə məşğul olurlar. Hətta dövlət səviyyəsində təmir-tikinti aparılan yerdə işləyən işçilərin bir çoxunun sosial sığorta kartı yoxdur. Çünki müqaviləsiz çalışdırılan işçilər üçün onlar Sosial Müdafiə Fonduna vergi ödəmirlər. Bu kimi səbəblərdən ölkədə işsizliyin dəqiq statistikasını aparmaq çox çətindir”.

Qeyd edək ki, Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində -190 manat birdəfəlik ödəmə verilməsinə başlanılıb. 

Nazirlər Kabinetinin təsdiqlədiyi “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb. 

 

Oxunma sayı 2607