“Hindistanda koronavirusa qarşı iki yerli peyvənd bu ay sınaqdan keçiriləcək” – Hindistan səfiri

18:15 07.07.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Koronavirus pandemiyası dünyanı əsirə çevirdiyi bu günlərdə yoluxma hallarının ən çox qeydə alındığı ölkələrdən biri də Hindistandır. Son məlumata nəzər salsaq, Hindistanda ümumi yoluxanların sayı 740 mini ötüb, 20 mindən artıq insan həlak olub. Hər gün ortalama 20 min yeni yoluxma faktı qeydə alınan bu ölkədə vəziyyət doğrudanmı nəzarətdən çıxıb? Amma yox, nəzərə alanda ki, Hindistan əhalisinin sayı 1,4 milyard civarındadır, o zaman indiki yüksək gördüyümüz yoluxma sayı o qədər də təşvişyaradıcı görünmür. Bunu Hindistanın ölkəmizdəki səfiri Bavitlunq Vanlalvavna da Hafta.az-a müsahibəsində təsdiqləyir. Hindistanlı diplomat ölkəsinin hər mənada nəhəng olduğunu və kornavirus təhlükəsini öz güclərinə dəf edəcəklərini diqqətə çatdırıb.

- Koronavirus pandemiyası qlobal ictimaiyyət üçün böyük problemlər yaradıb ki, Hindistan da bu baxımdan istisna deyil. Hindistan hökuməti və xalqı bu xəstəliklə mübarizə aparılması, onun aradan qaldırması istiqamətində bütün səyləri göstərir. Baş nazirimiz Narendra Modinin rəhbərliyi ilə Hindistan bu böhranın idarə olunmasını sürətlə və miqyaslı şəkildə, qətiyyətlə təmin edib. Hindistan, virusun yayılmasının qarşısının alınması üçün üçün mümkün hər addımı atıb. Bu gün Hindistanda, çox ağır və yüngül simptomları olan Covid-19 xəstələrinin müalicə edilməsi üçün 1201 xüsusi xəstəxana, 2611 tibb mərkəzi və bu xəstələr üçün 9909 baxım mərkəzi var. Ölkəmizdə bu günədək 10 milyondan çox Covid-19 testi aparılıb.

- Çindən sonra İran, daha sonra Avropa və ardıyla da uzaq Amerikada virus sürətlə yayılanda, Hindistan dünyaya şok yaşadırdı. Çünki 1,4 milyard nəfərə yaxın əhalisi olan ölkədə yoluxma sayı cüzi idi. Amma birdən-birə yoluxma həndəsi sürətlə artdı. Bunun səbəbi nədir?

- Elmi sübutlar COVID-19 pandemiyasının yüksək yoluxucu xəstəlik olduğunu göstərib və bu, pandemiyanının Hindistanda da daxil olmaqla bütün dünyada yayılmasının əsas səbəbidir. Lakin, əhalinin ümumi sayını və şəhər yerlərində əhalinin sıxlığını nəzərə alsaq statistika Hindistanda bir milyon nəfərə düşən COVID-19 pandemiyasına yoluxma nisbətinin ən aşağı olduğunu göstərir. Bir milyon nəfərə düşən 1453 qlobal yoluxma faktı ilə müqayisədə Hindistanda bu rəqəm 505-dir. Bu gün virusa yoluxan 455191 nəfərdən çox insan sağalıb və COVID-19 xəstələri arasında sağalma nisbəti 61,13 faizə yüksəlib.

- Hindistan əhalisinin sayı çox olduğu kimi, ərazisi də böyükdür. Hindistanın xəritəsinə nəzər salsaq, hazırda ən çox yoluxma və ya ən az yoluxma halları hansı bölgələrdə qeydə alınır?

- Hindistanın Səhiyyə və Ailə Rifahı Nazirliyinin verdiyi məlumatlara görə, ən yüksək yoluxma halları Maharaştra, Tamil Nadu, Delhi və Karnataka kimi ştatlarda yaşanır. Meqalaya, Mizoram və Sikkim kimi şimal-şərqi ştatlarda isə əksinə, daha az yoluxma faktı qeydə alınır.

- Hindistanın dünyanın ən böyük və inkişaf etmiş dərman istehsalçılarından olduğunu nəzərə alsaq, vaksinin tapılması istiqamətində hər hansı addım atılırmı?

- Sözsüz ki, hindli alimlər bu istiqamətdə səy göstərirlər. Bharat Biotech və Zydus Cadila adlı Hindistan şirkətləri tərəfindən hazırlanan COVID-19 pandemiyasına qarşı COVAXIN və ZyCov-D adlanan iki yerli peyvəndin bu ay 1-ci və 2-ci mərhələ sınaqlarından keçməsi təsdiqlənib. Bundan əlavə, Hindistan sənayesi ən azı 6 digər namizəd peyvənd üzərində işləyir ki, bunlardan 2-i nisbətən tamamlanmaqdadır.

- Bilmək istərdim: indi pandemiyanın daha çox yayıldığı ölkələrə digər imkanlı dövlətlər tibbi və sair formada yardım göndərirlər. Bu müstəvidə, Hindistan indiki şəraitdə hansısa ölkələrdən dəstək alırmı? Ümumiyyətlə, yoluxma sayının sürətlə artdığı indiki vaxtda xəstəxana və tibbi təchizat baxımından Hindistanın hər hansı sıxıntısı varmı?

- Mayın 20-də keçirilən Qoşulmama Hərəkatı Səhiyyə Nazirlənin iclasında Hindistanın Səhiyyə naziri Dr. Harş Vardanın qeyd edib ki, Hindistan, öz vətəndaşlarının qayğısına qaldığı kimi digər ölkələrə də köməklik göstərib. Hindistanın tibbi təcrübəsini bölüşərək COVID-19-la mübarizə və mütəşəkkil potensialın artırılması istiqamətində yaxın qonşuluğumuzda koordinasiyanın qurulmasını təbliğ etmişik. Hindistan, xüsusən də əlverişli dərmanlar üzrə dünyanın əczaçılıq mərkəzi kimi ümidləri doğruldur. Daxili ehtiyaclarımızı ödəməklə yanaşı, 123-dən çox tərəfdaş ölkəyə, o cümlədən Qoşulmama Hərəkatlna üzv 59 ölkəyə tibbi yardım göstərmişik. Müalicə vasitələri və peyvəndlərin hazırlanması üzrə qlobal səylərdədə fəal iştirak edirik. Hindistan, COVID-19 böhranı ilə mübarizədə Qoşulmama Hərəkatına üzv ölkələr arasındakı həmrəyliyə sadiqdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 4 mayda keçirilən Qoşulmama Hərəkatı Təmas Qrupunun video konfransında Baş nazir cənab Narendra Modi, “Vasudhaiv Kutumbakam” – “Dünya bizim ailəmizdir” ideyasına inanaraq ölkəmizin, təkcə Qoşulmama Hərəlatı ölkələri ilə deyil, bütün dünya ilə həmrəy olduğunu bildirdi.

- Güman ki, pandemiya başlayandan sonra və dünyanın çox sayda ölkəsində karantin elan ediləndə Hindistan ərazisində turist, iş adamı, tələbə və sair süfətilə əcnəbi vətəndaşlar olub. Karantin şəraitində həmin əcnəbilərin aqibəti necə oldu, Hindistanqa qalanlar varsa və aralarında yoluxanlar olursa, dövlət olaraq onları da müalicə edirsinizmi?

- Keçən bir neçə ay ərzində Hindistan hökuməti müxtəlif ölkələrə və millətlərə, o cümlədən Azərbaycandan olan vətəndaşların Hindistandan təxliyyə edilməsinə kömək göstərib. Hökumətimiz millətindən asılı olmayaraq Hindistanda müalicəyə ehtiyacı olan  hər kəsə bütün mümkün köməkliyi göstərir.

Oxunma sayı 9798